24 aprel 2019 14:18
2740

“Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar”

Aprelin 24-də Yeni Azərbaycan Partiyasının qərargahında bu mövzuda keçirilən “dəyirmi masa”da bildirildi ki, məkrli siyasətdən qaynaqlanan “erməni soyqırımı” iddiasının heç bir əsası yoxdur və məqsəd etnik təmizləmə siyasətini pərdələmək, qonşu ölkələrdən ərazi qoparmaqdır.

“Dəyirmi masa”da Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov “erməni soyqırım”nın həqiqətdən kənar, məkrli siyasət olduğunu bildirdi. Vurğuladı ki, iddia olunduğu kimi, ermənilər kütləvi şəkildə qətlə yetirilməyib, əksinə Türkiyə və Azərbaycan əhalisi ötən əsrin müxtəlif dönəmlərində bədnam qonşularımızın soyqırımına məruz qalıb. Şəhərlər, kəndlər dağıdılıb, müsəlman olduqları üçün milyonlarla insan qətlə yetirilib: “100 ildən çoxdur ki, bəşəriyyət tarixin ən çirkin, ən məkrli yalanları ilə üz-üzə dayanıb. Bu məkrli yalanın adı “erməni soyqırımı”dır. Bu uydurmaya görə Türkiyənin Şərqi Anadolu bölgəsində guya bir milyon, bəzən isə daha böyük, fantastik rəqəmlərlə ifadə olunan “erməni soyqırımı” törədilib. Bu cür yalanları isə yalnız uydurmaq sahəsində böyük təcrübəsi olan ermənilər quraşdıra bilərlər. Bu yalanın 100 ildən artıq dövriyyədə olması, təbliğ edilməsi məkrli siyasətə yönəldilir. İnsanların kütləvi qırğınını gizlətmək sadəcə olaraq mümkün deyil. Çünki bu cür faciələr kütləvi məzarlıqlarla, qətliamları təsdiqləyən sənədlərlə sübuta yetirilməlidir. Ancaq ermənilərin və onların havadarlarının uydurduqları “soyqırımını” təsdiqləyən heç bir sənəd, iz yoxdur. Bir əsrdə təsdiqini tapmayan yalan uzun illərdir ki, məkrli siyasətə xidmət edir. Bunun əsas səbəbi ermənilərin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləmək, hər iki dost ölkəyə təzyiq göstərmək, müxətlif siyasi sövdələşmələrdən istifadə etməklə ermənilərin işğalçılıq əməllərinə göz yummaqdır”.

Baş nazirin müavini bildirdi ki, bu yalanın ifşa olunacağı günü gözləyən həqiqətlər unudulur və erməni vəhşiliyi ört-basdır edilir. Tarixi məqamlarda Türkiyədə ermənilərin iştirakı ilə ölkə daxilində qiyamların təşkili, Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı qətliamların törədilməsi, indi Ermənistan adlandırılan, əslində Azərbaycanın tarixi torpaqları olan İrəvanda azərbaycanlıların keçən əsrin əvvəllərindən başlayaraq qətlə yetirilməsi, on minlərlə soydaşımızın doğma torpaqları olan Qərbi Azərbaycandan deportasiya edilməsi düşünülmüş daşnak ideyalarının nəticəsidir: “On illər boyu bu siyasətin davam etdirilməsi, həqiqətin gizlədilməsi erməni məkrinin bir hissəsidir. 1915-ci ildə Bakıda və bölgələrdə soydaşlarımızın qətlə yetirilməsi dünya birliyi tərəfindən layiqli qiymətini hələ də almayıb. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq şəkildə ortaya qoyulması, bir milyona yaxın soydaşımızın etnik təmizləmə siyasəti nəticəsində məcburi köçkün adına məhkum edilməsi dünya ictimaiyyətini narahat etmir. Yəni şişirdilmiş, əsası olmayan “erməni soyqırımı”nın təbliği, dəstəklənməsi, etnik təmizləməyə məruz qalan azərbaycanlılara qarşı etinasızlıq pislədiyimiz və müxtəlif məqsədlərə xidmət edən ikili standartların nəticəsidir”.

“Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarının, uydurmalarının tamamilə əsassız olduğunu sübuta yetirmək üçün səyləri birləşdirmək, sistemli şəkildə çalışmaq, müvafiq addımlar atmaq, təbliğati işləri sürətləndirməkdir” söyləyən YAP Sədrinin müavini-icra katibi bildirdi ki, hər iki dost ölkənin malik olduğu resursları birləşdirməklə, çox ciddi təhdidlərin qarşısını birgə almaqla erməni yalanlarının əsassız olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq mümkündür: “Azərbaycan əhalisinin təxminən bir faizini təşkil edən, Dağlıq Qarabağda yaşayan ermənilərin iddialarının yerinə yetirilməsi naminə bütün Azərbaycan xalqı əziyyət çəkir. Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində maddi-mədəni abidələr dağıdılır, xalqımıza məxsus sərvətlər talan edilir, insanlara mənəvi zərbə olan humanitar fəlakətlər törədilir. Bu faciələri dünya xalqlarına çatdırmaq üçün Türkiyə ilə Azərbaycan vahid mövqedən çıxış etməlidirlər. “Erməni soyqırımı”nın müxtəlif dövlətlər tərəfindən tanınması qətiyyətlə pislənilməlidir. Vaxtılə başqa xalqlara qarşı soyqırımı törədənlər bu gün “erməni soyqırımı”nı tanımaqla keçmişdə törətdikləri qətliamları, işğalçılıq əməllərini pərdələmək üçün canfəşanlıq edirlər. Bu baxımdan birgə fəaliyyətin nəticə verməsi üçün hər kəs çalışmalıdır”.

Əli Əhmədov onu da bildirdi ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Xocalı soyqırımı bir çox dövlətlər tərəfindən tanınmışdır. Əsas məqsəd isə millət, xalq olaraq Azərbaycan, Türkiyə həqiqətlərinin təbliğində fikir ayrılıqlarına yol verməmək, erməni məkrinə qarşı mübarizədə vahid ideyanı, milli iradəni ortaya qoymaq, diplomatik hücumu formalaşdırmaqdır.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə qeyd etdi ki, rəsmi Ankara “erməni soyqırımı” ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Türkiyədə və Ermənistanda arxivlərin açılmasını, hadisələrə tarixçilərin qiymət verməsini təklif etdi: “Hətta təklif olundu ki, təşkil olunacaq tərkibə başqa ölkələrin tanınmış tarixçiləri də daxil edilsin. Bu gün də Türkiyənin bu təklifi açıqdır. Yalanlarının ifşa olunmasından ehtiyat edən Ermənistan bu təklifə razılıq vermədi. Bu hərəkətin özü təsdiqləyir ki, “erməni soyqırımı” iddiasını irəli sürənlər həqiqətdən yayınırlar. Birinci Dünya müharibəsində bir çox imperialist dövlətlərə qarşı müharibəyə cəlb olunan Türkiyədə yaşayan ermənilər ölkə daxilində qarışıqlıq saldıqları üçün onlar bəzi bölgələrdən köçürüldülər. Bu faktı “soyqırımı” kimi qələmə verən ermənilərin iddialarının əksinə olaraq Şərqi Anadoluda bir dənə də olsun ermənilərin dəfn edildiyi kütləvi məzarlıq, sənəd, sübut yoxdur. Belə ki , bizim tarix qarşısında utanılacaq əməlimiz də yoxdur. Əksinə, ermənilər müxtəlif vaxtlarda, ayrı-ayrı ölkələrdə ölkəmizi təmsil edən 34 türk diplomatını qətlə yetirmişlər. Ermənilərin isə utanılası əməlləri çoxdur”.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “erməni soyqırımı”nın daşnakların uydurduğu yalan olduğunu tarixi faktlarla diqqətə çatdırdı. Bildirdi ki, “erməni soyqırımı”nı sübut etməyə çalışanlar insan cəlladlarıdırlar: “Böyük Ermənistan” ideyasının reallaşması üçün vasitə olan “erməni soyqırımı” bəzi güclər tərəfindən istifadə edilən siyasi alətdir. Əməkdaşlarımızın müxtəlif ölkələrdən əldə etdikləri sənədlərdə isə əksinə ermənilərin türklərə qarşı qətliamlar törətdiklərini təsdiqləyən faktlar istənilən qədərdir. Kökü olan bir dövlətin mifologiyası, folkloru, tarixi qəhrəmanları olar. Bəzi erməni alimləri də təsdiqləyirlər ki, tarixdə Ermənistan adlı dövlət olmayıb. İmperiya siyasətinə uyğun olaraq başqa ölkələrdən köçürülən ermənilər havadarları hesabına dövlət yaradaraq, hətta qonşularına qarşı ərazi iddialarından da çəkinmirlər. Bu istəklərinə nail olmaq üçün isə əsas bəhanə kimi “erməni soyqırımı”ndan yararlanmağa çalışırlar”.

Milli Məclisin deputatlarından Fəzail Ağamalı, Fazil Mustafa, Asim Mollazadə, Rauf Əliyev və başqaları təkliflərini də bildirdilər. Təklif olundu ki, Ermənistandan mərhələlər üzrə çıxarılan soydaşlarımızın deportasiyasının acı nəticələrini əks etdirən mərkəzlər, Bakıda deportasiya və soyqırımı parkı yaradılsın. 5 dekabr tarixi soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası günü kimi qeyd olunsun.

Əli Əhmədov bildirdi ki, ermənilərin vəhşiliklərinin dünyada daha geniş miqyasda tanıdılması üçün səylər birləşdirilməli, beynəlxalq təşkilatlarda ermənilərin azərbaycanlılara və türklərə qarşı apardıqları soyqırımı siyasətinin layiqli qiymətinin alınmasına nail olunmalıdır. Çıxışlarda səslənən rəy və təkliflərin əks olunduğu bəyanatın hazırlanması təklif edildi.

Xuraman İsmayılqızı,
Vüsal Cahanov, (foto) 
“İki sahil”