11 iyun 2019 15:22
194

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xaosdan qurtuluşa keçidin əsası qoyuldu

Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən bu tarixi gün gələcək həyatımızın böyük başlanğıclarının əsasının qoyulmasında müstəsna rol oynayıb.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib.

O bildiriib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Müstəqilliyimizin ilk illərində ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikanı uçuruma doğru sürükləməkdə idi. Əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyacı olduğunu göstərirdi. Məhz belə bir dövrdə – dövlətçilik, müstəqillik təhlükə qarşısında qaldıqda, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında köklü müsbət dəyişikliklər baş verdi. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq, gələcəyə inamla baxan dövlətə çevrildi.

C.Məmmədov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələr məkanında nəzərəçarpan dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ilin mayında atəşkəs elan olundu. Bu gün müstəqil Azərbaycan Respublikası tərəqqi yolunda inamla irəliləyir, möhkəmlənir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlərə imza atır.

Ümummilli Lider tərəfindən insan hüquq və azadlıqlarının qorunması, mətbuatın azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün addımlar atılıb. Mətbuatın üzərindən senzuranın götürülməsi, ölüm hökmünün ləğvi kimi bir-birindən önəmli addımlar məhz ulu öndər Heydər Əliyevin humanizm siyasətinin göstəriciləridir.

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün məhz ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və qayğısı əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində yeni uğurların əldə olunmasına gətirib çıxarır.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər bir islahat, ilk növbədə, Azərbaycanın parlaq gələcəyinə hesablanıb.

Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də həyata keçirdiyi istiqamət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin düşünülmüş, ardıcıl və məntiqi davamıdır.

Ulu öndər Hеydər Əliyеvin 1993-cü ildə hakimiyyətə qayıdışından sоnra, milli-mənəvi dəyərlərimizə, dövlətin din siyasətinin həyata keçirilməsinə diqqət və qayğı artırıldı, yeni məscid, kilsə və sinaqoqlar inşa olundu. Ulu Öndərin başlatdığı bu nəcib missiyanı sonrakı dönəmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük uzaqgörənliklə və uğurla davam etdirdi, ölkəmizdə yeni məscid, kilsə və sinaqoqlar inşa olundu, təhsil müəssisələri yaradıldı. Azərbaycan İlahiyyat İnstitutu da Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıldı. İnstitutun yaradılması, dövlətimiz tərəfindən tam ödənişsiz dini təhsilin verilməsi dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının ən böyük təzahürlərindən biridir.

Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri misilsizdir.