09 fevral 2020 15:44
981

Vasif Talıbov ailə üzvləri ilə birlikdə səs verib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib

2020-ci il fevralın 9-u ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər günüdür.

Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə yaradılmış 316 seçki məntəqəsindən 25 namizəd, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsindən 140 namizəd qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib.

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində 1481 seçici qeydiyyatdadır. Saat 11:00-a məntəqədə seçicilərin 33 faizi səs verib.