27 noyabr 2020 11:18
315

Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində "Zoom" onlayn platforması vasitəsi ilə “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı III forum keçirib.

“İki sahil” xəbər verir ki. qurumun sədri Səkinə Babayeva açılış nitqi ilə çıxış edib.

Onun sözlərinə görə, forumun məqsədi gəncləri sahibkarlığa təşviq etmək olsa da, məqsəd həm də QHT-lər, universitetlər, sahibkarlar, sərmayəçilər, özəl sektor, media və dövlət qurumları da daxil olmaqla ekosistemdə fəaliyyət göstərən bir çox maraqlı tərəfləri eyni platformada birləşdirməkdir.

Prezident İlham Əliyevin sahibkarlığa göstərdiyi diqqət və qayğı nəticəsində Assosiasiyanın 2019-cu ildə sürətli inkişafından bəhs edən S. Babayeva, 2020-ci ildə də dünyada yayılmış COVİD 19 pandemiyası və müharibə şəraitinə baxmayaraq qadın sahibkarlığın həm Bakıda, həm də digər regionlarda inkişafı üçün bir çox maarifləndirici onlayn görüşlərin, təlimlərin, qrant layihələrin həyata keçirildiyini bildirib.

Daha sonra İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bаhar Muradova, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayev, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qadın sahibkarlığın inkişafı ilə bağlı ölkəmizdə görülən işlərin əhəmiyyətini vurğulayıb.

Forumda Türkiyə, Rusiya, İran, Özbəkistan, Latviya, Moldova, Beyrut, Əlcəzair kimi ölkələrdən olan çıxışçılar qadın sahibkarlığın inkişafı istiqamətində dünyanın müxtəlif ölkələrində baş vermiş yeniliklər və uğurlu layihələr haqqında təcrübələrini paylaşıb. 20-dən artıq ölkənin nümayəndəsinin və səfirlərinin iştirakı forumun beynəlxalq səviyyədə keçirilməsindən xəbər verib.

Forumun sonunda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası fəaliyyəti ilə bağlı video nümayiş etdirib.