24 iyul 2020 22:14
365

Türkiyəli səfirdən azərbaycanlılara dəstək

Egemen Bağış Praqada keçirilən aksiyaya qoşulub

 

Xəbər verdiyimiz kimi, Çexiyanın paytaxtı Praqada “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının dəstəyi ilə soydaşlarımızın Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyaları başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Türkiyənin Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış da aksiyaya qatılıb.

Bağış həmvətənlərimizə dəstək olmaq üçün Praqada Azərbaycan Səfirliyinin önünə gəlib, Azərbaycanın yanında, ermənilərin isə qarşısında olduğunu göstərib.

Egemen Bağış Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədovla əl-ələ verərək türk və azərbaycanlı aksiyaçılara dəstək olublar. Həmyerlilərimiz “Bir millət iki dövlət”, “Türkiyə-Azərbaycan qardaşdır” şüarları səsləndiriblər.

Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb. Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.