27 fevral 2020 11:08
1959

Türkiyə-Azərbaycan dostluğu bu gün ən yüksək zirvədədir - VİDEO

“Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq, eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatlarında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir.”

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı Azər Badamov bildirib.

Azər Badamov qeyd edib ki, bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır. Bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.

A.Badamov vurğulayıb ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli  Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirakı ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Görüşdə Prezident İlham Əliyevin Türkiyə Prezidentinə və digər qonaqlara “Vətəninizə xoş gəlmisiniz” deməsi Azərbaycan və Türkiyənin sözün əsl mənasında “Bir millət, iki dövlət” olduğunun göstəricisidir. Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar. Dünyada  terrorçulara qarşı ikili standartlar nümayiş etdirilsə də, iki qardaş ölkənin iqtisadi-siyasi, hərbi qüdrətini azaltmaq hec cür mümkün deyil. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi,   hər zaman olduğu kimi, bu gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir.

 A.Badamov xüsusi olaraq vurğuladı ki, dünyada Azərbaycanla Türkiyə qədər bir-birilərinə yaxın iki ölkə yoxdur. İclas çərçivəsində imzalanmış 14 sənəd ölkələrarası ticari-iqtisadi, hərbi, mədəni və humanitar sahələr üzrə əməkdaşlıqda yeni üfüqlər açır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 4,5 milyard dollara çatmasına baxmayaraq 2023-cü ildə 15 milyard dollara çatdırılmasının hədəflənməsi imzalanmış sənədlərin icrası və istifadə olunmamış yeni potensialların reallaşdırılacağına maraqlı olduğumuzu göstərir. Azərbaycanda Türkiyənin 4 minə yaxın şirkətinin fəaliyyət göstərməsi və Türkiyə şirkətlərinin ölkəmizdə icra etdiyi 300 layihə üzrə 16 milyard dollarlıq işin icrası Türkiyənin Azərbaycan iqtisadiyyatında önəmli yerdə olduğunun göstəricisidir. Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar investisiya yatırmışdır. Belə böyük həcmdə investisiyaları ancaq qardaş ölkələr yatıra bilərlər.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”