15 yanvar 2020 20:22
679

Uğurlar yeni vəzifələrin müəyyənləşdirilməsini zərurətə çevirir

“Son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Regional inkişaf proqramlarının, habelə digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır.”

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Elman Məmmədov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı büdcənin artımında da özünü göstərir. Etiraf edək ki, fəaliyyətində sosial məsuliyyət prinsipini, məqsədyönlülüyü rəhbər tutan Azərbaycan hökuməti bir qayda olaraq dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Dövlət başçısının yürütdüyü sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb.

E.Məmmədov qeyd edib ki, ötən hər gün  ölkəmizin həyatında mühüm uğurlarla, yeniliklərlə  yadda qalır. Bu da ölkəmizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsindən irəli gəlir.  Uğurlar  yeni vəzifələrin müəyyənləşdirilməsini zərurətə çevirir. Bu günün  əsas tələblərindən biri  kadr hazırlığını iqtisadi inkişafa uyğunlaşdırmaqdır. Cənab İlham Əliyev  Prezident kimi fəaliyyətə başladığı gündən “neft kapitalını insan kapitalına çevirək”” tezisini irəli sürərək bu istiqamətdə əhəmiyyətli addımlar atdı. Dövlət başçısı bildirir ki, qarşımızda duran  vəzifələri icra etmək üçün ilk növbədə hazırda peşəkar kadrlar lazımdır. Hesab edirəm ki, 2019-cu ildə bir çox ölkələrə nümunə sayıla biləcək kadr islahatları həyata keçirilib. 

Elman Məmmədov diqqətə çatdırıb ki, dövlətimizin başçısı iqtisadi və sosial bölmələrdə neqativ hallara qarşı barışmaz mövqeyini nümayiş etdirməklə azad biznesin və şəffaflığın ən böyük təminatçısı olduğunu təsdiqləyib. Müasir şəraitdə Azərbaycanda iqtisadi inkişafı səciyyələndirən xüsusiyyətlərdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə  idarəetmə sahəsində ardıcıl struktur islahatlarının aparılması və makroiqtisadi sabitliyin əldə olunmasıdır.  “Azərbaycan 2020: gələcəyə baxış”” İnkişaf Konsepsiyasında müəyyənləşən hədəflərdən bu aktuallıq daha qabarıq şəkildə özünü büruzə verir. Azərbaycan qarşıdakı on ildə inkişaf etmiş ölkələr sırasında olmalıdır. Prezident İlham Əliyev qeyd edilənlərlə əlaqədar bildirmişdir: “Biz iqtisadi cəhətdən özümüzü təmin edən ölkəyik. Biz heç bir xarici yardımdan asılı olmayan ölkəyik. Biz enerji təhlükəsizliyimizi təmin etmişik. Ərzaq təhlükəsizliyimizi təmin edirik və belə olan halda Azərbaycanın gələcəyi haqqında yalnız bir fikir deyilə bilər: Azərbaycanın gələcəyi Azərbaycanın indiki vəziyyətindən daha da parlaq olacaqdır. Bu məqsədlə bütün sosial proqramlar icra olunur, maaşlar və pensiyalar vaxtaşırı artırılır, ölkə iqtisadiyyatının inkişafını təmin etmək üçün bütün tədbirlər görülür”.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”