18 yanvar 2021 17:52
997

Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı hərbçilərlə görüşündə bir daha bildirmişdir ki, güc, iradə, siyasət, birlik hesabına haqq-ədalət Zəfər çaldı

“Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq.” Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev  Şuşa şəhərinə səfəri zamanı 28 ildən artıq işğal altında olan Qarabağın tacı Şuşamızda bu gün yeni həyatın başlandığını böyük qürur hissi ilə qeyd etdi: “Bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, - bütün dünya artıq bundan xəbərdardır, - “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.”

44 günlük İkinci Qarabağ müharibəsi xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. O cümlədən 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə  həmrəy olduqlarını bildirdilər. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin mövqeyinin, tutduğu yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Bir addım da mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində  erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-dən artıq yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi.  Son   17 ildə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin və xanımı Mehriban Əliyevanın  müharibə Azərbaycanın siyasi Qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımıza səfərləri, sevincini ilk olaraq xalqla paylaşması, Azərbaycanın gələcəyi ilə bağlı prioritetləri açıqlaması və sair kimi qürur verən məqamlar xalq-Prezident birliyinin, həmrəyliyinin təzahürüdür. Cəbhə bölgələrimizdən gələn hər bir qələbə xəbərini, o cümlədən Zəfər Günümüzü özünün “Twitter” səhifəsində paylaşan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daim bu arzunu, istəyi ifadə edirdi ki, Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!  Bu gün o sevinci yaşayırıq.  30 ilə yaxın dövrdə daim dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «hücum» əmrini gözləyən Azərbaycan əsgəri sentyabrın 27-də bu istəyinə nail oldu.  Cənab İlham Əliyevin «İrəli!» çağırışı yüzlərlə Azərbaycan gəncini, bütün kateqoriyadan olan insanları öz qüvvə və bacarığını səfərbər edib, torpaqlarımızı işğaldan azad etməyə ruhlandırdı. Bu müharibə xalqımızın nə qədər məğrur, yenilməz olduğunu nümayiş etdirməklə yanaşı, vətənpərvərlik duyğularını,  hər  kəsin Vətəni öz canından daha çox istədiyini ortaya qoydu. Gənclərimizin dilindən tez-tez eşitdiyimiz «Vətən məni çağırır», “Vətən, torpaq yolunda canından keçmək böyük qəhrəmanlıqdır”, «Biz Vətənimizi qorumasaq, kim qoruyacaq» kimi fikirlər qürurverici, sabahımıza böyük inam idi. Azərbaycan əsgəri 30 ilə yaxın müddətdə dünyanın edə bilmədiyini etdi. Beynəlxalq hüquq normalarını və prinsiplərini kağız üzərində saxlamaqla ədalət meyarını maraqlarına qurban verən dünyanın aparıcı dövlətləri Azərbaycan əsgərinin qəhrəmanlığının, şücaətinin şahidi oldu. Azərbaycan Ordusu  28 ildir tətbiqini gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi.  

Artıq torpaqlarımız öz tarixi sahibinə qayıdıb. İstəklərimiz  gerçəkləşib. Qarşıdakı illərdə cənab İlham Əliyevin  rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək. Ölkəmizin həyatında yeni dövr-quruculuq dövrü başlayır. Bir milyondan artıq soydaşımız tezliklə Böyük Qayıdışla öz yurd-yuvalarına qovuşacaqlar.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan  Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri ilə, eyni zamanda,  ulu öndər Heydər Əliyevin ona olan etimadını, inamını  doğrultmasından,  ən əsası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını da  ifadə etmişdir.

Dövlətimizin başçısı İlham Əliyev Şuşaya səfəri zamanı hərbçilərlə görüşündə bu məqamı da xüsusi qeyd etmişdir ki, mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib: «On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.»

Bu məqam cənab İlham Əliyevin çıxışlarında xüsusi yer alır ki,  Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Bu yumruq, həm güc, həm də  birlikdir. Azərbaycan xalqı öz birliyini, həmrəyliyini bir daha nümayiş etdirdi. Əvvəldə də qeyd etdiyimiz kimi, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız fəallıqlarını daha da artırdı, Azərbaycanımızın qələbəsinə dəstəklərini ortaya qoydu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin «Hamımızın bir vətəni var-Azərbaycan» çağırışı harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı bir araya gətirir, ölkəmizin inkişafı, tərəqqisi üçün daha səylə çalışmağa ruhlandırır.  Məhz bu əminliyə söykənərək, dövlətimizin başçısı «Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq» söyləyərək belə bir reallığı da diqqətə çatdırır ki, birliyi olan ölkələr, iradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü.

Azərbaycan haqlı olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Dünya gördü ki,  Azərbaycanın davası haqq,  Ermənistanın davası isə  işğalçılıq davasıdır. Güc, iradə, siyasət,  birlik hesabına haqq-ədalət Zəfər çaldı. Bu ümumiləşdirməni apara bilərik ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ümummilli Lider daim bildirirdi ki, Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşünə malik gənclikdir. Ən əsası Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Ulu öndər Heydər Əliyev gənclərimizə milli ruhda tərbiyə olunmağa, milli-mənəvi dəyərlərimizi, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi qorumağa çağırışlar edirdi. Son 17 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoydu. Gənclərin dinamizmi ilə  yaşlı nəslin təcrübəsinin davamlı inkişafın təmin edilməsində əsas amillərdən biri olduğu  diqqətə çatdırıldı. Son iki ildə həyata keçirilən kadr islahatlarına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyev yeni təyin olunmuş gənc dövlət məmurları ilə  keçirdiyi görüşlərdə qarşıya qoyduğu əsas hədəf milli maraqların hər şeydən üstün olmasıdır. Prezident bildirir ki, hər kəs dövlət maraqlarını üstün tutmalı, vətəndaşların qayğıları ilə yaşamalı, ölkənin hərtərəfli inkişafına dəstək olmalıdır.

Prezidenti İlham Əliyev  Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirmişdir ki, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılmasıdır. İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması və onlara dövlət tərəfindən verilən dəstək, gənc nəslin yetişdirilməsi, tarixi abidələrimizin qorunması, nazirliyin ənənəvi funksiyalarının davam etdirilməsi və indi əlbəttə ki, azad edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri olmalıdır. Bu əminlik də ifadə edilmişdir ki,  siz bu vəzifənin öhdəsindən gələcəksiniz.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki,  Azərbaycanın mədəniyyət beşiyi olan Şuşamızda onlarla məscid dağıdılıb və yararsız hala salınıb.    Prezident İlham Əliyev ailə üzvləri ilə birgə Şuşaya səfəri zamanı burada bir sıra tarixi məscidlərdə oldu və bu əminliyi ifadə etdi ki,  Qarabağdakı bütün tarixi abidələr, o cümlədən məscidlər də əsaslı təmir ediləcək və vətəndaşlarımızın, dindarlarımızın istifadəsinə veriləcək.

Dahi şəxsiyyətlərimiz Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnən büstləri də artıq Şuşaya qayıtdı. Bu, bizim böyük Qələbəmizin təsdiqidir. 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan büstlər doğma yurdlarına, Şuşaya geri döndü. Bu, tarixi ədalətin bərqərar olması deməkdir. Şuşa əsrlərboyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Təsadüfi deyil ki, Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar. Əvvəldə də qeyd etdiyimiz kimi,  bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir.

Artıq Şuşanın bərpası prosesinə başlanılıb.  Dövlətimizin başçısı   İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım  Əliyevanın rəhbərliyi ilə bütün işğaldan azad edilmiş torpaqlarımız,  doğma Şuşamız tezliklə öz əvvəlki şöhrətinə qayıdacaq, regionun, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəklər. Yenə  "Qarabağ şikəstəsi" səslənəcək, Vaqif poeziya günləri,  “Xarı bülbül” festivalı bərpa ediləcək. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, əziz Şuşa, biz səni dirçəldəcəyik!

Qısa təhlil əsasında belə bir ümumiləşdirməni apara bilərik ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın milli qürurunu özünə qaytardı. Tarixinə, mədəniyyətinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqı yenilməzliyini, məğrurluğunu bir daha təsdiqlədi. 44 günlük  İkinci Qarabağ müharibəsi dərsliklərə salınacaq. Azərbaycanın gələcək nəsilləri Zəfər tariximizi vərəqlədikcə qürur duyacaq, torpaq, Vətən yolunda şəhidlik zirvəsinə yüksələn, yaralanan, böyük şücaət göstərən gənclərimizin həyat yolu vətənpərvərlik məktəbi kimi öyrəniləcək.

Yeganə Əliyeva, «İki sahil»