12 dekabr 2019 14:27
661

Ümummilli Liderin əziz xatirəsi İstanbulda da anılıb

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Ulu Öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, Sarıyer Bələdiyyəsinin və konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri düzülüb.

Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.