22 sentyabr 2020 18:10
940

Uçot dərəcəsinin endirilməsi nəyi dəyişir?

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,75 faizdən 6,5 faizə endirilməsi haqqında qərar qəbul edib. Həmçinin faiz dəhlizinin aşağı həddi 6 faiz, faiz dəhlizinin yuxarı həddi isə 7 faiz səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, AMB manatın məzənnəsinin sabitliyini təmin etmək istiqamətində görülən tədbirlərdən biri kimi 14 sentyabr 2016-cı ildə uçot faiz dərəcəsini 15 faizə yüksəltmişdi. Lakin manatın sabitliyinə nail olunduqdan sonra, daha doğrusu, 2018-ci ilin fevral ayından AMB uçot dərəcəsini endirməyə başlayıb. Nəticədə  2018-ci ildə uçot dərəcəsi 5,25 faiz-bənd, ötən il isə 2,25 faiz-bənd azalıb.

Cari ildə isə faizlə bağlı 6 qərardan 4-də uçot dərəcəsi endirilib. Bununla da ilin əvvəlində 7,5 faiz olan uçot dərəcəsi 1 faiz bəndi aşağı salınıb. Həmçinin ilin əvvəli ilə müqayisədə  faiz dəhlizinin aşağı həddi 0,5 bənd artsa da, yuxarı hədd 2 bənd azalıb. Bununla da ilin əvvəlində 9 faiz olan yuxarı hədd faizlə bağlı 6 qərardan 5-də azalmaya məruz qalıb.  Aşağı həddə gəlincə, ilin əvvəlində 5,5 faiz olan aşağı hədd  mart ayında valyuta bazarında yaranmış məlum vəziyyətin fonunda 6,75 faizə qədər yüksədilsə də, sonradan bu göstərici endirilib.  Nəticədə faiz dəhlizinin parametrləri arasında fərq ilin əvvəlindəki 3,5 faiz-bənddən hazırda 1 bəndə düşüb.    

Bütün bunlar nəyi dəyişəcək?

Nəzəriyyəyə görə, uçot dərəcəsi pulun dəyəri rolunu oynayır. Bununla da pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kredit faizləri azalır. Bu,həmçinin əmanət faizlərində də özünün göstərir. Belə halda iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, nağd pulu olanlar isə onu  banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə üstünlük verirlər. Bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

Lakin ölkəmizə gəldikdə, AMB-nin uçot dərəcəsində hər hansı bir dəyişikliyin  kommersiya banklarının faiz siyasəti üçün elə də əhəmiyyəti yoxdur. Söhbət ondan gedir ki,  bankların kredit portfelində AMB-nin kreditlərinin payı olduqca kiçik olduğundan uçot dərəcəsi kredit faizlərinə təsir etmək iqtidarında olmur. Qeyd edək ki, AMB-in məlumatına görə, iyulun 1-i tarixinə ölkədə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi  13,67 faiz olub. 

Faiz dəhlizinin parametrlərinin dəyişməsi əsasən AMB-in qiymətli kağızlarının faiz dərəcələrinə təsir edir. Bu baxımdan AMB-in qərarı sentyabrın 21-də keçirilmiş  vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracında orta ölçülmüş faiz dərəcəsinin 6,01 faizə enməsi ilə özünü göstərib.  

AMB bəyan edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər və makroiqtisadi sabitlik hədəfləri əsas götürüləcək. Risklər balansına təsir edən başlıca amil isə pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin yüksək olaraq qalmasıdır. Xarici risklərə əsasən COVID-19-a ikinci yoluxma dalğası ehtimalının təsiri ilə neft qiymətlərinin daha kəskin aşağı düşməsi, bəzi tərəfdaş ölkələrdə resessiya və məzənnə dəyişiklikləridir. Bu  meyillərin güclənməsi ilə inflyasiya gözləntilərinin dəyişməsi, habelə son illər əsasən fiskal kəsirin monetizasiyası nəticəsində yaranmış likvidliyin potensial təsirləri isə başlıca daxili risklərdir. 

Ceyhun Piriyev, “İki sahil”