12 dekabr 2019 11:06
2282

Ürəklərdə yaşayan dahi insan

Tarix fənnini öyrənəndə ən çox xoşuma gələn “xronologiya” sözü olub. Xronologiya dəftərimə hadisələrin qısa məzmununu, başlanma və bitmə tarixlərini yazırdım. O vaxt bilmirdim ki, dəftərimə yazdıqlarım tarixin narahat səhifələridir. Bilmirdim ki, ömür tariximiz də beləcə, hissə-hissə yaddaşlarımıza yazılır.  O vaxt bilmirdim ki, yaddaşımın ən qiymətli yazısı ölməz Liderimin müqəddəs adı olacaqdır.

Fərqinə varmadan yaşayırıq ömrümüzün günlərini. Hər günümüzdə minlərlə tarixi hadisənin olduğunu düşünmədən, milyonlarla insanın bu günümüzdə olduğunu düşünmədən yaşayırıq ömür payımızı. Hər gün keçmişimizə boylanmır, ömür tariximizin hər gününü hər anımızı səhifələmirik.

Ömrümüzün günlərini səhifələsək belə yaşadığımız hər gün, tanıdığımız hər kəs yaddaşımıza yazılmır ki... Yaddaşımız tanıdığımız hər kəsi özündə saxlamır. Ömür payımızda izi olmayan insanlar, fərqli olmayan günlər yaddaşımıza daxil olmur. Yaddaşımızda əsasən valideynlərimizi, övladlarımızı, doğmalarımızı... saxlayırıq. Yaşadığımız narahat anları və ən xoş günlərimizi yazırıq yaddaşımıza...

Bir də xilaskarımızı...

Xilaskar - özündən çox inandığın, güvəndiyin, ümid etdiyin insandır.

Ailələrdə çətinliklər olanda insanların inandığı valideyni, daha doğrusu, atası olur. Cəmiyyətdə isə ölkə rəhbərinə inanır, ona güvənirsən. Şükür edirsən ki, ailəni, doğmalarını,  Vətənini qoruya biləcək insan var. Şükür edirsən ki, arzuların paramparça olmayacaq. Şükür edirsən ki, ömrün yarımçıq qırılmayacaq, ömür payın əlindən alınmayacaq. Şükür edirsən ki, sabahların daha aydın, daha nurlu olacaq...

İnsanlar yaşadıqları zamanı, ömür paylarını özləri seçmirlər. Seçə bilsələr belə tam sakit ömür sürüb dünyadan köçən neçə insan var ki?  Həyatda elə bir insan yoxdur ki, çətinliklər yaşamasın.

Yaşamağa məhkum olduğumuz müharibələr, münaqişələr, çəkişmələr... Qarşıdurmaların səbəb olduğu itkilər... İtirdiklərimizin arxasında qalan acılar, ağrılar, kövrəlmələr, sızlamalar o qədərdir ki...

Varlığını hiss etməyən insanların ağrı-acılarına şərik olub çətinlikdən qurtarmaq, onları xoş günlərə çatdırıb firavan ömür yaşatmaq imkan xaricindədir.

Xilaskar - İmkansız olanı bacarandır.

İmkansız olanı bacarmaq üçün insanda İlahi güc olmalıdır. Qəlbin təmiz, amalın haqq-ədalət, ruhun pak olmalı, məqsədin daxili dünyanı əks etdirməlidir ki, İlahi gücü varlığında hiss edə biləsən.

İlahi güc insan olmayanın varlığında ola bilməz ki... Varlığında İlahi gücü tapmaq Tanrıya sığınmaq deməkdir. Haqq yolunda Tanrının sənə kömək olması deməkdir. 

Bu dünyanın çək-çeviri o qədərdir ki... Yer üzündə milyardlarla insan var. Milyonlarla insana kömək etməyə ağıl, güc yetməz.       

Xilaskar - ağlına və gücünə inanan insandır.

Ulu öndər Heydər Əliyev kimi!

Heydər Əliyev Tanrının seçdiyi insan idi. Heydər Əliyev insanlara haqq yolunu göstərə biləcək qədər ağıla, çətinliklərdən qurtara biləcək qədər gücə sahib idi.

İllər yaz fəsli ilə başladığı kimi, Heydər Əliyevin ömür payı da güllü-çiçəkli bahar fəsli ilə  başlamışdı. Dahi Liderimiz bu gözəl dünyamıza özü ilə bərabər bahar gətirmişdi.

İnsanların bilmədiyi, heç vaxt bilməyəcəyi dünyaya gəldiyi gün və var olan dünyada ömürlərinin bitəcəyi andır. Var olan heç kim ömür payının qədərini bilmir, amma...

İnsanlar bu dünyada nə qədər yaşayacaqlarını bilməsələr də necə yaşayacaqlarını bilməlidirlər. Bu dünyada var olmaq təkcə yaşamaq deyil ki... Təkcə yaşamağı deyil, yaşatmağı da bacarmaq lazımdır.

Heydər Əliyev bir ömür yaşayıb, milyonlarla ömrü yaşadan Rəhbər idi. 

Heydər Əliyevin öz Vətəninə, öz xalqına sevgisi və məhəbbəti hüdudsuz idi.

Heydər Əliyev öz varlığı ilə dünyanın gözəlliyinə gözəllik qata bilən İnsan idi.

Ömür payını əmin-amanlıqla yaşamaq əvəzi olmayan xoşbəxtlikdir.

Buna görə Heydər Əliyev bütün dünyada sülh istəyirdi. Bütün xalqların azad və sülh şəraitində yaşamasını istəyirdi.

Heydər Əliyev öz ömrünü Vətəni, xalqı üçün yaşayan Rəhbər idi.

Heydər Əliyevin ömür tarixi heç bir insanın həyatı ilə müqayisə olunmayacaq qədər çətin, eyni zamanda, iftixar ediləcək qədər şərəflidir!

Heydər Əliyev sözlərlə ifadə olunmayacaq qədər böyük İnsan idi.

Bu dünyada var olan hər kəs bilməlidir ki, xalqını qorumağı bacaranlar Vətən torpağının üstündə möhkəm dayana bilərlər. Hər kəs bilməlidir ki, xalqına dəyər verənlər, xalqının çətin günündə özünü kənara çəkməyənlər, vəzifədə olsa da, olmasa da öz köməyini əsirgəməyən insanlar milyonların sevgisini qazana bilərlər. 

Heydər Əliyev hər kəsin sevdiyi, adı ilə qürur duyduğu Rəhbər idi.

Heydər Əliyevin öz  gücünə inamı, xalqına olan sevgisi, qüdrətli öndər olması, nə olursa-olsun haqq yolundan geri çəkilməməsi, sülhsevərliyi onu təkcə öz millətinə deyil, dünya xalqlarına da sevdirmişdi.

Heydər Əliyev dünyada tanınan və imzası hörmətlə qəbul olunan Lider idi.

Heydər Əliyevin “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!”  sözləri öz xalqına olan məhəbbətinin qədəridir.

Xalqına bu qədər sevgisi, Vətəninə bu qədər məhəbbəti olan Rəhbəri  sevməmək mümkün deyil. Heydər Əliyev minlərlə, milyonlarla insanın yaddaşında, qəlbində yaşayan Lider idi.

Heydər Əliyev bütün gözəlliklərə, yüksəkliklərə, ucalıqlara layiq İnsan idi.

Milyonlarla insanın yaddaşında var olmaq ölməzlikdir.

Heydər Əliyev xalqının qəlbində ölməzliyi qazanmış Rəhbər idi.

Heydər Əliyevin öpüb and içdiyi bayraq Vətəninin səmasında, adı insanların qəlbində ucalır.

Heydər Əliyev bizimlədir.

Mən inanıram ki, Heydər Əliyev insanların qəlbində əbədi yaşayacaqdır.

Sara Bağırova,
Azərbaycan Yazıçılar Birliyinin üzvü