KÖŞƏ

Rəşid Faxralı

Vətən sevgisinin başlanğıcı yurd sevgisidir

17 avqust 2020 17:08
4088

Azərbaycana qarşı elan etmədən başladığı müharibədə Ermənistanın silahlı birləşmələri sərhəd rayonlarında da təxribatlar törədir, sərhədyanı kəndləri artilleriya atəşinə tuturdu. Tovuzun Əlibəyli kəndi də ermənilərin belə həmlələrinə dəfələrlə məruz qalıb. Neçə-neçə evin damına, həyətinə, kəndin yollarına mərmilər, qəlpələr ələnən yaşayış məntəqələrinin müdafiəçiləri rəmzi mənada kürəyində əhalinin nəfəsini duyanda daha qətiyyətli, daha qüdrətli olur. Düşmən güman edirdi ki, belə həmlələr əlibəyliləri qorxuya salacaq, hamı ev-eşiyini atıb gedəcək, əhalisiz kəndi müdafiə etmək çətinləşəcək. Erməni xisləti bunu istəyirdi. Əlibəylilər belə həmlələrin xofunu doğma ocağına sevgisi ilə, “Vətən evimdən başlayır, evim də, ömrüm də Vətənin səngəridir” fəlsəfəsi ilə çilik-çilik edirdi. 1992-ci ildə Əlibəylidə ezamiyyətdə olanda bir ağbirçək bizi doqqaz qapısına çatar-çatmaz haqladı, yolumuza çıxdı, qarşımızda dayandı, əzizi kimi bağrına basdı, əli ilə qarşı tərəfi – əsgərlərimizin döyüş növbətçiliyi apardığı mövqeləri göstərərək, “Orda qulluq edən oğullarıma qardaş olanları balam bilirəm. Yaxın gəlin, əlim kürəyinizə toxunsun, ürəyimə təsəlli axsın”. Bu kəlmələri Əlibəylidə bütün anaların dediyinə zərrəcə şübhəm olmamışdı. Könlümüzü telləndirən bu kəlmələri ordumuzun əsgərlərinə qədərsiz sevgi bilmişdim.

Bu sevgi həmişə olub:

Ötən il ezamiyyətdə olanda Ağdam kəndində döyüş növbətçiliyi aparan əsgərlərimizlə kəlmələşəndən sonra Əlibəyli kəndinə də baş çəkmişdik. Camaatı neçə il əvvəlki qətiyyətdə görmüşdük. Bu qətiyyətin bir qədər də mətinləşdiyini, camaatın orduya inamının dönməzliyini də duymuşduq. Onda davarını örüşə aparan ağsaqqal yerə-göyə sığmayan bir qürurla demişdi:

–Bizi də, torpaqlarımızı da qoruyan güclü ordumuz var. Ermənilər əl-ayaq tərpədənə kimi əsgər balalarımız onları susdurur. Heç nədən çəkinmirik. Son nəfəsimiz ata ocağına sarılacaq. Səngərlərdəki əsgərlər hər evin əzizidi.

1992-ci ildə Əlibəylidə yazdığım bir şeirin bir bəndini xatırlatmışdım:

                                  Dağların dağ havası da döyüşür,

                                  Ürəklərin nəvası da döyüşür,

                                  Anaların duası da döyüşür

                                  Əlibəylidə...

İyul döyüşlərindən az sonra Tovuzda ezamiyyətdəydim. Ürəyim məni Ağdam kəndinə, Əlibəyli kəndinə çəkmişdi. Əlibəylidə ötənlərin ovqatını yenə yaşamağı zamandan talemə qazanc biləcəkdim. O ovqat inamıydı, etibarıydı, güvənciydi. O ovqat el-obaya sədaqətiydi, sevgiydi, işğalçılığa qətiyyət xəncəriydi. O ovqatın bir əli əsgər əlində isinmişdi, bir əli əlibəylilərin “ocaq daşına sığal çəkmişdi”. Məmləkət o ovqatın boyunu Qələbənin boyuna tən bildi...

Döyüşlər getmiş ərazidə əsgərlərlə də söhbətləşmişdim, zabitlərlə də. 2016-cı ilin aprel ayının 7-də yaşadığım qürurun eynisini yaşamışdım. Ordan Böyük Qələbəyə gedirikmiş kimi uğura çıxmışdıq. Əlibəyli kəndində hansı duyumun təsiriyləsə üzü dağlıq əraziyə sarı dayanıb kəlmələşənlərlə salamlaşmaq, söhbətləşmək istədik. “Nə var, nə yox”la başlayacaq söhbətin mabədi mütləq Tovuz döyüşləri olacaqdı, qazanılan qələbə olacaqdı, şəhidliyə və şəhidlərə dərin ehtiram olacaqdı. Bir də camaatın orduya inamı, ehtiramı.

Fəğan Qurbanov 2006-cı ildə hərbi xidmətdə olub.

–14 ildə ordumuz olduqca inkişaf edib. Biz əsgər olanda şəraitimiz bu səviyyədə deyildi, ordumuzun silahlanmasında indiki müasir döyüş texnikaları, uçuş aparatları, silahlar yox idi. Son illərdə neçə-neçə yeni hərbi hissə tikilib, neçə-neçə hərbi hissə əsaslı təmir edilib. Bayram günlərində əsgərlərimizlə əzizlərimiz kimi görüşürük, söhbətləşirik. Əlibəylilər onların döyüş əzmini, qələbə ruhunu bayram hədiyyəsi bilir, onlar əlibəylilərin gəlişini, görüşünü. Bir dəfə nənəm “Əsgərlərimizin sayı qədər nəvəm var...” demişdi. Qonum-qonşular bu kəlməni indi də yaşadırlar. Nənəmin nəvə-nəticə bildiyi əsgərləri qardaş bilirəm. İyulda biz də döyüşə qoşulmaq istədik. Ehtiyac olmadığına görə icazə vermədilər. Kəndin yan-yörəsinə düşən mərmilərin ağrı-acısını ürəyimizdə hiss edirdik. Camaat evindən bircə addım da uzağa meyillənmədi. Belə məqamlarda ürəyin təpəri yurd sevgisidi. Hamımızın qardaş bildiyimiz əsgərlərimiz dövlət sərhəddimizi pozan düşmənin niyyətini gözündə qoydu. Çoxlu sayda döyüş texnikası sıradan çıxarıldı, zabiti, əsgəri öldürüldü.

Bir az əvvəl səngərdə əsgər Ruslan Haqverdiyevin dediklərini Əlibəylidə əlibəylilərə çatdırmağı özümə borc bildim:

–İyul döyüşlərində bizim iştirakımıza ehtiyac olmadı. Mən Goranboydanam, Elşən Füzulidəndi, Şəhriyar Lənkərandandı. Azərbaycanın üç Milli Qəhrəmanı bizim hərbi hissədə xidmət edib, bu gün onların ruhu sıramızdadı. Ali Baş Komandan döyüş əmri verəndə biz də döyüşmək, torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq istəyirik. Qələbədən sonra biz də şəhidlərin ruhuna “Qisasınızı aldıq!” pıçıldayacağıq.

Əsgərin fikirləri əlibəyliləri duyğulandırdı:

–Ruslan da, Elşən də. Şəhriyar da ruhən əlibəylilidi. Təkcə bizim kəndi deyil, bütün kəndləri özlərinə doğma bilirlər, yəni Vətənin o başı, bu başı olmur.

Əlibəylidə baxışları qarşı tərəfdən üzülməyən Hilal Xəlilov dedi ki, bu kənddə  böyümüşəm. Ana laylasıyla bərabər güllə, mərmi səsləri də eşitmişəm. Bəzən anamın laylalarını bu səslər qırıb, körpəliyimin laylaları yarımçıq qalıb.

Habil Hacıyevin 49 yaşı var. 2016-cı ilin aprel döyüşlərindən söz açdı, fikrini iyul döyüşləriylə tamamladı:

–Düşmən onda da təxribat törətmək istəyirdi, indi də. Onda da murazı gözündə qaldı, indi də. Azərbaycan əsgəri onda da mərdliklə döyüşdü, qələbə qazandı, indi də. Düşmən bir daha gördü ki, Azərbaycan əsgəri ondan qat-qat güclüdür. Onu da gördü ki, döyüşlərə söykəkli kəndlərin camaatı əsgərinin yanındadır, Fəğanın dediyi kimi, Azərbaycan əsgərinin kürəyini camaatın nəfəsi isidir…

Əlibəylinin göylərində bircə əlçim də olsun bulud yoxuydu. Baxışlarımız mövqelərdə döyüş növbətçiyi aparan əsgərlərimizə ehtiram kimi buludsuz göy üzündən sürüşüb qarşıdakı yüksəkliyə endi…

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Xalq ordunu daim sevməli, ona kömək etməlidir”. Əlibəylilər Ulu Öndərin yaşarı kəlamının həmişə yaşayacağını, bu kəlamın “Mən azərbaycanlıyam!” deyənlərin hamısının düşüncələrinin səyyarəsi olduğunu iyul döyüşlərində də təsdiqlədir. O da təsdiqləndi ki, təmas xəttinə yaxın kəndlərin hamısı əlibəylilər kimi düşünür. Bu düşüncələri bir mətləb birləşdirir: Vətən sevgisinin başlanğıcı yurd sevgisidir...