08 may 2019 10:33
1119

Varisliyə sadiqlik: qüdrətli Azərbaycan

1 oktyabr 2003-cü il. Həmin ilin 15 oktyabrında keçiriləcək prezident seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına ünvanladığı müraciət təkcə Ulu Öndərin deyil, bütünlükdə Azərbaycan xalqının cənab İlham Əliyevə olan böyük ümidlərinin təcəssümü idi. Ulu Öndər bu tarixi müraciəti ilə xalqa özünün əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir:

“... Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Bu tarixi müraciəti təsadüfən xatırlatmadıq. 1993-cü ildə Prezident kimi and içən ulu öndər Heydər Əliyev proqnozlardan söz açaraq söyləmişdi: “ Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbür edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.”

İlk dəfə Prezident kimi and içən cənab İlham Əliyev “ Heydər Əliyev siyasəti Azərbaycana böyük uğurlar gətiribdir” söyləməklə vurğulayıb ki, mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram: “Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir.” Bu əminlik təkcə oğulun ataya deyil, bütün Azərbaycan xalqına vədi idi. Yəni məqsəd, məram eynidir.

İki mərhələdə Azərbaycana rəhbərlik edən, respublikanın inkişaf istiqamətlərini düşünülmüş parametrlər üzrə müəyyənləşdirən, bütün dünya azərbaycanlılarının ümummilli lideri olan Heydər Əliyevin “Əmin ola bilərsiniz ki, bir Prezident kimi mən bu vəzifəni özümün əsas vəzifəm hesab edirəm və bunu yerinə yetirmək üçün bütün Azərbaycan xalqının qüvvələrini səfərbər edib, bütün imkanlardan istifadə edib, bütün səylərimi səfərbər edib Azərbaycan xalqının istəyinə nail olacağam” sözlərinin alternativi bu siyasətə sadiq qalacağını bəyan edən cənab İlham Əliyevin “ Mən məsuliyyətə də , çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün xalqımız üçün yaxşı Prezident olacağam” sözləri oldu.

Arxada qalan 15 ildə görülən işlər həqiqi mənada varisliyə sadiqlik kimi tarixə yazıldı.

Azərbaycan xalqının milli müstəqilliyini tarixi hadisə adlandıran Ulu Öndərin “Bu Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz” sözlərinə sadiqliyini ölkədə vətəndaş həmrəyliyini möhkəmləndirməklə, respublikanı tolerant, multikulturalizm, sivilizasiyalararası məkanına çevirməklə, demokratik islahatları genişləndirməklə təsdiqləyən cənab İlham Əliyev “2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır” söyləməklə suverenliyimizin əsas şərtləri olan ölkə iqtisadiyyatının müstəqilliyini də diqqətdə saxladı. Həyata keçirilən Dövlət proqramlarının tətbiqi ilə Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” tezisini reallaşdırdı. Müstəqilliyin əsas şərtlərindən olan, mövcud potensialdan düşünülmüş istifadə etməklə, iqtisadi islahatların tətbiqi ilə bazar iqtisadiyyatına keçməyi, dünya iqtisadi sisteminə inteqrasiyanı ən düzgün yol adlandıran Ulu Öndərin bu sahədəki proqnozlarının daha mütəşəkkil qaydada reallaşmasını təmin edən cənab İlham Əliyevin imzaladığı sərəncamlarla ölkədə sahibkarlığın inkişafı üçün geniş imkanlar yarandı.

Hələ Naxçıvan MR Ali Məclisinin sədri olarkən qəbul etdiyi müvafiq qərarlarla bazar iqtisadiyyatının təməlini qoyan Ulu Öndərin “ Bu yol çətin, ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır... Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur” sözlərinin məntiqi nəticəsi hazırda inkişafın Azərbaycan modelinin, iqtisadi inkişafının beynəlxalq maliyyə təşkilatlarında başqalarına nümunə göstərilməsidir.

Ötən əsrin son onilliyində ölkədəki iqtisadi böhranın aradan qaldırılması üçün ölkədə siyasi sabitlik yaradan, bütün qüvvələri səfərbər edərək insanları milli təfəkkür, azərbaycançılıq ideyaları ətrafında birləşdirən, birlik və həmrəyliyi gücləndirən Ulu Öndər öz şəxsiyyətində intellekt- yaddaş- əbədi sima formulunu təsdiqlədi.

Prezident kimi ilk günlərdən  “Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq” söyləyən cənab İlham Əliyev bu sahədə də Ulu Öndərin tövsiyələrini yerinə yetirdi. Hazırda ölkə üzrə ÜDM-də özəl bölmənin payı 80 faizə yaxındır.

Prezident İlham Əliyevin hakimiyyəti illərində siyasi sferada olduğu kimi, iqtisadi sahədə də ciddi uğurlar qazanılmışdır. Onun rəhbərliyi ilə son 15 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə planlı sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesi başa çatmışdır. Bu dövrdə makroiqtisadi sabitlik möhkəmləndirilmiş, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlmişdir. 2004-2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı icra olunmuşdur. Hazırda dördüncü proqramın icrasına başlanılıb.

Ötən dövr ərzində qeyri-neft sənayesi ardıcıl şəkildə inkişaf etdirilmiş, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə başlamış, 2 milyondan artıq iş yeri yaradılmışdır. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, ölkə ərazisində çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar yaradılmış, istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac imkanlarının artırılması və innovativ istehsalın inkişaf etdirilməsi istiqamətində ciddi tədbirlər görülmüşdür. On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizini təşkil edən həmin investisiyanın təxminən yarısı daxili mənbələrin payına düşür. Azərbaycan brendi ilə tanınan məhsullarımız dünya bazarlarında daha çox alıcı cəlb edir.

Ulu Öndərin şah əsəri olan neft strategiyası Azərbaycan intibahının iqtisadi, siyasi, sosial yüksəlişinin, dünyaya inteqrasiyasının strateji və metodoloji prinsipi kimi özünü doğrultdu. Müdrik siyasətçi Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğunu, təkrarolunmazlığını tarix təsdiqləsə də, neft strategiyasının daha geniş coğrafiyada tətbiqi kimi məsul vəzifəni yerinə yetirmək cənab İlham Əliyevə nəsib oldu. “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” sözləri ilə zəngin təbii sərvətlərə malik Azərbaycan xalqının sosial müdafiəsinin gücləndirilməsində bu amilin böyük rolu olduğunu bildirən Ümummilli Liderin bu arzusu da artıq reallaşıb. Son aylarda ölkədə aparılan sosial islahatlar neft strategiyasının xalqa verdiyi töhfədir.

Bir zamanlar Azərbaycanı səfərlərdə olduğu ölkələrdə xəritələrlə tanıdan Ulu Öndərin bu istəkləri də həllini tapıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən nəhəng transmilli layihələr həyata keçirilmiş, Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərləri, Avropanın enerji təhlükəsizliyinin, ölkəmizin iqtisadi maraqlarının təmin edilməsində böyük əhəmiyyətə malik Cənub Qaz Dəhlizi, TANAP istifadəyə verilmişdir.

TAP layihəsinin icrası isə qrafik üzrə davam etdirilir. 1994-cü il sentyabrın 20-də Bakıda Ulu Öndərin iştirakı ilə imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) 2050-ci ilə qədər uzadılması ümummilli lider Heydər Əliyevin təbii sərvətlərimizin Azərbaycan xalqına məxsusluğu tövsiyəsinin davamıdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüş, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolu istifadəyə verilmişdir. Beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Azərbaycan Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir.

Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur. Ulu Öndərin “Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər əsasında gedəcəkdir” sözləri də artıq reallaşıb. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizin qitələri birləşdirən körpü kimi tanınması, ən mühüm tədbirlərə, möhtəşəm yarışlara ev sahibliyi etməsi Ulu Öndərin “... Azərbaycan Respublikası bir müstəqil dövlət kimi gələcəkdə bütün bu dövlətlərlə və başqa ölkələrlə səmərəli əlaqələr yaratmağa və respublikamızı bu ağır vəziyyətdən çıxarmaq üçün onların imkanlarından istifadə etməyə çalışacaqdır” sözlərinin reallığıdır. Azərbaycana dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının üzvü etimad artmaqdadır. Ən qüdrətli dövlətlər belə ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar.

Müdrik siyasətçi Heydər Əliyevin adı bir çox səbəblərə görə dünyanın siyasi tarixində əbədi yaşayacaq. Ən azından ona görə ki, müharibə şəraitində sülh yaratmaq hər bir liderə nəsib olmayan fitri istedad, sərkərdəlik məharətidir. Hakimiyyətə gəlişi ilə ölkədəki xaosu aradan qaldıran Ulu Öndər bir sərkərdə kimi də ordu quruculuğunu diqqətdə saxladı. Azərbaycan Silahlı Qüvvələrinin ötən il keçirilən möhtəşəm paradı isə Ulu Öndərin ordu quruculuğu sahəsində başladığı islahatların məntiqi nəticəsi, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığının nümunəsi idi. Ulu öndər Heydər Əliyev Azərbaycanın memarı idi. Liderliyin xalqla ünsiyyət formulunu bütün nitq və görüşlərində diqqətə çatdıran Ulu Öndərin başqalarında hiss olunmayan keyfiyyətlərini bu siyasi məktəbin ən layiqli müdavimi cənab İlham Əliyev yaşadır. Güclü səsi, məntiqli çıxışları, böyük nitq mədəniyyəti ilə müsahiblərinin diqqətini cəlb edən Ulu Öndərin bu xüsusiyyətlərini də şəxsiyyətində formalaşdıran cənab İlham Əliyevin siyasi fəaliyyətində liderliyin ünsiyyət formulu Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Ulu Öndərin XXI əsrin reallıqlarına uyğun ölkənin potensial gücünün, əsas sərvətinin insan amili, insan zəkası olması tövsiyəsi də cənab İlham Əliyevin siyasətində ön sıralarda yer alır.

...Tarixi insanlar yaradır. Onu zənginləşdirən, bəşəriyyətin ibrət dərslərini şəxsi keyfiyyətlərində nəsildən-nəslə ərməğan edən liderlərin taleyi rəhbərlik etdikləri dövlətlərin salnaməsi ilə eynilik təşkil edir. Böyük sərkərdə kimi tanınan Napaleon demişdir ki, siyasət taledir. Əliyevlərin bəxtinə yazılan tale kimi. Tarixdə bir həqiqət də sübuta yetirilib ki, dövlət həm də xalqın düşüncə tərzini şəxsi keyfiyyətlərində yaşadan liderlik fəlsəfəsinin qanunauyğunluğudur və siyasi hadisələrin düzgün məcraya yönəldilməsi liderlik bacarığından asılıdır. Müasir ölkəmizin dünyada ən qüdrətli dövlət kimi tanınmasının əsasını da bu fəlsəfə təşkil edir. Xalqımızın əbədi sərvəti - müəllifi ulu öndər Heydər Əliyev olan azərbaycançılıq fəlsəfəsi isə onun tərkib hissəsi kimi milli birlik və həmrəyliyimizi formalaşdırır. Bu fəlsəfəni müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin sadiq qaldığı siyasəti dəstəkləyən beynəlxalq siyasətçilər bir həqiqəti etiraf edirlər: İnkişafın Avrasiya modelinin müəllifi olan, enerji və nəqliyyat layihələrini reallaşdıran, xalqları eyni məqsəd naminə birləşdirən Azərbaycan dünya deməkdir. Bu dəyər ulu öndər Heydər Əliyev əbədiyaşar qətiyyətinin təntənəsi, cənab İlham Əliyevin varisliyə sadiqliyinin ifadəsidir.

Xuraman İsmayılqızı, “İki sahil”