09 avqust 2019 17:48
125

Uzaq Pamirdən Azərbaycan sərhədlərinədək

Tanışlığımızdan otuz ilə yaxın bir dövr keçir. Maraqlı həyat yolu, uğrunda mübarizə aparıb qələbələrə imza atan, uğurunu daxilən qəlbində gizlədən, sevincini dost bildiyi insanlarla bölüşən, xeyirhaxlığından heç vaxt dönməyən peşəkar hərbçi, istedadlı alim, əsl dost. Bu polkovnik Cəlil Xəlilovdur. Hər bir kəsin taleyi öz əlindədir desək, yanılmarıq. Cəlil Xəlilov da istəyinə çatmaq üçün heç zaman çətinlikdən qorxmayıb, maneələrə sinə gərib, prinsipiallıq göstərib. 1975-ci ildə Masallı rayonunun Həsənli kənd orta məktəbini bitirən Cəlil Xəlilov uşaqlıqdan çox kəşməkeşli həyat yolu keçib. Hərbçi olmaq arzusu ilə yaşayan gənc Cəlil Ural Hərbi Dairəsində 1977-1978-ci illərdə əsgəri xidmətdə olub. Nümunəvi əsgər kimi komandirlərinin hörmət və etimadını qazanıb. Məhz bu keyfiyyətlərinə görə ona komandirləri çox müsbət xasiyyətnamə yazıblar. O, Simferopol Ali Hərbi Siyasi Məktəbinə qəbul olunub. Kursant həyatının çətinlikləri onu qorxutmayıb. Xalqının adını həmişə uca tutub, onun şərəfli tarixinə sadiq qalıb. Elmlərə dərindən yiyələnməklə yanaşı, idmanla müntəzəm və ciddi məşğul olub. Bir sözlə, gələcək zabit davranışları ilə həmişə seçilib.

Bəlkə, tale onu daha çox sınağa çəkməklə, daha da möhkəmləndirib mətinləşdirib. O, bu sınaqlardan üzü ağ çıxmaqla mübarizliyini, sübut edib. Ali Hərbi Məktəbi bitirəndən sonra gənc zabitə keçmiş SSRİ DTK-nın cənub-şərq, Pamir Sərhəd dəstəsinə təyinat veriblər. O zaman Əfqanıstanla yüzlərlə kilometr sərhədi olan Tacikistanda da vəziyyət çox gərgin idi. Sərhəddə silahlı toqquşmalar, basqınlar, terror-təxribat hadisələri ara vermirdi. Xidmət çox ağır bir şəraitdə aparılırdı. Cəlil Xəlilov sərhəd pozucularının ardı-arası kəsilməyən hücumuna məruz qalan Bədəxşanın Murqab sərhəd dəstəsində əsl zabit, qorxmaz bir hərbçi kimi şücaət göstərib.

Hər an təhlükə, hər an ölüm, gərgin həyat onu qorxutmayıb. Necə deyərlər, bir əlində silahı, bir əlində qələm-kitabı. Siyasi şöbədə baş təlimatçı kimi irəli çəkilən Cəlil Xəlilov təhsilini də davam etdirməyi qərarlaşdırıb. Bir dəfə söhbət əsnasında dedi ki, adını dilinə gətirmək istəmədiyim bir zabit vardı, mənim təhsil almağıma hər yolla mane olmaq istəyirdi. Gecə-gündüz çalışırdım. O zaman Orta Asiya Hərbi Dairəsinin hərbi tribunalın sədri olan general Firudin Rəsul oğlu Hüseynovun qəbuluna düşdüm. Firudin müəllim çox böyük nüfuz sahibi idi. Məni diqqətlə dinlədi. Mənim ikinci təhsil almağımı biləndə sifətində bir işıq, bir təbəssüm hiss etməyə başladım. Aradan bir az keçmiş sərhəd dəstəsindən xəbər verdilər ki, mənim təhsil almağıma icazə verilib. Sənədlərimi Tacikistan Dövlət Universitetinin hüquq fakültəsinə verdim. Xidmətimlə yanaşı, hüquq fakültəsinin tələbəsi kimi daha yaxşı oxumağı qarşıma məqsəd qoydum.

1987-ci ildə onun xidməti yerini Lənkəran sərhəd dəstəsinə dəyişirlər. Astarada komendantın şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyinat alan Cəlil Xəlilov xidməti işin təşkili, nizam-intizamın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görməyə başlayır.

Tanınmış hərbçi, alim, sərhəd qoşunlarımızın formalaşmasında can yandıran, öz bilik və bacarığı ilə sərhəd dəstəsinin qərargah rəisi vəzifəsindən Sərhəd Qoşunlarının komandanının müavini vəzifəsinə qədər yüksəlmiş  bir zabitin ömür yolu örnəkdir desək, yanılmarıq.

Xatırlayıram, 1992-ci ilin noyabrında Lənkəran sərhəd dəstəsinə ezamiyyətə getmişdim. Rusiya Federasiyasının sərhədçiləri hələ Lənkəranı tərk etmədiyi üçün Azərbaycan sərhədçiləri Vel qəsəbəsindəki düşərgədən təlim-tədris məntəqəsi kimi istifadə edirdi. Xəzərin sahilində yerləşən bu düşərgə sovetlər zamanı sərhədçi zabit-gizirlərin övladlarının istirahət yeri olmuşdu.

İlk görüşümüzdən Cəlil Xəlilovun  bacarıqlı zabit, dərin biliyə sahib, mənəvi cəhətdən yetkin bir ziyalı olduğunu yəqin etdim. Yenicə yaranan Sərhəd Qoşunlarımızın qarşısında duran ağır, çətin və şərəfli vəzifələrin öhdəsindən gəlmək üçün çox çalışmaq lazım idi.

Ordu quruculuğunda çox yaxından iştirak edir, yeni yaranan sərhəd qoşunlarımızın uğurlu gələcəyinə varlığı qədər inanırdı.

Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr ölkədə sabitliyi pozmaq, iğtişaşlar törətmək, ayrı-seçkilik toxumu səpmək, inamsızlıq yaratmaq kimi məkrli siyasəti həyata keçirmək üçün cəhd göstərirdilər. Bu çox təhlükəli oyunun qarşısını almaq üçün hər bir Azərbaycan vətəndaşı qeyrət göstərmiş, xainlərə layiqincə və tutarlı cavab vermişdir.

1993-cü ilin avqust ayında Lənkəranda baş verən hadisələr zamanı sərhəd qoşunlarımızın şəxsi heyəti içdikləri anda sadiq qaldılar və bir qrup separatçının zərərsizləşdirilməsində, ifşa olunmasında, qətiyyətli mövqe tutdular. O zaman Lənkəran Sərhəd Dəstəsinin rəhbərliyi və bütün şəxsi heyəti vətən sevgisinin müqəddəsliyini bir daha sübuta yetirdilər. Birliyimizi, bərabərliyimizi pozmağa cəhd edənlərin bədxah niyyətləri puç oldu, xəbis ürəklərində qaldı. Haqq qələbə çaldı. C.Xəlilovun da hərbi taleyində bu anlar heç zaman yaddan çıxmayacaq, yaddaşlardan silinməyəcək.

Xidməti işin təşkilində əldə etdiyi uğurlar ona böyük etimad göstərilməsinə səbəb oldu. Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin rəisi, sonradan MTN Sərhəd Qoşunları komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə yüksəldi.

Bir zabit kimi respublikamızın aparıcı qəzet və jurnallarında C.Xəlilovun sərhəd həyatından, ordu quruculuğundan bəhs edən onlarla maraqlı məqalələri dərc olunub. O, elmi fəaliyyətini də unutmur. Elmi mövzuda qələmə aldığı əsərlər oxucular tərəfindən rəğbətlə qarşılanıb.

C.Xəlilov müxtəlif vəzifələr tutmasına baxmayaraq daim öz səmimiliyini qoruyub saxlamaqda, insanlara qarşı xeyirxahlığını əsirgəməməkdədir. Qarabağ uğrunda gedən döyüşlərdə Silahlı Qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə döyüşən sərhədçilərimizin şücaəti danılımazdır. O, zaman Cəlil Xəliov səngərdə əsgər və zabitlərimizlə birgə idi. Erməni faşizminə qarşı döyüşmək, düşməni məhv etmək müqəddəs borcdur. Fizuli, Beyləqan istiqamətində  gedən döyüşlərdə C.Xəlilov bir peşəkar zabit kimi həmişə öndə idi.

Onun dövlətçiliyimizə əvəzsiz xidmətləri həmişə diqqət mərkəzində olmuş və daim qiymətləndirilmişdir. Qeyd etdiyim kimi, o, elmi araşdırmalarını davam etdirir. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirən C.Xəliov  "Milli Təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu" mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi-siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Ömrünün  qırx ilə yaxın bir dövrünü sərhəddə xidmətdə keçirən Cəlil Xəlilov həmin anları heç bir zaman unutmur. Taleyindən qızıl xətt kimi keçən hər günündə bir sərhəd sevgisi var. Sərhədimizdə baş verən hər bir uğurlu addıma hamı kimi o da ürəkdən sevinir, qürrələnir.

1993-cü il iyun ayının 15-də xalqımızın təkidi tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çox böyük müdriklik, siyasi iradə, yüksək dövlət idarəçiliyi nümunəsi göstərərək Azərbaycanı düşdüyü ağır bəlalardan, xalqımızı fəlakətlərdən xilas etdi. Tariximizdə əsrlər boyu müasir Azərbaycanın qurucusu kimi yaşayacaq Ulu Öndərin dövlətimizin bütün sahələrini əhatə edən çox müdrik, qiymətli ideyaları əbədiyaşardır, daimidir. Bu qiymətli ideyalar ordu quruculuğunda çox mühüm, əhəmiyyətli yer tutur. Politoloq alim kimi Cəlil Xəlilovun yaradıcılığında bu məqamlar xüsusi vurğulanır. Çox maraqlıdır ki, Cəlil Xəlilov xidmət etdiyi dövrdə veteranlara qarşı daim böyük hörmət, qayğı göstərir. Əlamətdar günlərdə, tədbirlərdə əmək və silahlı qüvvələrimizin veteranları sərhədçilərin qonağı olur. Milli Ordu və sərhəd qoşunlarında şərəfli xidmət yolu keçmiş həmin general və zabitlərin əsgər və zabitlərimiz qarşısındakı çıxışları çox müsbət qarşılanmaqla bərabər, uzun müddət onların xatirələrində yaşayır, müsbət duyğular oyadır.

Bu yaxınlarda 100 illiyini qeyd edəcək Sərhəd Qoşunlarımızın əldə etdiyi uğurlara qəlbən sevinən C.Xəlilov görülən işlərin, həyata keçirilən tədbirlərin daimi və uzunömürlü olacağına, sərhəd qoşunlarımızın yüksəlişinə, müqəddəs sərhədlərimizin mühafizəsi kimi şərəfli xidmətlərinə uğur arzulamaqdadır.

Respublika Veteranlar Təşkilatına xalqımızın ləyaqətli oğlu general-polkovnik Tofiq Ağahüseynov rəhbərlik edən zamandan bu qurumda çox müsbət dəyişikliklər baş verməkdədir. General-polkovnik T.Ağahüseynovun zəngin hərbi təcrübəsi və sərişdəsi, C.Xəlilovun yüksək təşkilatçılığı və işgüzarlığı bu qurumun nüfuzunu daha da yüksəldib.

C.Xəlilov 2014-cü ildə Respublika Veteranlar Təşkilatının sədr müavini seçilir. Bu gün Prezident İlham Əliyein veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq ideyalarına sadiq, vətənpərvərlik, xalqımızın tarixinə hörmət ruhunda tərbiyə olunması istiqamətində C.Xəlilov çox böyük işlər görür.

Onlarla orta məktəbdə, Müdafiə Nazirliyinin təhsil müəssisələrində, digər güc nazirliklərinin akademiyalarında, həmçinin ali məktəblərdə veteranlarla yaddaqalan görüşlər keçirilir

Uzun illərin zəngin təcrübəsi, toplanmış nəzəri biliklər, aparılan ciddi araşdırmalar, əldə olunmuş nailiyyətlər bir yerə toplanmış və istedadlı alim tərəfindən qələmə alınaraq “Milli Təhlükəsizlik strategiyası” adlı çox qiymətli kitab ortaya qoyulmuşdur.

Ad günü insanların ən yadda qalan, günlərindəndir. Ona görə yox ki, insanlar bir yerə toplaşır, ürək sözlərini söyləyir, təbriklərini yetirirlər, ona görə ki, sonda insan özü ilə təkbətək qalır, keçdiyi ömür yoluna nəzər salır, vicdanı qarşısında hesabat verir. Altmış yaşın işığında hər şey aydın görünür. Keçilən yolda gərgin əmək, məqsədə çatmaq üçün qətiyyətli iradə, dözüm, zəhmətə qatlaşmaq kimi bir sınaq dayanır. Bu deyilənlərə əməl edən hər kəsi uğur gözləyir. 

İlk sərhədçi generalımız Mustafa Nəsirov xidmətdən söz düşəndə Cəlil Xəlilovun adını hörmətlə çəkirdi. Milli Sərhəd Qoşunlarımızın ilk komandanı, general-mayor İsgəndər Allahverdiyev Cəlil Xəlilovun uğrunu, hərbi xidmətdəki uğurunu həmişə dəstəkləmişdir. Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov Cəlil müəllimi yaxşı tanıyırdı, ona inanırdı. Bir neçə dəfə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş general-mayor Vladimir Timoşenko polkovnik Cəlil Xəlilova qarşı rəğbətini gizlətmir və “Həqiqi polkovnik” adlı məqaləsində onu peşəkar hərbçi, milli təhlükəsizlik sahəsində tanınmış mütəxəssis, veteranların  problemlərinin həllinə can atan, Avropada Azərbaycanı ləyaqətlə təmsil edən bir politoloq, varlığı ilə Azərbaycanı sevən, azərbaycançılığı yorulmadan təbliğ edən istedadlı bir alim kimi dəyərləndirir.

P.S. Peşəkar hərbiçi, istedadlı alim, Pamirdən Azərbaycan sərhədlərinə qədər şərəfli xidmət yolu  keçmiş polkovik  Cəlil Xəlilov haqqında yalnız səmimi ürək sözlərimin bir hissəsini qələmə aldım. Rəsmiyyətdən uzaq.

Nəsibiniz həmişə uğur olsun, Cəlil müəllim!

İlqar Quliyev,  
polkovnik