KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Vətəndaş Prezidenti yanında görmək istəyir və görür

26 mart 2020 11:09
2234

Çətin anlarda adicə bir söz belə insanda ümid yaradır. Özəlliklə də adi vətəndaş kimdənsə çörək, pul və ya hansısa maddi vəsait gözləmir, sadəcə söz eşitmək istəyir. Elə bir söz ki, ona düşdüyü və anlamağa çətinlik çəkdiyi durumda yardımçı ola bilsin. Azərbaycan insanı da elədir. Aza qane olar, lakin səmimi, vaxtında deyilmiş sözə də hər zaman ehtiyac duyar…

Çətin günlər yaşayırıq. Tək deyilik belə günləri yaşamaqda. Qlobal bir problem – koronavirus pandemiyası dünyanı ağuşuna alıb. Yer üzünün ən qüdrətli dövlətləri onun əlində əsir-yesir olub. Hətta bəlanın miqyası o qədər genişdir ki, başlarını itiriblər, çaşqınlıq və hüsran içindədirlər. ABŞ kimi dünyanın taleyinə hökm etməyə öyrəşmiş qlobal supergüc əl quzusuna dönüb. Bu virus hər gün minlərlə insana hücum edir, Vaşinqton və onun heç nəyi vecinə almamağa öyrəşmiş təmsilçisi – Prezident Donald Tramp nəyi necə etmək istiqamətində heç bir əməli addım ata bilmir.

Almaniya, Fransa, İtaliya kimi Avropanın nəhəng dövlətləri hər gün yüzlərlə vətəndaşının həyatına son qoyan virusla mübarizədə bacarıqsız durumdadır. Güney qonşumuz İran isə onlardan da öncə bu virusa yoluxub, heç bir çıxış yolu tapa bilmir.

Və biz…

Azərbaycan bu dəfə də öz bildiyini edib öz seçdiyi yöntəmlə davranır. Öncə sərhədlər qapadıldı. Dünyanın hər tərəfindəki Azərbaycan vətəndaşları dövlətin qayğısı hesabına Vətənə gətirilir, karantinə alınır. Bununla bərabər ölkədə önləyici tədbirlər görülür. İnsanların kütləvi olduğu iş yerləri, təhsil müəssisələri işinə ara verdi. İndi də Bakı və ətrafıyla ölkənin müxtəlif istiqamətləri arasında təcrid tətbiq edilir. Dövlət istər iş adamlarını, istərsə də gündəlik çörək pulu qazanan ən adi vətəndaşı düşünüb uyğun addımları atır. Yəni elə edilir ki, indiki mərhələdə Azərbaycan vətəndaşı tək qalmasın, arxasında gerçək bir dəstək görsün. Bütün bunlar ona görə edilir ki, vətəndaşımız bu qlobal bəladan ən az itki ilə çıxa bilsin…

Bütün bu icraatların müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Məhz onun iti zəkası sayəsində ölkəmiz koronavirusla mübarizədə nəticələri aradan qaldırmağa deyil, profilaktik tədbirlər görüb ümumiyyətlə fəsadların qarşısını almağa üstünlük verir. Belə bir yanaşma bu mərhələdən ən az zərərlə çıxacağımıza əminlik yaradır. Ona görə də Azərbaycan vətəndaşı Prezidentin bütün göstəriş və tapşırıqlarını xilas üçün əsas postulat kimi qəbul edir, ona uyğun davranır.

Hər kəs Prezidentin efirdə görünməsini, söz deməsini hər zamankından daha artıq gözləyir, arzu edir. O baxımdan İlham Əliyevin martınq 24-də Az.TV-yə verdiyi geniş müsahibə də tam yerinə düşdü. Prezident növbəti dəfə danışdı və vətəndaşı bir daha əmin etdi ki, vəzifəsindən, maddi durumundan və sosial statusundan asılı olmayaraq hər bir Azərbaycan insanı sonadək dövlətin himayəsində olacaq.

Prezident ölkənin maddi-maliyyə vəsaitləri, pandemiyanın vura biləcəyi zərəri minimuma endirmək üçün atılan addımlar, önləyici tədbirlərə üstünlük verilməsini bir daha dilə gətirdi. Onun belə əmin və aydın ismarıcları təbii ki, Azərbaycan vətəndaşının indiki anda ən çox eşitmək istədiyi sözlər idi.

Azərbaycan Prezidenti bu müsahibəsilə bir daha göstərdi ki, sözdə deyil, əməldə hər bir Azərbaycanlının qayğısına qalır. O, istər xaricdə, istərsə də daxildə olan hər bir insanımızı düşünür, onların sağlamlığının zərər görməməsi üçün gərəkli addımlar atır. Nəticə də odur ki, Azərbaycan bölgədə virusa ən az yoluxanların olduğu ölkələrin önündə gedir. Əlbəttə, sabah nə olacağını proqnozlaşdırmaq çətindir. Lakin Prezidentin davamlı olaraq xalqın qarşısına çıxması, ən üst səviyyədən xalqı bilgiləndirməsi ən azından ümidlərin güclənməsi, insanların psixoloji olaraq özlərini rahat hiss etməsi baxımından olduqca vacibdir. Bu isə virusla mübarizədə çox önəmli faktordur. Çünki virusun özünün fəsadları bir yana, insanların pozulmuş psixologiyası da əlavə fəsadlara səbəb ola bilər ki, idiki halda buna əsla yol vermək olmaz. O baxımdan Prezidentin Az.TV-yə müsahibəsi vaxtında verilmiş icmarıcdır, insanların ciddi ehtiyac duyduğu əvəzedilməz mənəvi dəstəkdir.