07 avqust 2020 18:04
1173

Vəsaitin xərclənməsinə çox ciddi nəzarət  mexanizmi tətbiq olunmalıdır

Dövlətimizin başçısı İlham Əliyev koronavirusla mübarizə sahəsində  görülən tədbirlər və sosial-iqtisadi  vəziyyətlə bağlı  videoformatda  müşavirədə pandemiyanın yaratdığı iqtisadi və sosial fəsadların aradan qaldırılması istiqamətində tədbirlərin davamlı olduğunu əsaslı şəkildə diqqətə çatdırdı

 

     Koronavirusla  mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformat şəklində keçirilən  müşavirədə  «Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Halbuki heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətlə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz. Ancaq hər halda, biz buna da hazır olmalıyıq. Yeni fəaliyyətə başlayan biznes sahələri dövlətin dəstəyini nəzərə alaraq gərək artıq öz gələcək planlarını elə qursunlar ki, ölkənin ümumi iqtisadiyyatında canlanma daha da tez baş versin» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur: «Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır.»
       Təbii ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və iqtisadi dayanıqlılığın təmin edilməsidir. Bu iki məsələ biri-biri ilə sıx bağlıdır. Güclü iqtisadi imkanlar olmasa,  nəzərdə tutulan planlar,  niyyətlər sadəcə  kağız üzərində  qalır. Məhz  iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması nəticəsində neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı təmin edilib. Sahibkarlığın inkişafı bütün dövrlər üçün aktuallığını qoruyur. Regional inkişaf proqramları çərçivəsində görülən işlərdə, infrastruktur layihələrinin uğurlu icrasında da məqsəd  sahibkarlar üçün normal şəraitin yaradılmasıdır. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı qarşıya mühüm vəzifə kimi qoyulub. Bununla bağlı Dövlət proqramları təsdiqlənib, cənab İlham Əliyevin sədrliyi ilə müşavirələr keçirilib. Pandemiya dövründə atılan addımlar sırasında məşğulluq tədbirlərinə xüsusi önəmin verilməsində də əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, hər bir bölgənin malik olduğu imkanlardan maksimum istifadə etməklə kiçik və orta sahibkarlığı inkişaf etdirmək əsas yer tutur. Bu işdə ABAD  mərkəzlərinin  rolu daha  aydın görünür.  Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Balakən rayonuna səfəri çərçivəsində Balakən regional «ASAN xidmət» mərkəzinin açılışında bildirmişdir ki, ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir. Əsas məsələ insanların yaxşı yaşaması, öz maddi vəziyyətlərini yaşılaşdırmalarıdır.

    «Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir»  söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək həm daxili, həm də xarici bazarı  nəzərə alsın. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir.

    Pandemiyaya  qarşı mübarizə tədbirlərinə start verilən gündən dövlətimizin başçısı İlham Əliyev sahibkarlığa dəstəyin prioritet olduğunu, əhalinin məşğulluğunun təminatı istiqamətində addımların bundan sonra da davamlı olacağını xüsusi qeyd etdi.  Yeni iş yerlərinin yaradılmasının davamlılığı, özünüməşğulluq proqramının uğurlar həyata keçirilməsi, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi və sair kimi addımlar dövlətimizin siyasətində insan amilinə dəyərin xüsusi yer tutduğunu təsdiqləyir.  Azərbaycanın inkişaf strategiyası hazırda dünya ölkələri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirilir və  ölkəmizin bu sınaqdan uğurla çıxacağına əminlik ifadə edilir.  

   Cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında da bu məqam öz əksini tapıb ki,  mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər  aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlığı təmin edilməlidir.  Qarşıya qoyulan bu məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsi tələb  olunur.

  Bu fikri böyük inamla qeyd edirik ki,  Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və  maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin  vaxtlarda xalqın rifahının qorunmasına və özəl  sektorun inkişafına öz dəstəyini göstərmişdir.  Eyni zamanda, özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir. Dövlətimizin başçısı İlham Əliyev keçirdiyi son müşavirədə diqqəti büdcəyə düzəlişlərə yönəldərək bildirmişdir ki,  azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək.  Cənab İlham Əliyev pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən dövlət xərclərinə yenidən baxılacağını,  prioritet təşkil  etməyən xərclərin ixtisar  olunacağını bildirmişdir: “Vəsatin xərclənməsinə çox ciddi nəzarət  mexanizmi tətbiq olunmalıdır.»

    Büdcənin ölkə iqtisadiyyatının güzgüsü olduğunu nəzərə alsaq,  Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat təşkil edirdi.  Dövlətimizin başçısı İlham Əliyev daim bu məqsədi açıqlayır ki, qarşıdakı ilin büdcəsi arxada qalan ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün  olmalıdır. Büdcənin sosialyönümlülüyünün artırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsasında insan amilinin dayanmasından irəli gəlir.  Son 16 ildən artıq dövrdə    yoxsulluq həddinin 49 faizdən 4,8 faizə enməsi, eyni zamanda, işsiziliyin də eyni rəqəmlə ifadə olunması uğurlu siyasətin, həyata keçirilən Dövlət proqramlarının nəticəsidir. Beynəlxalq Valyuta Fondu proqnozlarında daim bu  fikri açıqlayır ki, Azərbaycanda hazırkı inkişaf tempi davam edərsə, yoxsulluq həddi  yaxın zamanlarda heçə enəcək. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların atılmasını şərtləndirir. 

    Təkcə    2019 və 2020-ci illərin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin, eyni zamanda, büdcə zərflərinə daxil olan məsələlərin, yaşayış minimumunun və ehtiyac meyarının müqayisəli təhlili Azərbaycanın iqtisadi inkişafının davamlılığının aydın mənzərəsini yaradır. İqtisadi inkişafın peaspektivlərinə gəldikdə iqtisadçılar, siyasi analitiklər cari il üçün proqnozlarını verərkən bildirmişdilər ki,  2019-cu ildə  həyata keçirilən təkmil sosial və iqtisadi,  kadr və struktur islahatları ölkənin davamlı inkişafını təmin etməklə cari ildə   yeni-yeni layihələrin icrasına stimul olacaq. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əgər koronavirus  pandemiyası müdaxilə etməsəydi, uğurlar daha çox olardı. Azərbaycan bu ağır vəziyyətdən də çıxacaq.

     İstər ölkə ekspertlərinin, istərsə də beynəlxalq maliyyə qurumlarının  proqnozları sırasında bu mühüm məqam da vurğulanır ki, 2020-2023-cü illərdə ən yüksək sürətlə inkişaf edən sahələr xidmət sektorunda olacaq. Bu dövrdə  sənayenin 14,2 faiz artacağı bildirilir. O da  qeyd edilir ki, səhiyyə, təhsil, elm, nəqliyyat, logistika, İKT, turizm kimi sahələrdə ölkəmiz  regional haba çevrilə bilər.

 Cənab İlham Əliyev pandemiyaya qarşı mübarizənin ilk günündən iş yerlərinin azaldılmamasını, işini müvəqqi itirənlərin əməkhaqlarının dövlət tərəfindən ödəniləcəyini bildirdi. «Doğrudan da  işini itirmiş, yaxud işləməyən insanlara yardım göstərilməlidir» söyləyən cənab İlham Əliyev  bildirmişdir ki, dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb.    Dövlətimizin başçısı bu  hədəfi də açıqlayır ki,  ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur.  Bu statistika da ölkəmizin iqtisadi inkişafının təqdimatında əhəmiyyətli rol oynayır. Belə ki, hazırda  orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır.  Ölkəmizin iqtisadi inkişafına uyğun olaraq əməkhaqqları, pensiyalar ildə ən azı iki dəfə artırılır. Dövlətimizin başçısı İlham Əliyevin ötən il təsdiqlədiyi iki sosial paket  4,2 milyon insanın dövlət tərəfindən qəbul edilmiş proqramlardan yararlanmağını təmin etdi.

    İdarəçilik sistemində təkmilləşmə, şəffaflığın təminatı əhalinin məşğulluq imkanlarının artırılmasında əhəmiyyətli rol oynayır. Məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib.  Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb.

   Əsas hədəf təbii ki, həmişə olduğu kimi,  çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması,  elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni  çağırışlar qarşımızda durur.  Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.   Bu fakt  inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir bu gün dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi pandemiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar ölkə ictimaiyyətinin cənab Prezidentə   ünvanladığı minnətdarlıq   məktublarda da öz əksini tapır.

    Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Ötən  ilin mühüm beynəlxalq əhəmiyyətli tədbirləri sırasında yer alan dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı  BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın bu sahədə mövcud imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı.  Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət»in, ABAD-ın  uğurlarından geniş bəhs etsək, ölkə iqtisadiyyatının dayanıqlığının yüksək səviyyədə  təmin edildiyini aydın görərik. İstər pandemiyadan əvvəl, yəni ötən 16 ildən artıq dövrdə, istərsə də bu gün görülən tədbirlər, atılan addımlar  günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına  geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni  əsas  amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Şəffaflığın təminatında, vətəndaş məmnunluğunun artırılmasında  «DOST» mərkəzlərinin də xüsusi rolu vardır.

Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Qeyd etdiyimiz kimi, ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən ABAD, hər bir vətəndaşın yaxın dostuna çevrilən «DOST»  rəqabətin güclənməsini şərtləndirir. Təbii ki,  rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Ölkə Prezidenti qeyd olunan müşavirədə bir daha bildirmişdir ki,  pandemiya və neftin qiymətinin düşməsi ilə əlaqədar iqtisadi geriləmənin aradan qaldırılması və inkişafa nail olunması dövlətin əsas hədəflərindən biridir. İlin sonuna qədər sahibkarlıqla bağlı olan işlər, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır.

Yeganə Əliyeva, «İki sahil»