28 yanvar 2019 17:31
475

Ulun çayı döş xərçənginin inkişafının qarşısını alır

Ulun çayı ekstraktının döş xərçənginin qarşısının alınmasında böyük potensiala malikdir. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, Sent-Luis Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər.

Laboratoriya testləri göstərib ki, öz qeyri-adi tibbi xüsusiyyətlərinə görə Çində bir çox əsrlər ərzində yeməkdə istifadə olunan ulun çayı döş xərçəngi hüceyrələrinin inkişafının qarşısını alır. Müşahidələrə görə, bu ekstrakt bədxassəli hüceyrələrin DNT-sinə təsir göstərərək şişləri inkişaf etməyə qoymur. Yaşıl çay da analoji perspektivlər nümayiş etdirib. Amma tünd və qara çay təhlükəli hüceyrələrə, demək olar, təsir göstərməyib. Amerika alimləri Çində döş xərçənginin yayılması sürətini və bu xəstəlikdən ölüm hallarını da təhlil ediblər. Məlum olub ki, ölkənin ulun çayından çox istifadə olunan regionlarında döş xərçənginə tutulanların sayı xeyli azdır.

Tədqiqatçıların fikrincə, bu çay döş xərçənginin profilaktikasında çox ümidverici və qeyri-toksik alternativdir. Statistika göstərir ki, hər səkkiz qadından biri bu xəstəliyə tutulur. Bütövlükdə alimlər döş xərçənginin 6 hüceyrə xəttinə ulun çayının təsirini qiymətləndiriblər. Tədqiqatlarda hüceyrə xətlərindən fəal istifadə olunur. Bu xətlər vaxt keçdikcə laboratoriyada müəyyən halların təsiri altında bölünməyə və böyüməyə davam edən xərçəng hüceyrələrindən ibarətdir.