KÖŞƏ

Qvami Məhəbbətoğlu

Vətən xainləri, sizi də Fəxrəddin Abbasovun aqibəti gözləyir

06 mart 2019 10:26
3978

İndi də hüquqdan, insan azadlığıqdan dəm vuran bəzi beynəlxalq təşkilatlar və media qurumları daşnakların işğalçılıq siyasətinə dəstək verən, sosial şəbəkələrdə respublikamızın ərazi bütövlüyü əleyhinə çıxışlar edən, dünyaya özünü talış xalqının “lideri” kimi sırımağa çalışan Fəxrəddin Abbasovun həbsinə siyasi rənglər qatmağa səy göstərirlər. İddia edirlər ki, guya bu separatçı siyasi baxışlarına, Azərbaycan hakimiyyətinə müxalif olduğuna görə sıxışdırılırmış. Bu məsələdə Ermənistan mediası daha çox canfəşanlıq edir. Fəxrəddin Abbasovun həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli azlıqlara təzyiq olunması, onların hüquqlarının məhdudlaşdırılması nümunəsi kimi təqdim etməyə çalışan Ermənistan mediası hətta bu agentin həbsinə görə Rusiyanı da ittiham etməkdədir.

Hələ Fəxrəddin Abbasov Moskvada saxlanılanda Ermənistanda bir qrup alim bu satqının erməni xalqı qarşısında xidmətlərini nəzərə alaraq ona Ermənistan vətəndaşlığının verilməsi üçün baş nazir Nikol Paşinyana da müraciət etmişdi. Həmin müraciəti imzalayanlar arasında dünyanın bir sıra ölkələrində fəaliyyət göstərmiş ermənilər üstünlük təşkil edirdilər. Təbii ki, bu,  başadüşüləndir. Belə ki, işğalçı ölkə sadəcə öz casusunu müdafiə edir. Bütün bunlar isə bir daha təsdiqləyir ki, Ermənistanın xüsusi xidmət orqanları  ölkəmizdə sabitliyi pozmaq üçün məhz Fəxrəddin Abbasov kimi xainlərə bel bağlayırdılar.

Öz ölkəsinə qarşı xəyanət yolu tutmuş, ona düşmən kəsilmiş Fəxrəddin Abbasov digər tərəfdən, ölkəmizdə azsaylı xalqlara qarşı münasibətlərin yaxşı olmadığını “əsas” gətirərək xalqımızı milli-etnik mənsubiyyətinə görə bölməyə, Azərbaycanı parçalamağa çalışırdı. Halbuki bu xainin tərcümeyi-halı ilə tanışlıq zamanı məlum olur ki, o, Bakı Dövlət Universitetini bitirib, uzun illər orada müəllim kimi fəaliyyət göstərib. Elə bu faktın özü Azərbaycanda azsaylı xalqlara qarşı heç zaman ayrı-seçkilik olmadığının bariz nümunəsidir. Bəs onun məqsədi nə idi? Müxtəlif dini və etnik icmaların əmin-amanlıq şəraitində birgə yaşadığı, tolerantlığı ilə dünyada nümunəvi dövlət kimi tanınan Azərbaycana qara ləkələr yaxmaq. Bütün bunlarla da o, xaricdəki xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirirdi. Təbii ki, bunun müqabilində aldığı milyonlarla maddi maraqlarını təmin edirdi.

Şübhəsiz, dövlətimiz öz vətəndaşının bu əməllərinə reaksiya verməli  idi və verdi də. Belə ki, bu Vətən xaini beynəlxalq hüquq normaları çərçivəsində hüquq mühafizə orqanlarımız tərəfindən saxlanıldı və istintaqa cəlb edildi. Bu mənada onun işində etnik mənsubiyyət, ya da hansısa azadlıq, hüquq pozuntusu axtarmaq yersizdir. Çünki Fəxrəddin Abbasovun “fəaliyyətində” dövlət əleyhinə yönələn açıq çağırışlar və milli, irqi nifrət, düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması kimi cinayət əməlləri vardır. Elə buna görə də o, qanunlarımız qarşısında cavab verməli olacaq.

Bəli, bu gün Avropada sülənən, ölkəsinə qarşı qarayaxma kampaniyası aparan fəxrəddinlər hələ də var. Elə  hazırda Hollandiyada yaşayan Vətən xaini Əlikram Hümbətovu götürək. O da Fəxrəddin kimi Azərbaycanı bölmək planlarının aktiv iştirakçısıdır. Yeri gəlmişkən, bu günlərdə  Vətən xaini Əlikram Hümbətovun Fəxrəddin Abbasovun həbsi ilə bağlı  bəyanatı Ermənistan mətbuatında tirajlanıb. Şübhəsiz, dövlətimizin əleyhinə çağırışlarını tündləşdirən bu namərd də Fəxrəddin Abbasov kimi heç zaman iyrənc məqsədinə çata bilməyəcək.

...Fəxrəddin Abbasovun həbsi həm də dövlətimizin qüdrətindən xəbər verir. Onun həbs edilməsi bir daha sübut edir ki, ölkəmiz əleyhinə qarayaxma kampaniyaları aparanlar siyasi sığınacaq almaqla, yaxud qaçıb gizlənməklə törətdikləri əməllərindən heç vaxt sığortalana bilməyəcəklər. Bu mənada həmin xəyanətkarların da əməllərinə hüquqi qiymət veriləcək və layiq olduqları cəzalarını alacaqlar.