10 sentyabr 2019 16:40
97

Türkiyə XİN: ABŞ Suriyada təhlükəsizlik zonası yaradılması prosesini uzatmaq istəyir

Vaşinqton Suriyanın şimalında təhlükəsizlik zonası yaradılması prosesini uzatmaq istəyir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu fikri Ankarada keçirdiyi mətbuat konfransında səsləndirib.

“Biz görürük ki, Vaşinqton kosmetik addımlar atmaqla təhlükəsizlik zonası yaradılması prosesini uzatmağa cəhd göstərir”, - deyə Çavuşoğlu bildirib. Onun sözlərinə görə, ABŞ, eyni zamanda terror təşkilatlarına dəstək verməkdə davam edir. Bölgənin terror təşkilatından təmizlənməsi Türkiyə üçün milli təhlükəsizlik məsələsidir, əgər ABŞ-la əməkdaşlıq nəticə verməsə, “biz özümüz bölgəyə girəcəyik”.

Nazir, həmçinin qeyd edib ki, hərçənd Suriyanın sərhədyanı şimal rayonlarında Türkiyə və Amerikanın birgə patrul əməliyyatları başlasa da, amerikalılar digər effektiv addımlar atmırlar. Ankara bu məsələdə əsla geri çəkilməyəcək.

Xatırladaq ki, avqustun əvvəllərində Türkiyə və ABŞ hərbçiləri Suriyada birgə əməliyyatlar mərkəzi yaradılması barədə razılığa gəliblər. Bu mərkəz ərəb respublikasının şimalında bufer zonanın yaradılması məqsədilə təşkil edilib ki, Türkiyədəki suriyalı qaçqınlar oraya qayıda bilsinlər və həmin zona ölkə sərhədləri üçün təhlükəsizlik kəməri olsun.