06 fevral 2019 11:02
247

Uşaqların əl işlərindən ibarət sərgi-satış FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xüsüsi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım” İctimai Birliyi tərəfindən reallaşdırılan “Xüsusi qayğıya ehtiyacı olan yaradıcı gənclərin cəmiyyətə tanıdılması məqsədilə onların sərgilərinin təşkili” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edilib.

İki gün davam etmiş sərginin açılış mərasimində çıxış edən “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım” İctimai Birliyinin sədri Vüsalə Kərimova, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları bildirib ki, layihənin əsas məqsədi uşaqların faydalı əməyə cəlb edilməsi, həyat bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyasıdır. Çıxışçılar bu gün Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün həyata keçirilən işlərdən, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu sahədəki fəaliyyətlərindən, əldə olunan nəticələrdən və nailiyyətlərdən danışıblar.

Xüsusi qayğıya ehtiyacı olan balacaların ifa etdikləri rəqslər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, əl işlərinin satışından əldə olunan vəsait xüsusi qayğıya ehtiyacı olan uşaqların ehtiyacları üçün sərf ediləcək.