06 fevral 2019 13:41
208

“UNEC-100” İnkişaf Strategiyası - Tədqiqat Universiteti

“UNEC-100” İnkişaf Strategiyasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqat universitetinə transformasiyası ilə bağlı strateji məqsəd, hədəflər və fəaliyyət istiqamətləri  müəyyən olunub.

Universitetdən “İki sahil”ə verilən məlumata görə, strategiyaya əsasən, tədqiqat universitetinə çevrilmək istiqamətində UNEC magistratura və doktorantura təhsilini mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmağı, milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış “beyin mərkəzi” yaratmağı, sifariş və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin sayını ilbəil artıraraq universitetin büdcəsinin 20%-nə çatdırmağı əsas hədəfə çevirib.

Bununla yanaşı, UNEC-də 2030-cu ilə qədər “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə çap edilən məqalələrin sayını ilbəil artırmaq, həmin bazalara daxil olan 3 elmi jurnala sahib olmaq, elmi məruzələri nüfuzlu bazalara daxil edilən beynəlxalq elmi tədbirlər təsis və təşkil etmək, o cümlədən hər il iqtisadçı tələbələrin beynəlxalq tələbə elmi konfransını təşkil etmək İnkişaf Strategiyasında hədəf kimi müəyyən olunub.

Hazırda isə UNEC-də konkret və spesifık tədqiqat istiqamətləri üzrə 17 tədqiqat-araşdırma mərkəzi, İqtisadi Klinika, Sığorta məktəbi və İnkişaf iqtisadiyyatı laboratoriyası fəaliyyət göstərir. Elmi tədqiqatların stimullaşdırılması məqsədilə  isə UNEC Tədqiqat Fondu, Differensial Əmək Haqqı Sistemi və nüfuzlu jurnallarda məqalə nəşrinə görə mükafatlandırma mexanizmi mövcuddur. UNEC-də ali təhsilin magistratura və doktorantura təhsil pilləsi üzrə beynəlxalq standartlara cavab verən müasir tədris və təlim metodlarının tətbiq olunduğu, “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan 11 ixtisas və 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi də fəaliyyət göstərir.