17 mart 2020 17:06
770

Ukrayna Ali Radası “antikoronavirus” qanunu qəbul edib

Ukrayna Ali Radası koronavirusun yayılmasının qarşısını alınmağa yönəlmiş qanun qəbul edib. AZƏRTAC xəbər verir ki, qanunu 344 deputatı dəstəkləyib.

Qanun karantinin qaydalarını pozmağa görə cərimə qismində 17 mindən 34 min qrivnaya (650-1300 dollar) qədər məbləğdə, vəzifəli şəxslər üçün isə 34-170 min qrivna (1300-6500 dollar) məbləğində inzibati məsuliyyət nəzərdə tutur.

Yoluxucu xəstəliklərin qarşısının alınması üçün nəzərdə tutulan sanitariya normalarını və qaydalarını pozanlar isə 17-51 min qrivna cərimə və ya 6 aya qədər həbs, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə günahkar beş ildən səkkiz ilədək azadlıqdan məhrum edilə bilər.

Qanun karantin şəraitində əhaliyə məsafədən işləmək və ya məzuniyyətə getmək imkanı verir. Sənəddə koronavirus epidemiyasının aradan qaldırılması sahəsində çalışan tibb işçiləri və digər işçilər üçün əlavə ödənişlər də nəzərdə tutur. Eyni zamanda, karantin müddətində və onun ləğv olunduğu vaxtdan 30 gün ərzində mənzil-kommunal xidmətlərin ödənilmədiyi halda ukraynalılar üçün həmin xidmətləri dayandırmağı qadağan edir.

Normalar qanun dərc edildikdən sonra üç ay müddətində qüvvədə qalacaq.