07 fevral 2019 11:13
154

Uçot dərəcəsi endirilsə də...

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 1-də uçot dərəcəsinin 9,75 faizdən 9,25 faizə endirilməsi barədə qərar qəbul edib. Bununla da son bir il ərzində uçot dərəcəsi 5,75 bənd azalıb. 

Uçot dərəcəsinin iqtisadi nəzəriyyəyə görə pulun dəyəri rolunu oynadığını nəzərə alanda onun enməsi son bir ildə bank kreditlərinin də azalmasına gətirib çıxarmalı idi. Lakin görünən odur ki, bu hələ ki, öz təsdiqini tapmır.  Hazırda banklarda istehlak məqsədli kreditlərinin faiz dərəcələri illik 18-20 faizdən başlayır. 

Ancaq maraqlıdır ki, uçot dərəcəsinin aşağı olması kreditlərin faiz dərəcəsinə təsir etməsə də, əmanət faizləri azalmaqdadır. Aparılan monitorinq onu deməyə imkan verir ki, banklarda əmanətlərin illik faiz dərəcəsi əsasən 6-7 faizdən başlayır və maksimum 11-12 faizdir.

Göründüyü kimi, banklar  illik 6-7 faiz dərəcəsi ilə cəlb etdikləri vəsaitləri bundan azı 3 dəfə yüksək faizlə təklif edirlər. Üstəlik buraya komissiya, sığorta haqları da əlavə olunduqda kredit alanların bank qarşısındakı öhdəlikləri bir az da artmış olur. Bu vəziyyət  bank yığımlarına  marağın azalmasına gətirib çıxaran səbəblərdən olmaqla yanaşı, bankların risklərini də artırır. Söhbət ondan gedir ki,  bir sıra banklar vəsaitlərin yerləşdirilməsində çətinliklərinin olduğunu deyərək böyük həcmdə əmanət cəlb etməkdə maraqlı olmadıqlarını bildirsələr də bu, yüksək kredit faizləri üçün əsas deyil. Məsələ burasındadır ki,  yüksək kredit faizləri bankların risklərini nəinki sığortalamır, əksinə onlar üçün yeni risklər yaradır. Hərçənd ki, bankların problemli kreditlərinin məbləği yanvarın 1-nə olan tarixə 1 milyard 585 milyon manatdır ki, bu da ümumi kredit portfelinin 12,2 faizini təşkil edir.

AMB-nin sədri Elman Rüstəmovun sözlərinə görə,  bunun başlıca səbəbi Azərbaycanda mütəşəkkil banklararası bazarın olmamasıdır: “Banklararası bazarın olmaması qısamüddətli pulların dəyərini müəyyənləşdirməyə imkan vermir ki, biz onun vasitəsilə uzunmüddətli pulların dəyərinə, yəni kredit faizlərinə təsir göstərək. Bu istiqamətdə ciddi islahat proqramı hazırlanır. Biz inflyasiyanın hədəflənməsi rejiminə keçidlə əlaqədar olaraq yol xəritəsinin son variantı üzərində işləyirik. Ümid edirik ki, yol xəritəsi bu rüb ərzində Maliyyə Sabitliyi Şurasında müzakirə ediləcək və biz tətbiqinə başlayacağıq. Bu xəritənin tətbiqi banklararası bazarın aktivləşməsinə və bütövlükdə Mərkəzi Bankın uçot dərəcəsinin təsir gücünün, transmissiya effektinin güclənməsinə gətirib çıxardacaqdır”.

Elman Rüstəmov  qeyd edib ki, Azərbaycanda kredit faizlərinin yüksək olmasının bir neçə səbəbi var: “Mərkəzi Bankın banklara verdiyi kreditlər təxminən 400 milyon manatdır. Bu həcmdə kredit resursu bankların cəmi aktivlərində və kredit portfelində kiçik bir rəqəmdir, təsir imkanları yoxdur. Heç bir Mərkəzi Bank bu resurslar ilə təsir göstərmir. Mərkəzi Bankın əsas təsir gücü müəyyən etdiyi uçot dərəcəsi ilə  bankların bir-birlərinə verdiyi pulun qiymətinə təsir etməsidir. Bunun üçün bir sıra islahatlar aparılmalıdır. Bu mexanizmin işləməsi üçün bir sıra şərtlər lazımdır. Biz yaxın bir neçə il ərzində bu təsir gücünü yarada biləcəyik”.

Belə olan halda uçot dərəcəsinin endirilməsi hazırda ancaq AMB-nin müxtəlif müddətli açıq bazar əməliyyatlarına təsir etməkdədir. Nəticədə son bir ildə keçirilən hərraclarda  depozit və notlar üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə qərarlaşıb.

Ceyhun Piriyev, “İki sahil”