28 oktyabr 2020 19:39
1356

Türkiyə-Azərbaycan qardaşlığı regiona sülh, sabitlik gətirir

Türkiyə Cümhuriyyəti -97

Prezident İlham Əliyevin vurğuladağı kimi, bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli, sabitləşdirici rol oynayır

Birinci Dünya müharibəsində məğlub olan Osmanlı İmperatorluğunun və torpaqların yadelli işğalçılar arasında bölünməsi təhlükəsi türkləri çox böyük ümidsizliyə uğratmışdı. Belə ağır, taleyüklü problemin həllini gözlədiyi bir zamanda «Əhalisi əsasən türklərdən ibarət bölgələr türk sərhədi olaraq da qalmalıdır» çağırışı ilə insanları ətrafına toplayan və azadlıq mücadiləsinə, Qurtuluş Savaşına başlayan Baş Komandan Qazi Müstafa Kamal Atatürk qəhrəman sərkərdə kimi Vətəninin bütövlüyünü qorudu. 30 avqust 1922-ci ildə Meydan Savaşını zəfərlə qazanan Mustafa Kamal Atatürkün qətiyyəti nəticəsində işğalçılar Türkiyə torpaqlarından qovuldular. İstanbulun azad olunmasından sonra imzalanan Lozanna sülh müqaviləsi ilə Osmanlı İmperatorluğuna son qoyuldu. Bununla da bu gün dünyada böyük güclərdən sayılan qüdrətli Türkiyə Cümhuriyyəti quruldu. 29 oktyabr 1923-cü ilədək sürən danışıqlardan sonra Gümhuriyyətin yaranması və Ankaranın paytaxt elan olunması bütün dünyaya bəyan edildi.

Yarandığı gündən milli istiqlalın möhkəmləndirilməsi uğrunda mübarizə salnaməsi olan Türkiyə Respublikasının dövlətçilik tarixi bütünlükdə türk dünyası dövlətləri üçün örnək oldu. Tarixi, milli –mənəvi dəyərləri oxşar, eyni kökdən qaynaqlanan Türkiyə-Azərbaycan qardaşlığı bu birlikdə xüsusilə fərqlənir. Azərbaycanla münasibətləri qardaşlıq səviyyəsində inkişafını daim diqqətdə saxlayan «Azərbaycan gülərsə biz də gülərik, Azərbaycan kədərlənərsə biz də kədərlənərik» sözləri ilə sevincimizi bölüşən, kədərimizə şərik olan Mustafa Kamal Atatürkün aforizmə çevrilən sözlərini «Biz bir millət, iki dövlətik» ifadəsi ilə daha da möhkəmləndirən ulu öndər Heydər Əliyevin müdrik kəlamı hər iki xalqın milli-mənəvi, tarixi, iqtisadi, siyasi, diplomatik əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı oldu.

Türkdilli dövlətlər arasında əməkdaşlığın ən parlaq nümunəsi olan Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyi hər iki dövlətin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada Türkiyə ilə Azərabycan qədər biri-birinə yaxın dövlətlər yoxdur. BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən hər iki dövlətin birgə səyi ilə yaradılan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət hər iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir, qarşılıqlı olaraq ölkələrin iqtisadiyyatına yatırdıqları sərmayələrin həcmi ildən-ilə artır. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclasının Bakıda keçirilməsi türkdilli ölkələrin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir, Bu kimi təşəbbüslər hər iki dövlət arasındakı münasibətlərin dəyişilməz möhkəmliyini təmin edir.

Tarixən qədim İpək Yolunun üzərində yerləşən hər iki ölkə arasındakı qlobal enerji, nəqliyyat layihələri regionda sabitliyin qorunmasına, iştirakçı tərəflərinin sabitliyə yönələn əməkdaşlığının möhkəmlənməsinə xidmət edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərələrinin davamçıları olan Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu bu iki qardaş dövlətin birgə səyinin təzahürü, dünyaya töhfəsidir. Qardaş Türkiyə ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verən Azərbaycanın təbii ehtiyatları Türkiyə vasitəsilə Avropaya nəql olunur.

Qarşılıqlı münasibətlərdə xüsusilə fərqlənən hərbi sahədəki əməkdaşlıq bütünlükdə bölgədə sabitliyin qorunmasına xidmət edir. Hər ki dövlət arasında bağlanmış müqaviləyə uyğun keçirilən hərbi təlimlər bəzi qüvvələri təşvişə salsa da, bu yaxınlıq Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yenilməzlik mesajıdır.

2016-cı ilin iyul ayında Fetoçuların Türkiyədə törətdikləri dövlət çevrilişlərinə cəhd hadisələrində Prezident İlham Əliyevin, xalqımızın Türkiyə ilə həmrəyliyinə «Azərbaycan ailəmizin üzvüdür» sözləri ilə cavab verən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı strateji əməkdaşlığı qardaşlıq münasibətləri kimi dəyərləndirdi. Dünya siyasətində söz sahibi olan Türkiyə-Azərbaycan qardaşlığı hər iki dövlətin diplomatik səylərini eyni məqsəd naminə birləşdirir, siyasi müstəvidə çəkisini artırır, iqtisadi inkişafına önəmli təsir göstərir. Qarşılıqlı olaraq yatırılan sərmayələrin çoxalması, SOCAR-ın qardaş ölkənin neyt-kimya sənayesinin inkişafında rolunun artması, mədəni-ticarət əlaqələrinin genişlənməsi tarixi münasibətləri yeni keyfiyyət baxımından inkişaf etdirir.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, aparılan danışıqlarda ölkəmizin mövqeyini müdafiə edən Turkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, bu ölkənin dövlət və hökumət rəsmilərinin Azərbaycanla bağlı bəyanatları, xalqımızla həmrəyliyi, milli-mənəvi dəstəyi əvəzolunmaz qardaş yardımıdır.

Bu ilin sentyabrın 27-dən başlayaraq davam edən Ermənistanın ölkəmizə qarşı təxribatlarını, terror hərəkətlərini pisləyən Türkiyə Azərbaycanın haqq-ədalət uğrundakı mübarizəsini özünün daxili problemi kimi daim diqqətdə saxlayır, bütün dünya dövlətlərini Ermənistanın təcavüzkarlığının qarşısının alınmasına səsləyir.

Müharibə başlanan gündən Azərbaycanın yanında olduğunu qəti və kəskin bəyanatları ilə bildirən, dünyanın nüfuzlu dövlət başçısı və siyasətçisi kimi hadisələrin beynəlxalq hüquq normaları əsasında həllini tələb edən Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, biz daim Azərbaycanın yanındayıq, qardaşlarımıza hər cür dəstək və yardım göstərəcəyik. Türkiyənin tanınmış telekanallarına müsahibələrində bu diqqəti yüksək dəyərləndirən Prezident İlham Əliyevin «… Türkiyə hər zaman olduğu kimi, bizi bir daha bu məsələ ilə bağlı açıq və birmənalı dəstəklədi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi» sözləri bu qardaşlığın yenilməzlik rəmzidir. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rolunu «Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz bilirik ki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. Biz o dərinliyə getmək istəmirik. Ona görə mən demişəm ki, de-yure, ya da de- fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var» sözləri ilə bir daha təsdiqləyən Prezident İlham Əliyev bütün danışıqlarda bildirir ki, Türkiyə prosesdə var və əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun: «Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır.»

Dünya ictimaiyyətini saxta informasiyaları ilə aldatmağa çalışan, Türkiyənin prosesdən kənarlaşdırılması üçün yalanları ilə diqqəti törətdiyi terrorlardan yayındırmağa çalışan Ermənistanın təxribatlarının qarşısını qardaşlıq birliyi sayəsində alan cənab İlham Əliyev bildirir ki, Türkiyənin Azərbacana siyasi dəstəyi də qardaşlıq münasibətlərinin ifadəsidir: « Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq sınaqlardan çıxıbdır.»

Azərbaycanın Milli Ordusunun uğurlu əməliyyatlarının da bu qardaşlıq dəstəyindən qaynaqlandığını vurğulayan Ali Baş Komandan İlham Əliyevin açıqladığı kimi, artıq dünya dəyişir, hər kəs bizim gücümüzü görür. Regional məsələlərdə Türkiyə-Azərbaycan birliyinin rolunu bütün dünya gücləri etiraf edir. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu həmrəylik Türkiyə və Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Bu birlik isə bölgəyə sabitlik, sülh gətirir. Hər iki dövlətin maraqları eyni səviyyədə qorunur, mühüm regional məsələlər bu birliyin möhkəmlənən təməli əsasında həllini tapır. «Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli, sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın
bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə də bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq» söyləyən Prezident İlham Əliyev bu sözləri ilə həm çağırılmayan «ovçulara», terrorçu Ermənistanı dəstəkləyənlərə bildirir ki, bu qardaşlıq bölgədə güclər nisbətini dəyişəcək, Türkiyə ilə Azərbaycanın birliyi daha möhkəm olacaq.

Cümhuriyyət bayramın mübarək, Türkiyə! Dünyada bənzəri olmayan Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sonsuz olmaqla xalqlarımıza, regiona sülh, əmin –amanlıq gətirsin!

Xuraman İsmayılqızı, «İki sahil»