19 may 2020 08:46
221

ÜST pandemiya qaydalarında islahat aparacaq?

Dünya Səhiyyə Assambleyasının illik sessiyasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya qaydalarında islahat aparılması təklif olunub.

AZƏRTAC xəbər verir ki, beynəlxalq qurumun müstəqil ekspertlərdən ibarət Fövqəladə Hallar Proqramının Müstəqil Nəzarət və Məsləhət Komitəsi pandemiyalar zamanı ÜST-ün sərhəd keçidi və səyahətlərlə bağlı tövsiyələrinə yenidən baxılmasını təklif edib. Beynəlxalq qurumun fövqəladə hallarda fəaliyyətinə nəzarət funksiyası həyata keçirən bu komitə sessiya çərçivəsində yeni koronavirusla mübarizə ilə bağlı ÜST-ün fəaliyyəti haqqında ilkin hesabatını təqdim edib. Ekspertlər “beynəlxalq əhəmiyyət daşıyan tibbi fövqəladə hallar” anlayışının da yenidən nəzərdən keçirilməsini tələb ediblər. Onların rəyinə görə, dünyanın bir çox ölkələri virusun yayılmasına müvafiq hazırlıq prosesi ilə cavab verməyiblər. Buna görə də, gələcəkdə bir neçə mərhələdən ibarət həyəcan siqnalı sisteminə ehtiyac yaranıb.

Hesabatda, həmçinin ÜST tövsiyələrinə əməl edən, beynəlxalq qurumun fəaliyyətinə töhfə verən və pandemiyaya qarşı ciddi səylə mübarizə aparan ölkələrə minnətdarlıq ifadə olunub. Qeyd edilib ki, dünya hazırda indiyədək görünməmiş bir böhranın ən kritik nöqtəsinə gəlib çatıb və multilateral əməkdaşlıq, uzunmüddətli strategiya və qlobal həmrəylik olmadan bu virus üzərində qələbə qazanmaq mümkün olmayacaq.

Komitə pandemiya ilə bağlı mövzuları siyasiləşdirməməyə, əksinə, pandemiyaya qarşı mübarizənin növbəti mərhələlərində ÜST-ə vahid qlobal siyasi dəstək göstərməyə çağırıb.