03 dekabr 2020 11:33
818

Vergi uçotu mühasibat uçotundan nə ilə fərqlənir?

Vergi və mühasibat uçotları arasındakı əsas fərq onların tənzimləməsi sistemindədir. Mühasibat uçotu “Mühasibat uçotu haqqında” Qanunla, eləcə də digər qanunvericilik sənədləri və standarlarla tənzimlənir. Vergi uçotu isə Vergi Məcəlləsi və digər hüquqi normativ aktlara əsaslanır.

"İki sahil" xəbər verir ki, mövzunu şərh edən maliyyə üzrə ekspert Ramin Ramazanov vergi və mühasibat uçotu arasındakı fərqlərin böyük hissəsinin vergi və mühasibat mənfəətinin müəyyənləşdirilməsi zamanı yarandığını bildirib.

Onun sözlərinə görə, vergi və mühasibat uçotunun əsas fərqlərinə gəlir və xərclərin fərqli təsnifatı; amortizasiya hesablamaları metodları; gəlir və xərclərin tanınması metodları; material və istehsal ehtiyatlarının dəyərləndirilməsi üsulları və sair aid edilə bilər: “Məsələn, mühasibat uçotunda əsas vəsaitlərin amortizasiyası bir neçə üsulla (xətti, azalan qalıq, faydalı istifadə müddəti və sair) hesablana bildiyi halda, vergi uçotunda yalnız bir metoddan istifadə edilir. Əgər mühasibat uçotunun qiymətləndirmək və nəzarət etmək bacarığı varsa, vergi uçotunu qanunvericiliyin tələblərinin yoxlanılması və yerinə yetirilməsi üçün vacibdir”.

Ekspert qeyd edib ki, vergi uçotu ilkin sənədlərin məlumatları əsasında vergilər üçün bazanı müəyyən edən ümumiləşdirilmiş informasiya sistemidir. Mühasibat uçotu onun tələblərinə uyğun olaraq, qanunda nəzərdə tutulmuş obyektlər haqqında sistemləşdirilmiş və formalaşmış informasiyadır. Əsas fərq təyinatdadır: mühasibat uçotu təşkilatın fəaliyyətinin və onun vəziyyətinin hesabatı üçün tərtib edilir, vergi uçotu isə vergilərin vaxtında ödənilməsinə nəzarət üçün vacibdir. Mühasibat və vergi uçotunun bəzi fərqlərinə baxmayaraq, onlar bir-biri ilə qarşılıqlı əlaqəlidir.

R.Ramazanov, həmçinin vergi və mühasibat uçotu arasında daimi və müvəqqəti fərqlərin ola biləcəyini vurğulayıb: “Daimi fərqlər bəzi gəlir və ya xərclərin mühasibat uçotunda qəbul edildiyi halda, vergi uçotunda nəzərə alınmamasına görə yaranmış fərqdir. Müvəqqəti fərq isə bir hesabat dövründə yaranan və müddət keçdikcə növbəti hesabat dövrlərində aradan qalxan fərqdir. Bu fərqlərin yaranma səbəbləri Vergi Məcəlləsinin tələbləridir. Çünki Vergi Məcəlləsində bəzi xərclər gəlirdən çıxılmayan xərclər kimi təsnifləşdirilib. Bu fərqlərə qeyri-kommersiya fəaliyyəti ilə baglı olan xərclər, əyləncə və yemək xərcləri, faktiki ezamiyyə xərclərinin normadan artıq hissəsindən yaranan fərqlər daxildir. Belə xərclər Vergi Məcəlləsində gəlirdən çıxılmayan xərclərə aid edildiyinə görə mühasibat uçotu ilə vergi uçotu arasında daimi fərqlər yaranır”.