01 fevral 2019 10:09
637

Uğurlu nəticələr, abadlaşan bölgələr...

Cənab İlham Əliyev Prezident kimi ilk müsahibəsində “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən  hansı addımları gözləyəcəyik ki,  iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavabında bildirmişdi ki,  iqtisadiyyatımızın növbəti mərhələsi  məhz özəl sektorun daha fəal  iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq: “Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də  açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə  bu istiqamət də Azərbaycan üçün lazımdır.”

Dövlətimizin başçısı İlham Əliyevin proqram xarakterli  bu müsahibəsindən 15 ildən artıq vaxt keçir.  Qarşıdakı dövr üçün prioritetləri açıqlayan cənab İlham Əliyev onların gerçəkliyə çevrilməsi üçün birinci mərhələdə möhkəm bazanın yaradıldığını diqqətə çatdırmışdır.

“Bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq: “Lakin, eyni zamanda, son illərdə biz əsasən infrastruktura sərmayə yatırmışıq. Biz çoxlu sərmayə cəlb etdik, son 15 ildə təqribən 250 milyard dollar həcmində. Dünya Bankının “Doing Business” reytinqində biz 25-ci yerdəyik. Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq.”

Bu uğurlara yol açan düşünülmüş və məqsədyönlü  siyasət,  ayrı-ayrı sahələri əhatə edən  Dövlət proqramları, ənənəyə uyğun olaraq   hər ilin bir sahənin adı ilə bağlanması və bu istiqamətdə təkmil islahatların həyata keçirilməsidir. Neft-qaz amilindən  asılılığın minimuma endirilməsi məqsədilə regionların potensial imkanlarından səmərəli istifadə olunması, bunun üçün 2004-2018-ci illər ərzində üç Dövlət Proqramının uğurlu icrası, cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqlənməsi ölkə ictimaiyyəti tərəfindən dəstəklənən və yüksək ab-hava yaradan sənədlər sırasındadır. Təkcə keçən il  bölgələrə 24 səfərinin olduğunu xatırladan cənab İlham Əliyev bildirir ki, bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə biri-birindən önəmli  sərəncamlar imzalanıb. Hər bir rayonun sosial- iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə Tədbirlər Planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da regionların inkişafının prioritetliyindən irəli gəlir.

Statistikaya diqqət yetirək. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin  formalaşdırıb.

Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət və qaygı, özünüməşğulluğun təminatı da günümüzün əsas çağırışlarının tərkib hissəsidir. “Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir” söyləyən cənab İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı daim  prioritet məsələ olacaq. 2013-2020-ci illəri əhatə edən  mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır.  Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində  sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına  kompleks yanaşma   əsas prinsiplər kimi  diqqət mərkəzində saxlanılır. Sahibkarlara dövlət  xidmətlərinin göstərilməsi sahəsində  şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb. Tələb budur ki,  daxili bazarımız, yerli istehsal qorunsun, inhisarçılıq hallarına qarşı mübarizə gücləndirilsin, rəqabət qabiliyyətli məhsulların istehsalı artırılsın. Qiymətlərin tənzimlənməsi,  idxala mane olan süni manelərin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində korrupsiya  hallarına qarşı mübarizə gücləndirilir. Xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində səylərin artırılması başlıca vəzifə kimi diqqətdə saxlanılır. İnvestisiya cəlbediciliyinə görə  xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulur, dövlət dəstəyi gücləndirilir. Bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının daha da  yaxşılaşdırılması,  orta təbəqənin formalaşdırılması, cəmiyyət həyatında rolunun artırılması bu məqsədə xidmət edir ki, Azərbaycanın dinamik inkişafı davamlılığını qorusun.

Rayonlar üzrə aparılan ixtisaslaşma, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə ənənəvi kənd təsərrüfatı  sahələrinin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olunacağına əsas yaradır. Uğurlarımızda regional inkişaf proqramlarının rolunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev özlüyündə ortaya çıxan “Bu proqramların icrası nəticəsində biz nələri əldə etdik” sualına cavab olaraq bildirir: “İlk növbədə, regionlarda müasir infrastruktur yaradıldı. Əgər biz infrastruktur layihələrinə vəsait qoymasaydıq, heç bir inkişafdan söhbət gedə bilməzdi. Onu biz o vaxt etməyə başladıq ki, hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra gəlməyə başlamışdır. Ancaq biz birinci Regional İnkişaf Proqramını 2004-cü ildə qəbul etdik və onu icra etməyə başladıq. Yəni bu onu göstərir ki, bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır. Eyni zamanda, düşünülmüş siyasət, güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyətimiz həm Regional İnkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə də biz ardıcıl siyasət apararaq ölkəmizi gücləndiririk.”

Özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir.  Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda pambıqçılıq, üzümçülük, baramaçılıq, fındıqçılıq sahəsində nəzərdə tutulan planların hansı səviyyədə yerinə yetirilməsini əks etdirən rəqəmlərə diqqət yetirdikdə,  növbəti illər üçün hədəflər özlüyündə açıqlanmış olur. “Sahibkarlığın inkişafına xidmət edən mühüm addımlardan biri kimi “ABAD” mərkəz”lərinin, eyni zamanda, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin  yaradılması da Azərbaycan brendi kimi tanınan layihələrin davamlılığından xəbər verir. Bu il 7 min ailə  özünüməşğulluq proqramına cəlb olunacaq. Bu, işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması istiqamətində önəmli addım olacaq.

“Biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik” söyləyən dövlətimizin başçısı bildirir ki,  qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqlənməsində də məqsəd regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.

Yeganə Əliyeva, “İki sahil”