17 iyul 2019 17:57
893

Türkiyənin aldığı S-400-lər Ermənistanı lərzəyə salıb

ABŞ və NATO-nun təhdidlərinə baxmayaraq, Türkiyənin Rusiyadan aldığı S-400-lərin ilk partiyası nəhayət, Ankaraya çatıb. Bu, qardaş ölkənin  öz hava məkanına daha yaxşı nəzarət etməsi və bölgədə Ankaranın güclənməsi deməkdir. Bəzi Qərb dövlətləri S-400-lərin Türkiyəyə gəlişindən narahatdır.  Rusiyanın  NATO daxilinə “Troya atı” yerləşdirməsi  mənasında onların bu narahatlığı başadüşüləndir. Hətta qarşıdakı günlərdə Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyinə dair məlumatlar da yayılmaqdadır. Türkiyənin S-400 sistemləri almasından ən çox qorxu keçirən ölkələrdən biri də Ermənistandır və təbii ki, bu, heç də səbəbsiz deyil.

Burada Türkiyə və Rusiyanın S-400-lərlə bağlı anlaşmasında “məhdudiyyətin olmaması” ifadəsi xüsusi diqqət çəkir. Nəzərə alaq ki, NATO Türkiyənin Avropa İttifaqı ölkələri və ABŞ-dan aldığı silahlarla bağlı bəzi məhdudiyyətlər qoyur. Bu tələblərdən biri də bu silahların “Yunanıstan və Ermənistan sərhədlərinə yerləşdirilməməsidir”. Rusiya isə Türkiyənin qarşısında belə bir məhdudiyyət qoymayıb və bu, Ankaranın S-400 batareyalarından birini Ermənistan sərhədinə yerləşdirməsinə heç bir maneənin olmaması deməkdir.

S-400-lərin bir batareyasının Yunanıstan sərhədinə yerləşdirilməsi Türkiyəyə bu istiqamətdən gələ biləcək  təhdidlərin qarşısını almağa imkan verəcək. Bir batareyanın Ermənistan sərhədinin yaxınlığına yerləşdirilməsi isə həm İran, İraq, həm Suriyadan nə vaxtsa ola  biləcək təhlükələrə qarşı etibarlı müdafiəyə şərait yaradacaq, həm də Şərqi Aralıq dənizinə nəzarəti mümkün edəcək.

Türkiyə Silahlı Qüvvələrinin Baş  Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general İsmayıl Hakkı  mümkün təhlükələri belə xarakterizə edib: “Təhdidlər Ermənistan tərəfdən də ola bilər. Bütün bunlara qarşı Türkiyənin hava müdafiəsi yoxdur. Bizim 7-8 kilometr mənzili stinqerlər və zenit raketlərimiz var, lakin bunlar quru qoşunlarının yaxın müdafiəsini təmin edir”.

Onun açıqlaması S-400 sistemlərindən birinin niyə Ermənistanla sərhədə yerləşdirilməsi ehtiyacını aydınlaşdırır. Bu, Türkiyənin hava müdafiəsini təşkil etməklə yanaşı, bölgədə Azərbaycanın da hava üstünlüyünə əlavə güc qatacaq.

Azərbaycan və Türkiyə arasında mövcud Strateji Əməkdaşlıq Sazişi iki ölkədən birinə qarşı hərbi əməliyyatın başlandığı vaxt digərinin dəstəyini şərtləndirir. Doğrudur, Azərbaycan Ordusunun Ermənistanla baş verə biləcək müharibədə buna ehtiyacı olmayacaq. Hərbi arsenalımızda mövcud olan raket kompleksləri də istənilən təhlükənin qarşısını almaq gücündədir.

Ona görə də S-400-lərin Ermənistan sərhədinin yaxınlığında yerləşdirilməsi ehtimalı  Ermənistanın qorxusunu daha da artırır. Bu, bölgənin hava məkanının Ankara və Bakının nəzarətində olması deməkdir. Hələ bir müddət əvvəl Ermənistanda “S-400 batareyalarından birinin Azərbaycana veriləcəyi” qorxusu da dilə gətirilirdi.

Erməni siyasi şərhçi Akop Badalyan iddia edir ki, Türkiyə Rusiyadan aldığı iki divizion S-400-ün birini Azərbaycana verə bilər: “Türkiyə bu raket kompleksini Azərbaycana məhz “İskəndər”lərdən müdafiə üçün verə bilər. Əslində bu, Moskvanın razılığı ilə baş tutacaq məsələdir. Ermənistana “İskəndər” verən Rusiya Azərbaycana da S-400 verərək, münasibətləri qoruyur və bunu Türkiyə vasitəsilə edir”.

O zaman bu qorxular uzun müddət Ermənistanı təşviş içərisində saxladı. Sonradan, ABŞ və NATO-nun S-400 almaması üçün Türkiyəyə təzyiqlər etməsi İrəvanın ümidlərini dircərtmişdi, lakin son nəticədə Ankara istədiyinə nail oldu və işğalçı ölkə yenidən qorxunun köləsinə çevrildi.

“Armenianreport” hiddətlə yazır ki, ABŞ Türkiyəyə qarşı sanksiyaları təcili tətbiq etməlidir: “Ankaranın İrəvana qarşı siyasəti məlumdur, Türkiyə Azərbaycana Ermənistanı blokadada saxlamaq üçün dəstək verir. Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqı Ermənistanı hədələyir. Bu baxımdan, bizə dostlarımız dəstək verməlidir”.

Erməni mətbuatı Rusiyanı Türkiyə və Azərbaycana hərbi dəstəyi davam etdirməsinə görə ittiham edir. Hakimiyyət isə şokdan aylmadığı üçün hələ heç bir rəsmi münasibət bildirməyib. Ancaq Ermənistan rəhbərliyində təmsil olunan bir neçə yüksək çinli şəxsin son günlər dalbadal ABŞ-a səfər etməsi ermənilərin həqiqətən də depressiyaya düşdüklərini və çabaladıqlarını göstərir.

Ermənistanda yaşanan isterik hallar Türkiyəyə qarşı sanksiyaların tətbiqi üçün ABŞ-dakı erməni lobbisinin hərəkətə keçəcəyi ehtimalını yüksəldir. Hərçənd, nəticəni dəyişmək mümkün olmayacaq, çünki S-400-lər artıq Türkiyədədir və işğalçı ölkənin başı üzərində ölüm kabusu hər an görünə bilər. O ki qaldı ABŞ-dakı erməni lobbisinin hərəkətə keçməyinə, bu lobbi Prezident Donald Trampa xəyanətinə görə hələ də “Ağ ev”ə yaxın buraxılmır. Belə çıxır ki, Ermənistan rəhbərləri xalqı sakitləşdirmək üçün nəticəsi olmayan xarici səfərlərə çıxıblar.

Vəli İlyasov, “İki sahil”