08 avqust 2019 11:21
244

Ürəyiniz sağlamdırmı? ...

Bütün dünyada ölüm üçün ən çox yayılmış səbəb məhz ürək-damar xəstəliyidir. 30-40 yaşından yuxarı olan kişilər və 60 yaşını keçən  qadınlar  bu cür xəstəliklərə daha çox meyilli olurlar. Lakin bu o demək deyil ki, ürək xəstəlikləri daha cavan insanlarda olmur. Təəssüf ki, bir çox xəstəliklər kimi, ürək xəstəlikləri də getdikcə "cavanlaşır".

Gərgin iş rejimi, immun sistemin zəif olması, müxtəlif infeksion xəstəliklərin yayılması, insanların əsəb sisteminin pozulması bir çox xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.

Əksər hallarda ürək fəaliyyətinin pozulmaları asta-asta inkişaf edir və bu proses özünü müəyyən əlamətlərlə büruzə verir. Yadınızda saxlayın ki, ürək nahiyəsində ağrılar əmələ gəldikdə, onlara dözmək lazım deyil. Bu, təhlükəli ola bilər.

Bəs ürək xəstəliklərinin əlamətləri nədir?

 “İmmunitet.az” saytında qeyd olunur ki,  sizdə aşağıdakı əlamətlərdən biri və ya bir-neçəsi müşahidə olunarsa mütləq ürək həkiminə müraciət etməlisiniz.

Sinədə ağrılar. Ürəkdə normal qan dövranı pozulduqda, ürək əzələsi oksigenin çatışmazlığından əziyyət çəkməyə başlayır və bunun nəticəsində ağrı əmələ gəlir. Bu  cür ağrılar insan qaçdıqda, pilləkənlə qalxdıqda, tez-tez gəzdikdə,həyəcan zamanı, arterial təzyiq artdıqda əmələ gəlir.Ağrı ürək nahiyəsində, döş sümüyü arxasında əmələ gəlir, sol kürək nahiyəsinə, sol qola yayılır. Bəzi hallarda ürək ağrısı özünü qeyri-adi "aparır" diş, osteoxondroz ağrısına, qastrit tutmasına (mədə nahiyəsində ağrı, qıcqırma), ürəkbulanması və qusma ilə müşahidə olunur, insan çox həyəcanlı olur.

Təngnəfəslik. Havanın çatışmazlığı hissidir. Güclü fiziki gərginliklər zamanı təngnəfəslik təbii haldır. Bunun nəticəsində fəal işləyən əzələlər əlavə oksigenlə təmin olunur. Lakin əgər təngnəfəslik cüzi fiziki gərginlik zamanı əmələ gəlirsə, bu ürəkdə olan pozulmalara işarə edir.Həkimlər belə bir test istifadə edirlər. Əgər insan orta templə 3-4-cü mərtəbəyə qalxdıqda onda güclü təngnəfəslik əmələ gəlirsə, insan dayanmağa və bir qədər dincəlməyə məcburdursa, bu normal deyil.

Aritmiya. Əgər nəbz ritmik deyilsə, ürək səbəbsiz olaraq qəflətən tez-tez sonra isə asta-asta döyünürsə, bu aritmiyanın əlamətidir.

Keyimə hissi. Qollarda (adətən sol qolda), sinədə, aşağı çənədə fiziki gərginlik və ya həyəcan zamanı əmələ gələn keyimə hissi ürək fəaliyyətinin pozulmasının əlaməti ola bilər.Ödemlər. Ürək qanı orqanizmdə dövr etdirməyi çatdırmır ki, qanın axma sürəti azalır. Nəticədə mayenin bir hissəsi ümumi qan dövranından ətraf toxumalara keçir ki, bu onların həcminin artmasına səbəb olur. Ürək xəstəlikləri ilə bağlı olan ödemlər bütün bədəndə müşahidə oluna bilər. Lakin, bədənin aşağı hissəsində bu ödemlər daha gözəçarpan olur. Əgər insanın baldırları, topuqları şişirsə (bu zaman ayaqlar daha"yumru" görünür, corabları çıxardıqdan sonra ayaqlarda dərin iz qalır), insan barmaqlarını sıxa bilmirsə, üzük barmaqdan çıxmırsa, bu ödemlərin əlamətləridir.Bu əlamətlərdən əlavə səbəbsiz yorğunluq, yuxuda xorultu, uzun müddət ərzində keçməyən quru öskürək, tərləmənin artması da ürək xəstəliklərin simptomları ola bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”