11 iyun 2019 11:16
303

Uğurlarımızın dünyanın aparıcı dövləti tərəfindən etirafı Azərbaycana artan marağın ifadəsidir

Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın  xarici siyasət uğurları davamlılığı ilə diqqət çəkir. İstər iki, istərsə də çoxtərəfli çərçivədə münasibətlər yüksələn xətlə inkişaf edir. Dünyanın aparıcı dövlətləri ilə münasibətlərdə yaxınlaşmalar diqqətdən kənarda qalmır.  Təkcə bu faktı qeyd etmək kifayətdir ki,  Amerikanın dövlət başçısı Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə  qısa müddətdə iki məktub ünvanlayıb. Həmin məktublarda  Azərbaycan regionun ən uğurlu dövləti və lideri kimi dəyərləndirilib.

Bununla bağlı  politoloq Nəzakət Məmmədova “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Donald  Trampın may ayı ərzində  dövlətimizin başçısı  İlham Əliyevə  iki dəfə  məktub göndərməsi diqqəti  çəkən mühüm hadisədir: “Belə ki, məktubların biri 28 May - Respublika Günü,  digəri isə Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ilə bağlı idi. Hər iki məktub özündə çox vacib mesajları əhatə edirdi. Ən əsası məktublarda Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində oynadığı rol, region dövləti olaraq  lider mövqeyi, ölkəmizdə  həyata keçirilən islahatların bütün regionun tərəqqisinə və sabitliyinə xidmət etməsi faktları öz əksini tapıb. Bu etirafların dünyanın aparıcı ölkəsinin  dövlət başçısı tərəfindən olunması böyük uğurdur. Azərbaycanın xarici siyasətində əsas tutduğu prinsiplər, xüsusilə beynəlxalq hüququn norma və prinsiplərinə verdiyi önəm onun dünya birliyinin fəal üzvünə çevrilməsində böyük rola malikdir.”

Politoloq bu məqamı da qeyd etdi ki, əvvəlki illərdə  ABŞ prezidentlərinin  məktublarında əsasən demokratik inkişaf,  insan hüquq və azadlıqlarının qorunması və sair kimi məsələlər  qeyd olunurdu. Son məktublarda   Azərbaycan reallıqlarına digər istiqamətlərdən  dəyərləndirmə bir çox məqamlara işıq salır: “İlk növbədə Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməkdə, regional və beynəlxalq əməkdaşlığa davamlı töhfələr verməkdədir. Göründüyü kimi,  ABŞ-ı daha çox maraqlandıran məsələ  Azərbaycanın regional və qlobal təhlükəsizlik sistemində oynadığı rol, eləcə də ölkənin demokratik inkişafına xidmət edən addımları və həyata keçirilən islahatlardır. Bu məktublar həm də ABŞ-Azərbaycan əlaqələrinin bu günü fonunda   perspektivlərə aydınlıq gətirir. ABŞ Prezidentinin Azərbaycanla əməkdaşlığı davam etdirmək arzusunda olduğunu xüsusi vurğulaması göstərir  ki,  ölkəmizin tutduğu yol düzgün yoldur, eyni zamanda, xarici siyasətinin prinsipləri beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan xarici siyasətinin uğurları öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yol açır. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ-ın mövqeyi ölkəmiz üçün önəmlidir.”

Nilufər Mustafaqızı, “İki sahil”