07 aprel 2020 10:51
883

Ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız dərinləşməlidir

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, pandemiya bizə maneçilik törətməməli, vaxt itirməməliyik

Bu gün dünyanın və ölkəmizin gündəmini koronavirus təhlükəsi zəbt edib. Bu pandemiya insanların həyatını təhdid etməklə yanaşı, dünya ölkələrinin iqtisadiyyatının bütün istiqamətlərdə durğunluğuna səbəb oldu. Dövlətimizin başçısı İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir: “Təbii ki, bu pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.”

Cənab İlham Əliyevin 2003-cü ildən “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tələbinə uyğun olaraq bu istiqamətdə atılan addımlar Azərbaycanın hər bir iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasına geniş imkanlar açır. Təkcə cari ilin yanvar-fevral aylarının sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Ümumi daxili məhsul 2,8 faiz artıb. Qeyri-neft sektorunda artım 6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz təşkil edir. İnflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olub. Qeyd olunan aylarda vergi orqanları büdcəyə 170 milyon manat, gömrük orqanları isə 80 milyon manat vəsait daxil edib. “Əlbəttə, bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq” söyləyən ölkə Prezidenti vurğulayır ki, mart ayının yekunları haqqında danışmaq bir qədər tezdir: “Ancaq təxmin etmək çətin deyil ki, bu pandemiya iqtisadi inkişafımıza, əlbəttə, böyük əngəl törədir və törədəcək.”

Qeyd etdiyimiz kimi, dünya ölkələrinin iqtisadiyyatında durğunluğun geniş vüsət aldığı bir dövrdə Azərbaycan ən böyük iqtisadi dəstək proqramını- pandemiyanın iqtisadiyyata mənfi təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək paket hazırladı. Bu yardım proqramı ölkəmizin iqtisadi və sosial gücünün təqdimatı kimi də dəyərləndirilə bilər. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət göstərməklə həm iqtisadi, həm də maliyyə imkanlarının genişləndirilməsini stimullaşdırdı. Eyni zamanda, neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradan sosial-iqtisadi layihələrin icrasını sürətləndirdi. Qeyd edək ki, son 16 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir. Yoxsulluq həddi 49 faizdən 4,8 faizə enib. Təbii ki, bu uğurlar dövlətimizin uğurlu, təkmil sosial-iqtisadi islahatlarının nəticəsidir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2019-cu il Azərbaycanı dünyada bütün istiqamətlərdə təkmil islahatlara imza atan ölkə kimi tanıdıb. Hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmə, yeniləşmə, dövlətimizin başçısı İlham Əliyevin hər bir dövlət məmurundan öz işinə daha məsuliyyətlə yanaşmaq çağırışı, bu və ya digər rayonların icra hakimiyyəti başçıları, dövlət strukturlarının rəhbərləri ilə görüşlərində qarşıya qoyduğu vəzifələr Azərbaycanın davamlı inkişafını şərtləndirən əsas amillərdir.

O da məlumdur ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixdə koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı İşçi Qrupu yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev İqtisadiyyat naziri, sözügedən İşçi Qrupunun rəhbəri Mikayıl Cabbarovu qəbul edərkən qısa müddət ərzində görülən işlərdən geniş bəhs edərək, hazırda 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edən 10 proqramın hazırlandığı əsaslı şəkildə diqqətə çatdırıldı.

Ekspertlərin, iqtisadçıların şərhlərində birinci istiqamətə xüsusi diqqət yetirilir. Bu istiqamət üzrə qarşıya qoyulan əsas tələb pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd iş yerlərinin sayının azaldılmamasıdır. Hazırda muzdla çalışanların sayı 300 min nəfərdir. Büdcədən bu istiqamətdə 215 milyon manat vəsaitin ayrılacağı bildirilir. Ekspertlərin fikrincə, bu, o deməkdir ki, muzdla çalışan hər bir vətəndaşa orta hesabla 716 manat vəsait ödəniləcək.

Həmçinin müvəqqəti məşğulluğun təmin edilməsi üçün koronavirusun mövcud olduğu dövrlərdə iki ay müddətinə 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə büdcədən 30 milyon manat vəsait ayrılıb. Dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində, yəni 190 manat birdəfəlik ödənişin verilməsi nəzərdə tutulur.

Sosial baxımdan həssas qrupa aid ailələrin üzvü olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi və sair kimi məsələlər bir daha bu reallığı ortaya qoyur ki, Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Ən əsası “güclü dövlət, yüksək rifah” prinsipi istənilən vəziyyətdən asılı olmayaraq öz aktuallığını qoruyur. Ötən il dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi iki sosial paket əsasında 4,2 milyon insanın sosial rifah halının yaxşılaşdırılması təmin edildi. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər 50 faiz və bəzi müavinətlər 2 dəfə artırıldı. Problemli kredit məsələsinin həll edilməsi də ölkəmizdə ən yüksək səviyyədə həyata keçirildi. “Bu il bir daha biz öz sosial məsuliyyətimizi nümayiş etdiririk. Biz vətəndaşların rifah halının düşməməsi istiqamətində əməli addımlar atırıq və hesab edirəm ki, bu sahədə də birincilik göstəririk” söyləyən cənab İlham Əliyev bu layihələrin 2020-ci ildə də uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir.

Yuxarıda da qeyd etdiyimiz kimi, cari ilin yanvar-fevral aylarının iqtisadi göstəriciləri dinamikanın yüksək olduğunu bir daha təsdiqləyir. Cənab İlham Əliyev İqtisadiyyat nazirini qəbul edərkən bu inamı ifadə etmişdir ki, genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları böhrandan qoruyacaq.

Ümumi nəticə bundan ibarətdir ki, dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün zəruri addımlar atılır. Koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqət mərkəzində olması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Cənab İlham Əliyev bu çağırışı edir ki, əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır. Bu günlərdə Baş Nazir Əli Əsədovun “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamı da bu istiqamətdə atılan addımların tərkib hissəsidir.

Dövlətimizin başçısı bu çağırışı qarşıya əsas vəzifə kimi qoyur: ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız dərinləşməlidir. Pandemiya burada bizə maneçilik törətməməlidir, vaxt itirməməliyik.

Yeganə Əliyeva, “İki sahil”