15 yanvar 2020 13:27
532

Ukrayna vurulan təyyarənin qara qutusunu İrandan istəyir

Ukraynanın Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti bu ölkənin Beynəlxalq Hava Yollarının Tehran yaxınlığında qəzaya uğrayan “Boeing 737-800” təyyarəsinin qara qutusunun verilməsi üçün İranın müvafiq qurumlarına müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Ukrayna qara qutunun tam oxunması üçün bütün prosedurların həyata keçirilməsini təmin edəcək. Müraciətdə İran hüquq-mühafizə orqanlarından qara qutunun verilməsi üçün hüquqi yardımın göstərilməsi xahiş edilib.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

İran tərəfi Ukraynaya məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanılmaz səhv” adlandırıb.

Ukrayna tərəfi təyyarənin qəsdən vurulması ehtimalı üzərində də araşdırma aparır. //AZƏRTAC