14 iyun 2019 21:31
1318

Ulu Öndər xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü

“Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu”.

Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə qəzetimizə açıqlamasında Milli Qurtuluş Gününün əhəmiyyəti ilə bağlı danışarkən söylədi.

A.Mollazadə bildirdi ki, 15 iyun tarixi milli qurtuluş ideologiyasının təntənəsi olan müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir: “Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Bununla da ölkəmizdə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur”.

A.Mollazadə vurğuladı ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu layiqli şəkildə həyata keçirdi: “Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Dahi şəxsiyyət Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və  Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”.

Deputat bildirdi ki, bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb və şübhəsiz ki, bu mühüm nailiyyətlərin əldə edilməsində ulu öndər Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır: “Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qüdrətli dövlətə çevirmək olub. Bu gün Prezident cənab İlham Əliyev ulu öndərin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yolda Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır”.

Cavid Əkbərov, “İki sahil”