13 sentyabr 2019 22:58
153

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı başa çatdı - FOTO

Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı "Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri" mövzusunda plenar iclasla davam etdi.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mövzu ətrafında fikirlərini bölüşərək, bildirdi ki, müzakirə edilən mövzular medianın və jurnalistikanın ən aktual məsələlərini əhatə edir. Jurnalistikanın çox məsuliyyətli peşə olması ilə yanaşı, eyni zamanda, ən təhlükəli fəaliyyət sahələrindən biri olduğunu  deyən Ə.Amaşov qeyd etdi ki, münaqişə zonalarında jurnalistlərin fəaliyyəti olduqca yüksək qiymətləndirilməlidir: “Həmin jurnalistlər müntəzəm olaraq peşəkar təlimlərə cəlb olunmalı, münaqişə zonasında qarşılaşa biləcəkləri vəziyyətlərə əvvəlcədən hazırlıqlı olmalıdırlar. Eyni zamanda, bu çətin şəraitə baxmayaraq dəqiq və obyektiv informasiyaların ötürülməsinin təmin edilməsi əsas şərtlərdən biri kimi qiymətləndirilir.”

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu mövzu ətrafında danışaraq bildirdi ki, hər gün yüzlərlə jurnalist öz həyatlarını təhlükə altına qoyaraq hücumlara və təqiblərə məruz qalır, qaynar nöqtələrdən reportaj hazırlayır: “Kimisi atəşə tutulur, kimisi əsir götürülərək girov saxlanır, kimisi isə zorakılıq və işgəncələrə məruz qalır və yaxud öldürülür. Qarabağ müharibəsinin gedişində peşə fəaliyyətini yerinə yetirərkən öldürülən ilk qadın jurnalist Salatın Əsgərova, jurnalistlər Leonid Lazareviç, Valeri Dementyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev və öz yazılarında həqiqəti əks etdirmək, münaqişənin əsl simasını açmaq istəyən bir çox insanlar həlak oldu.”

U.Rəhimoğlu məlumat verdi ki,, UNESKO-nun məlumatına görə, 1993-cü ildən indiyədək 1354 jurnalist qətlə yetirilib: "Təkcə 2018-ci ildə dünyada 80 jurnalist peşə fəaliyyəti zamanı öldürülüb. 2018-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkələr kimi qeydə alınan Əfqanıstan, Suriya, Hindistan, Meksika və Yəmən oldu. Bu gün vəziyyətin heç də yaxşılaşmadığını deyə bilərik. 2019-cu ildə təxminən 35 jurnalist həlak olub. Bu gün mülki əhaliyə qarşı tətbiq olunan beynəlxalq hüquq və normalar Cenevrə Konvensiyasının 49-cu maddəsinə uyğun olaraq jurnalistlərə də şamil olunur. BMT-nin Baş Assambleyasının 2 noyabr 2013-cü il tarixli "Jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq problemləri" adlı qətnaməsi isə jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün çox vacib sənəd oldu. Jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinin təşviqi və onlara hücum edənlərin cəzasız qalmasına qarşı mübarizə UNESKO-nun bütün media platformalarında mətbuat azadlığını dəstəkləyən əsas elementlərdir. Orta hesabla hər beş gündə cəmiyyəti məlumatlandırdığı üçün bir jurnalist öldürülür. Media işçilərinə qarşı hücumlar tez-tez münaqişə olmayan vəziyyətlərdə mütəşəkkil cinayətkar dəstələr, təhlükəsizlik işçiləri və hətta yerli polis tərəfindən həyata keçirilir ki, bu da jurnalistləri daha çox müdafiəsiz edir. Münaqişələrin gedişində jurnalistlərin beynəlxalq standartlara uyğun qorunması və münaqişə zonalarından obyektiv məlumatların yayılması münaqişələrin həllində zəruri olan beynəlxalq birliyin vahid mövqeyinin olması çox vacibdir."

"Azəri Defence" jurnalının baş redaktoru Rəşad Süleymanov qeyd etdi ki, regionda dəyişən mürəkkəb hərbi-təhlükəsizlik mühiti medianın qarşısında da yeni tələblər qoyur: “Bu tələblərin də ən başlıcası konflikt zonasında çalışan jurnalistlərin peşəkarlığının yüksəldilməsidir. 2005-ci ildən bu yana Cənubi Qafqazda və eləcə də Ukrayna və Türkiyədə münaqişə bölgələrindəki vəziyyəti təhlil etsək, bu bölgələrdə çalışan jurnalistlərin timsalında problemin səviyyəsini asanlıqla təsəvvür edə bilərik. Son on ildə postsovet məkanında baş verən silahlı münaqişələri işıqlandıran çox sayda jurnalist və operator yaralanıb və ya öldürülüb. Regionda baş verən silahlı münaqişələr və bu münaqişələrin işıqlandırılmasında jurnalistlərin qarşılaşdıqları çətinliklərdən biri redaksiyaların çox azında münaqişə zonalarında çalışa bilən, ixtisaslaşmış jurnalistlərin, operator və fotoqrafın olması, konflikt bölgəsinə ezam olunan yerli KİV jurnalistlərinin əksəriyyətinin sığortasız olması, digəri isə redaksiyalarını konflitk zonasına ezam edilən heyətinin dəbilqə, zirehli gödəkcə, hətta minimum səviyyədə ilkin tibbi yardım paketi ilə təchiz edilməməsidir.”

R.Süleymanov məlumat verdi ki, münaqişə zonalarına ezam olunan jurnalistlər daha çox ordunun inventarındakı, müvəqqəti dəbilqə və zirehli gödəkcələrdən istifadə edirlər: “Bu dəbilqə və gödəkcələr kamuflyaj edildiyindən jurnalistlərin həyatı üçün bilavasitə təhlükədir. Çünki düşmən snayperi kamuflyajdakının əsgər və ya jurnalist olduğunun fərqində olmur. Döyüş zonasında bu cür hərbiləşmiş KİV əməkdaşlarının snayperlərin, yaxud minaatanların qurbanına çevrilməsi labüddür. Bir faktı da qeyd edim ki, son aprel müharibəsində Azərbaycan mediası döyüş zonasından informasiyaların çatdırılmasında maksimum şəkildə beynəlxalq jurnalistikanın tələblərinə, etik normalarına uymağa çalışdı və buna nail oldu.”

Hindistan Mətbuat Şurasının üzvü Çhakanda Nayak, "Sərhədsiz sərhədlər" təşkilatının prezidenti Kais Cumaa Abdul Rahem çıxışlarında bildirdilər ki, jurnalistlərin peşə vəzifələri üçün yaranmış təhlükə, onların həbsi və öldürülməsi dünya mediasının ən ağrılı tərəfidir. Digər tərəfdən, müasir qloballaşan dünyada sosial media və rəqəmsal jurnalistika öz müsbət xüsusiyyətləri ilə yanaşı, yeni təhlükəli təmayüllərin, qarşıdurmaların vüsət almasına şərait yaradıb. Bu, jurnalistlərə qarşı yeni təhlükə mənbələrinin yaranması, təhdid və qətllərin motivinin dəyişməsi ilə müşayiət olunur.

Qeyd edildi ki, münaqişələr haqqında obyektiv məlumatların yayılması prosesini dəstəkləmək üçün vahid platforma yaratmağın böyük əhəmiyyəti var. Obyektiv və qərəzsiz informasiyanın birgə dəstəklənməsi münaqişələrin həlli, təhlükəli tendensiyaların qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması baxımından unikal bir imkandır.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı  müzakirələrlə davam etdi,  qərarlar qəbul olundu.

Orxan Vahidoğlu,

Vüsal Cahanov (foto),

“İki  sahil”