13 yanvar 2020 18:06
565

Ukraynada hamilə qadın qripdən həlak olub

Ukraynada yeni epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından daha bir ölüm faktı qeydə alınıb. AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, A qrip virusu ilə xəstəxanaya yerləşdirilən 31 yaşlı hamilə qadının həyatını xilas etmək mümkün olmayıb. O qripə qarşı vaksin olunmayıb.

Qadının bətnində olan uşaq isə cərrahi müdaxilə ilə xilas edilib.

Artıq yeni epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator virus infeksiyasından 3 nəfər həlak olub. 2020-ci ilin ikinci həftəsində təkcə paytaxt Kiyevdə 7 minə yaxın insan qripə yoluxub.

Səhiyyə Nazirliyi əhalini qripə qarşı vaksin olunmağa çağırıb.

Qeyd edək ki, ötən epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator infeksiyasından 63 nəfər ölüb.