16 yanvar 2021 12:05
704

Vətən müharibəsində beş rayonun işğaldan azad olunmasında döyüşən əkiz qardaşlar

Vətən müharibəsi qaziləri olan əkiz qardaşların - Həsənağa və Qalib Bağırlının Azərbaycan Ordusunun sıralarından tərxis olunaraq yaşadıqları Biləsuvar rayonunun Bəydili kəndinə qayıtması sakinlər tərəfindən coşquyla qarşılanıb.
"İki sahil"in məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına çağırılan Həsənağa və Qalib qardaşları sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında qəhrəmanlıq nümayiş etdiriblər.
Qardaşlar ilk döyüşlərə Füzuli istiqamətində başlayıb və daha sonra Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak ediblər.
Onların hər ikisi Azərbaycan əsgəri olduğuna görə fəxr etdiklərini, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Azərbaycan Ordusunun gücü sayəsində torpaqların işğaldan azad olunduğunu bildiriblər.
Həsənağa və Qalib Bağırlı qardaşları Vətən müharibəsində döyüşlər zamanı nümayiş etdirdikləri şücaətə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azad olunmasına görə medalları ilə təltif ediliblər.