12 iyun 2019 11:08
210

Uğurların başlanğıcı

“Azərbaycan dövlətinin və xalqının taleyinə qızıl hərflərlə yazılmış, müstəqilliyimizin əbədiliyinin zəmanəti olan, hər bir azərbaycanlının həyatında unudulmaz yer tutan qürurverici tarixi hadisələrimiz kifayət qədərdir. Bu tarixi günlərdən biri də şübhəsiz ki, 15 İyun - Milli Qurtuluş Günüdür”. Bu sözləri qəzetimizə açıqlamasında YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov söylədi. Təşkilat sədri bildirdi ki, bu tarixi günün mahiyyətini dərk etmək, anlamaq üçün öncə 15 iyun  gününə qədər baş verən hadisələrə nəzər salmaq, onları təhlil etmək gərəkdir: “Belə ki, 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış xalqımız ağır sınaqlarla üz-üzə qalmışdı. O zamankı xarici qüvvələrin əlaltısı olan hakimiyyətin siyasi səriştəsizliyi nəticəsində dövlətimizdə hərc-mərclik, xaos, özbaşınalıq baş alıb gedirdi. Tarixi torpaqlarımızın bir-birinin ardınca işğal edilməsi, ölkədəki vəziyyətin getdikcə acınacaqlı duruma düşməsi ciddi həyəcan siqnalı idi. 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulmasına hesablanmışdı”.

“Təəssüflər olsun ki, o zamankı hadisələrin ağır nəticələrini bu gün də dövlətimiz və xalqımız öz çiyinlərində daşımağa məhkumdur. Hər bir dövlətin və xalqın taleyində ciddi sınaqlarla üzləşdiyi vaxtlar olur. Lakin o dövlət və xalq belə sınaqlardan üzüağ, alnıaçıq, heç bir zərər görmədən çıxa bilir ki, onun inanılmış və müdrik siyasi lideri olsun. Məhz belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən ulu öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. O zamandan dövlətimizin və xalqımızın həyatında problemlərin həll olunması üçün bir yol açılmış oldu. Tədricən ölkəmiz düşdüyü vəziyyətdən çıxış yolları tapmağa başladı və bugünkü günlərə gəlib çıxdı”, - deyə R.Göyüşöv vurğuladı.

YAP Binəqədi rayon təşkilatnın sədri bildirdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu qurtuluş tariximiz bu gün çiçəklənmə dövrünü yaşayır: “Biz inanırıq ki, ölkəmiz bundan sonra da çoxsaylı uğurlara imza atacaq, dövlətimiz və xalqımız dövlət başçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu fəaliyyəti sayəsində dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək”.

Taleh Bağırov, “İki sahil”