03 iyul 2019 14:18
835

Vaşinqtondakı görüşündən sonra iki müsbət nəticə əldə olunub- Şərh

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən sonra iki müsbət nəticə əldə olunub.

Birinci nəticə. Uzun illərdən sonra tərəflər girovları dəyişdiriblər. Doğrudur, hər iki tərəf ancaq bir girov dəyişdirib. Ancaq bu prosesin gələcəkdə genişlənəcəyinə müəyyən ümidlər var.

İkinci nəticə. Cəbhə bölgəsində nisbi sakitlikdir, atəşkəs keçmiş aylarda və həftələrdə olduğu kimi intensiv pozulmur.

ATƏT-in Minsk Qrupu həmsədləri hazırda bu iki nəticənin genişlənməsinə çalışır. Bu nə deməkdir?

Birincisi, həmsədrlər çalışacaqlar ki, tərəflər daha çox girov dəyişdirsinlər. Azərbaycan da bunu istəyir. Məsələn, Azərbaycan Dağlıq Qarabağda saxlanılan iki girovu Azərbaycanın əlində olan bütün erməni girovlarla dəyişməyə hazırdır. Ancaq hələ ki, Ermənistan buna hazır deyil. Ermənistanın baş naziri Nikol Paşinyan həmin iki girovu bəlkə də azad etmək istəyir, sadəcə, o Dağlıq Qarabağ separatçılarından və elə Ermənistandakı “Qarabağ klanı”nın etirazıdan qorxur. Çünki həm Xankəndidəki separatçılar, həm də İrəvandakı “Qarabağ klanı” Dağlıq Qarabağdakı iki girovun azad edilməsini Paşinyanın Azərbaycanın təzyiqi qarşısında zəifliyi kimi qəbul edəcək və ona qarşı təzyiqi artıracaqlar. Halbuki, iki givorumuzn azad edilməsi Ermənistanın özünün xeyrinədir, bu Paşinyanın arzuladığı inam atmosferinin yaranması üçün ilk addım da ola bilər.

İkincisi, həmsədrlər atəşkəsin indiki kimi daimi xarakter alması üçün yeni mexanizmlər üzərində işləyirlər. Məsələn, həmsədrlər çox arzulayırlar ki, snayperlər hər iki tərəfdən geri çəkilsin və ya bütün cəbhə boyu müşahidə kameraları quraşdırılsın. Bunu Ermənistan da istəyir. Ancaq bu Azərbaycanın maraqlarına cavab vermir. Çünki həm snayperlərin geri çəkilməsi, həm də müşahidə kamerelerının quraşdırılması status-kvonun uzanmasına şərait yaradır. Snayperlərin geri çəkilməsi və müşahidə kameralarının quraşdırılması işğalçı Ermənistanı rahat salacaq, eyni zamanda Azərbyacanın Ermənistana qarşı təzyiq imkanlarını azaldacaq. Bu baxımdan rəsmi Bakı həmsədrlərin bu iki təklifini qəbul edə bilməz.

Girovların dəyişdirilməsinə və atəşkəsin qorunmasına baxmayaraq, münaqişənin köklü həllində irəriləyiş yoxdur. Yay aylarında toqquşma risqi böyükdür. Ona görə də həmsədlərin hər il olduğu kimi başlıca məqsədi yay aylarını ötürməkdir. Ancaq cəbhə bölgəsində durum istənilən an dəyişə bilər. Məsələn, Ermənistan ordusu işğal altındakı təlimlərə başlasa bu atəşkəsin pozulmasına rəvac verəcək. Belə hallar dəfələrlə olub.

                                                                                                                                                                                                                  Elxan Şahinoğlu,

                                                                                                                                                                         “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri