04 noyabr 2019 19:37
101

Türkmənistan Məclisinin sədri “ASAN xidmət” mərkəzi ilə tanış olub

Noyabrın 4-də Bakıda səfərdə olan Türkmənistan Məclisinin sədri Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, agentliyin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək "ASAN xidmət" mərkəzlərinə 33 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Həmçinin qonaqlara “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə də məlumat verilib.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan türkmənistanlı qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.