06 fevral 2019 18:00
115

Vətən eşqi, Vətən amalı

Azərbaycanda arxeologiya elminin möhtəşəm binasının sütunlarından olan görkəmli alim, təvazökar insan Qafar Cəbiyevin 2018-ci ildə ”Elm və Təhsil” nəşriyyatında “Azərbaycan arxeologiyasının əsasları” adlı fundamental monoqrafiyası işıq üzü görmüşdür. Əsərin həcmini və qaldırılan məsələlərin vacibliyini, ciddiliyini nəzərə alsaq demək olar ki, əsər gərgin tədqiqatın və böyük zəhmətin nəticəsində ərsəyə gəlmişdir. Əsərin ilk səhifəsindən son sətirinə qədər müəllifin zəngin mənəvi aləmi, vətənpərvərliyi, əsas amalının millətə, Vətənə xidmət etmək istəyi gözə çarpır. Əsər son dərəcə oxunaqlı dildə yazılmışdır. Hiss edirsən ki, çox maraqlı, zəngin təfəkkürə malik olan bir ziyalı ilə həmsöhbət olursan və bu ünsiyyətdən zövq alırsan.

Qafar müəllim bütün mənalı ömrünü tarix elminin köməkçi fənlərindən olan arxeologiyaya həsr etmişdir. Bu elm sahəsi onun yolunu tutan insanlardan ilk növbədə fədakarlıq tələb edir. Yalnız Vətən eşqi ilə yanan, bütün varlığı ilə xalqına bağlı olan insan bu çətin yolun yolçusu ola bilər. Ömrünü ilan mələyən çöllərdə keçirən arxeoloq, günəş altında səbrlə axtarışlar aparır, damla-damla, zərrə-zərrə tarixi artefaktları toplayır və gərgin tədqiqatın nəticəsində Azərbaycanın qədim tarixi mənzərəsini canlandırır.

Arxeologiya elmi gənc elm sahəsidir və Azərbaycanda əsasən XX əsrin ikinci  yarısında təşəkkül tapmışdır. Məhz bu dövrdə bu elm sahəsinə milli kadrların cəlb olunma prosesi başlanmışdır. İlk arxeolojı ekspedisiyaların rəhbərləri də, tərkibi də əcnəbilərdən formalaşdırılırdı. Yaşlı alimlərin xatırladıqlarına görə, bir gün Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyyətində illik hesabat zamanı arxeoloji ekspedisiyanın tərkibi səsləndiriləndə siyahıda bir azərbaycanlı gəncin – Qara Əhmədovun adı çəkilir. O zaman iclası aparan Akademiyanın vitse-prezidenti, görkəmli şairimiz Səməd Vurğun sevincək halda: “Вот побольше таких Гара Ахмедовых” (Bax belə Qara Əhmədovlardan çox olsun) deyə söyləmişdi. Vaxt, zaman keçdi və Azərbaycanın arxeologiya elmində biri-birindən istedadlı, vətənpərvər, cəfakeş milli alim kadrları yetişdi ki, onlardan biri də Qafar müəllimdir.

Arxeologiya elminin Sovetlər dönəmində yaranmasına baxmayaraq qısa bir müddət ərzində böyük inkişaf yolu keçmiş Azərbaycanın zəngin mədəniyyət sahibi, bəşər sivilizasiyasının ən qədim məskənlərindən biri olduğunu tutarlı tarixi faktlarla sübuta yetirilmişdir. Bu müqəddəs işdə Qafar müəllimin də zəhməti danılmazdır. 

Qafar müəllimin təqdim etdiyi bu fundamental əsərdə bu günə kimi Azərbaycanda arxeologiya elminin yaranma tarixi, inkişaf mərhələləri və bu yolda əldə olunan elmi nailiyyətlər geniş əks olunmuşdur. Qafar müəllim arxeologiyanın tarix elmində xüsusi yeri, rolu, verdiyi töhfələr  haqqında böyük fəxrlə söhbət açır. Əsəri vərəqlədikcə qürur hissi keçirir, arxeologiya elminin elmin digər sahələrindən fərqli olaraq Azərbaycanın 2-2,5 milyon illik tarixə malik ən qədim insan düşərgələrinin məskəni olduğu, şərəfli keçmişimiz haqqında dəyərli, tutarlı məlumatlar əldə edirik.

Qafar müəllim əsərinin girişində Azərbaycanın mövcud qanunvericiliyində mədəni irsin qorunmasına böyük önəm verildiyi haqqında da ətraflı danışır və bu işin prioritet vəzifələrdən biri olduğunu qeyd edir.

Əsər 14 bölmədən ibarətdir və geniş məsələlər spektrini əhatə edir. Bunlardan   arxeologiya elminin təşəkkülü və inkişafı; Azərbaycanın qədim paleolit – qədim daş, mezolit, neolit – yeni daş, eneolit – mis, tunc, dəmir dövrü abidələri, Atropatenanın maddi mədəniyyəti, Albaniyada din, təsərrüfat və mədəniyyət tarixi, Azərbaycanın orta əsr abidələri problemlərini vurğulamaq olar. Əsərin sonuncu bölümü Azərbaycanın görkəmli arxeoloqlarına həsr olunub, onların həyat, yaradıcılığından, elmə bəxş etdikləri töhfələrdən bəhs edir.

Əsərdə Sovet hakimiyyətinə qədərki dövrdə arxeolojı tədqiqatların ciddi və sistemli şəkildə aparılmaması və əsasən əcnəbilər tərəfindən plansız, dağıdıcı xarakter daşıdığı xüsusi vurğulanır. 

XX əsrin 20-ci illərindən başlayaraq bu istiqamətdə aparılan işlər sistemli şəkildə həyata keçirilməyə başlayır. Müəllif əcnəbi tədqiqatçılardan Y.İ.Hummelin  elmi fəaliyyətini yüksək dəyərləndirərək onun digərlərindən fərqli olaraq tapdığı maddi-mədəniyyət nümunələrinin Azərbaycan xalqının malı etmiş, Xanlar (indiki Göygöl rayonu) ölkəşünaslıq muzeyində nümayiş etdirdiyini xüsusi vurğulamışdır. Ümumiyyətlə, 1920-1940-cı illər ərzində yüzə yaxın arxeolojı ekspedisiyalar Azərbaycanın müxtəlif yerlərində tədqiqat işi aparmış və çoxsaylı, qiymətli, tarixi əhəmiyyətli maddi-mədəniyyət nümunələri əldə olunmuşdur.

Müəllif qədim Azərbaycan dövləti olan Albaniyanın maddi-mədəniyyətinin tədqiqinə xüsusi diqqət yetirir. Sovet dönəmində bu mədəni irsin araşdırılmasının ermənilərə həvalə olunduğu və bu istiqamətdə ermənilərin saxtakarlığa yol verilmələri və ilk olaraq akademik Ziya Bünyadovun bu “elmi” dəlilləri ifşa etməsi haqqında məlumat verir. Məhz bu səbəbdən Azərbaycan alimlərinin öz mədəni irsinə sahib çıxması məqsədi ilə bu istiqamətdə tədqiqatların genişləndirilməsi və Qəbələ, Şamaxı, Ağsuçay- Girdimançay hövzəsi, Qarabağ, Gəncəbasar, şimal-qərb və şimal-şərq bölgələrində genişmiqyaslı arxeolojı tədqiqatlara başlanması ilə nəticələndi.

Müəllif Qəbələ, Xınıslı, İsmayıllı, Ağsu, Qarabağ, Şamaxıda aparılan arxeolojı tədqiqatlardan və aşkarlanan yaşayış yerlərindən, Cavanşir, Girdiman qalalarından, Gilgilçay müdafiə səddindən və s. alban dövrü abidələrindən, əhalinin təsərrüfat həyatından, sənətkarlığından, dinindən, mədəniyyətindən ətraflı məlumat verir.

Müəllif əsərində uzun illər Azərbaycan arxeoloqlarının bir çox maneələrlə üzləşmələri, respublikada arxeologiya üzrə Elmi Şuranın yoxluğu ucbatından SSRİ-nin digər respublikalarında müdafiə etmək məcburiyyətində olduqları və bunun da əlavə çətinliklər yaratdığı, hətta Rus imperiyasının milli ucqarlarda arxeologiya üzrə elmi araşdırmalara qısqanclıqla yanaşması haqqında danışır. Lakin bütün bunlara baxmayaraq bu elm sahəsinin inkişaf etdiyi və bir çox dəyərli elmi nailiyyətlər əldə etdiyi göz qabağındadır. Bunlardan ən önəmlisi Məmmədəli Hüseynovun 1960-cı ildə Qarabağ ərazisində Azıx və Tağlar mağara düşərgələrində aşkar etdiyi unikal tapıntılar ibtidai insanın Cənubi Qafqazda, məhz Azərbaycan ərazisində 1,2 milyon il bundan əvvəl məskunlaşdığını sübuta yetirir. Azıx mağarasından əldə olunan maddi-mədəniyyət nümunələri yaxınlıqda yerləşən Qurucay vadisində insanların ondan 1 milyon il əvvəl yaşadığını təsdiqləyir. Əsərdə material arxeolojı dövrələşməyə görə təqdim olunmuşdur və Azərbaycan ərazisində qazıntılar zamanı aşkar olunmuş ibtidai insan düşərgələri və oradan tapılan maddi-mədəniyyət nümunələri dövrünə uyğun geniş təhlil olunur.

Qobustanda və Qazax rayonunun Daş Salahlı kəndi ərazisində aşkar və tədqiq olunan ibtidai insan düşərgələri Mezolit dövrü sakinlərinin həyat tərzini, təsərrüfatın əsas sahələrini müəyyənləşdirməyə imkan verdiyi haqqında maraqlı məlumatlar verir. Müəllif dərin təhlilin nəticəsində belə qənaətə gəlir ki, ibtidai insanlar Paleolit dövründə artıq inkişaf etmiş əqli və fiziki gücü hesabına vəhşi təbiəti ram etmiş və təbiətin naz-nemətlərindən istifadə etmək bacarığına yiyələnmişlər.

Müəllifin fikrincə, Azərbaycanın Neolit düşərgələrində aparılan tədqiqatlar göstərir ki, bu dövrdə insanlar icma şəklində yaşayıb və kollektiv şəklində əməklə və ovla məşğul olublar. Bu dövrdə insanların həyatında inqilabı dəyişikliklər baş verib, onların fəaliyyət dairəsi genişlənib, yerli ehtiyat mənbələrinin istismarı, qəbilələrarası əlaqələr güclənib, təsərrüfatın yeni formaları, növləri meydana gəlib.

Müəllif Eneolit dövrü abidələri, o cümlədən Naxçıvanda, Qarabağda aşkarlanan I Kültəpə, Çalağantəpə, Leylatəpə mədəniyyəti, Kür çayının orta vadisində tədqiq olunan Şomutəpə mədəniyyəti haqqında geniş məlumat verir.

Azərbaycan ərazisində arxeolojı qazıntılar zamanı aşkarlanan Tunc dövrü abidələri də geniş şərh olunur, dövrün tarixi mərhələləri, periodizasiyası göstərilir. Kür-Araz mədəniyyəti nümunələri, sənətkarlıq, boyalı qablar mədəniyyəti, Xocalı-Qədəbəy mədəniyyəti ətraflı təhlil olunur. Bu dövrdə əhalinin əsasən maldarlıq və əkinçiliklə məşğul olunduğu qənaətinə gəlinir.

Müəllif Dəmir dövrünü bəşəriyyətin öz inkişafının keyfiyyətcə yeni mərhələsi adlandırır. Azərbaycan ərazisində Dəmir dövrü abidələrinin əsasən yaşayış yerləri və qəbir abidələrindən ibarət olduğunu vurğulayır. Sarıtəpə, Babadərviş (Qazax rayonu), Qaratəpə (Beyləqan), Uzuntəpə (Cəlilabad), Mingəçevir, Muğan mədəniyyəti dəmir dövrü abidələrindən ətraflı məlumat verir.

Əsərdə Azərbaycan arxeoloqları tərəfindən bütün tarixi dövrlərin maddi-mədəniyyət nümunələrinin geniş tədqiq edildiyi və maraqlı tarixi nəicələrə gəlindiyi fikri qabarıq şəkildə bir daha vurğulanır.

Əsəri dəyərləndirən xüsusiyyətlərdən biri ondan ibarətdir ki, Qafar müəllim arxeologiya elminin yaranma tarixindən indiyə kimi əldə etdiyi bütün nailiyyətlərin ümumiləşdirilmiş nəticələrini oxucuya maraqlı tərzdə təqdim edir. Bir çox məsələlərə dair öz fikrini bildirir. Bu da Qafar müəllimin analitik düşüncə bacarığına malik olduğunun bariz nümunəsidir.

Hər bir xalq özünün tarixi, mədəni irsi ilə seçilir, gürrələnir. Lakin bütün bunlardan önəmlisi insan faktorudur. Milləti millət edən onun öndə gedən alimləri, ziyalılarıdır. Məhəmməd peyğəmbər (ə.s.) alimlərə yüksək qiymət vermişdir. O, demişdir: “Alimlər mənim varislərimdir. Qiyamət günündə alimin bir damla mürəkkəbi şəhidin tökdüyü qandan ağır gələcək”. Ömrünü, bütün həyatını elmə fəda etmiş alimlərimiz barmaqla sayılır, qiyamət günündə Tanrının seçilmişləridir. Onlar artıq bizim milli sərvətimizə çevrilib. Fəxr etdiyimiz alimlərimizdən, ziyalılarımızdan biri də Qafar müəllimdir. Qafar müəllim yaradıcılıqdan doymayan elm fədaisidir. Hər zaman canınız sağlam, zəkanız aydın, qələminiz iti olsun, Qafar müəllim!

Dünyasını dəyişən elm fədailərinə Allahdan rəhmət diləyirik, yerdə qalanlara cansağlığı arzulayırıq.

Vəfa Quliyeva,
tarix elmləri doktoru