14 mart 2019 11:16
202

Vətəndaşın Prezidentinə ürək sözü: Biz Sizinlə qürur duyuruq, çox sağ olun, var olun!

Prezident kimi ilk dəfə and içəndə “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyən cənab İlham Əliyev  ölkənin inkişaf konsepsiyasından söz açarkən ilk növbədə insan amilinə diqqət göstəriləcəyini bəyan etmişdi .

Bu vədin reallığı müasir Azərbaycandır. Aparılan islahatlar nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir, iqtisadi islahatlar nəticəsində şəhərlə kənd arasındakı fərq aradan qaldırılır,  məşğulluq siyasətinin uğurlu həllində başlıca amil olan sahibkarlığın inkişafına dövlət dəstəyi artırılır, təbii resurslardan və əmək potensialından səmərəli istifadə edilir. Bu inkişafın mərkəzində isə insan amilinə diqqət dayanır.

“Mən Azərbaycan xalqı üçün yaxşı Prezident olacağam” vədinin arxasında duran cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi islahatlar  nəticəsində iqtisadi, maliyyə imkanları artan ölkəmizin müasir siması, qüdrəti, möhkəmlənən beynəlxalq nüfuzu  qibtə doğuracaq reallıqların alternativsizliyinin də təsdiqidir.

Ötən illərdə Balakən və Zaqatalada baş verən zəlzələlər zamanı vətəndaşlara dəyən ziyanın, Kür çayının daşması nəticəsində sahilyanı kəndlərdə yaranan problemlərin dövlətin öz gücü hesabına aradan qaldırılması dünyada alternativi olmayan təcrübədir. O zaman təbii fəlakətlərdən zərər çəkənlər üçün 3 mindən artıq yeni, daha müasir evlər tikildi, sosial obyektlər inşa olundu.

Şamaxıda, Ağsuda, İsmayıllıda baş verən zəlzələnin yaratdığı fəsadlarla yerindəcə tanış olub, insanlara lazımi kömək göstərilməsi üçün vətəndaş təkliflərini əks etdirən tövsiyələr verən Prezident İlham Əliyev bu günlərdə  zəlzələ bölgəsində aparılan işlərin gedişi ilə maraqlanmışdır.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Şamaxıya səfəri insan amilinə göstərilən diqqətin ifadəsi idi. Ötən ilin 11 aprelində keçirilən prezident seçkilərində dövlət başçımıza etimad və inamını həmrəylikləri ilə bildirən  insanlar görüşlərdə  ehtiramlarını bir daha çatdırdılar.

Dövlət başçımızın qeyd etdiyi kimi, hər yerdə zəlzələ, daşqın olur. Amma inkişaf etmiş ölkələrdə belə dövlət təbii fəlakətlərdən zərər çəkənlərə kömək etmir. Fəsadlar vətəndaşın ödədiyi sığortalara uyğun aradan qaldırılır. İnsan amilinə dövlət tərəfindən təmənnasız diqqət də  iqtisadi inkişafı ilə fərqlənən Azərbaycan təcrübəsinin nümunəsidir.

Zəlzələ baş verən bölgələrdə olarkən hər bir vətəndaşı dinləyən, qəzalı evlərdə yaranan vəziyyətlə tanış olan dövlət başçımız Şamaxıya növbəti səfəri  zamanı artıq tikilmiş yeni evlərin sakinləri ilə görüşdü.   

Dövlət başçımıza məlumat verildi ki, Şamaxıda 244 ev kəskin qəzalıdır. Onlardan 96-sı şəhərdə, 35-i qəsəbələrdə, 113-ü kəndlərdə yerləşir. Qısa müddətdə zəlzələdən daha çox yararsız hala düşmüş 6 fərdi ev inşa olunur. Bəziləri artıq istifadəyə verilib.

Sakinlərlə görüşlərində hamının istək və arzularının yerinə yetiriləcəyini bildirən dövlət başçımız tikintisi aparılan evlərin inşası ilə də maraqlandı. “Şamaxı, Ağsu, İsmayıllı rayonlarında minlərlə ev tikiləcək və yenidən bərpa ediləcək. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bizim sosial siyasətimiz güclü siyasətdir və zəlzələdən ziyan görmüş bütün evlər dövlət vəsaiti hesabına tikiləcək və bərpa ediləcək” söyləyən Prezident İlham Əliyevin xalq tərəfindən dəstəklənən siyasətinə vətəndaş mövqeyi sakinlərin, ağsaqqalların ürək sözlərində də ifadəsini tapdı:  “Mənim sözüm odur ki, sovet hökuməti 70 il çalışdı, şəhərlə kənd arasındakı fərqi aradan qaldırsın. Lakin bunu bacarmadı. Amma Prezident İlham Əliyev cənabları 15 il müddətində bu fərqi götürdü.”

İnsana diqqətin nümunəsi Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunan 4 saylı körpələr evi-uşaq bağçasının açılışı oldu. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”nın tətbiqi ilə respublikanın 60 şəhər və rayonunda, ümumilikdə, 13 min 625 yerlik 123 körpələr evi-uşaq bağçasının inşası nəzərdə tutulub ki, onlardan 80-i balaca sakinlərin istifadəsinə verilib. Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən 4 saylı bağça həmin proqram əsasında inşa olunan körpələr evlərindən biri idi.

Yeni ilin ilk günlərindən imzaladığı sərəncamları, fərmanları ilə ölkədə insan amilinə, əhalinin sosial müdafiəsinin daha etibarlı təminatına diqqətin artırıldığını əməli fəaliyyəti ilə bildirən cənab İlham Əliyevin zəlzələ bölgəsinə səfəri, vətəndaşlarla görüşü vədin reallığa çevrilməsinin ən bariz nümunəsidir.

11aprel 2018-ci ildə keçirilən prezident seçkilərindən dərhal sonra dövlət başçımızın imzaladığı ilk Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olmuşdur. Həmin Fərmana əsasən vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilir. Artıq bu prosesin icrasına başlanılmışdır. Təqribən 10 mindən artıq ailə dövlət tərəfindən  ayrılan bu vəsaiti almış və proses davam etdirilir. Bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına, onların ailələrinə göstərilən qayğı, sosial ədalət prinsipinin uğurudur.

Son günlərdə əmək haqqı və pensiyaların, tələbə təqaüdlərinin, məcburi köçkün və qaçqınlar, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların qeydiyyata alınması ilə bağlı  göstərişlərin verilməsi ölkə vətəndaşlarının sosial müdafiəsinin təminatı istiqamətində aparılan siyasətin ən bariz nümunəsidir. İllərdən bəridir ki, məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilərək, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil inşa edilmişdir və bu proses davam etdirilir. Qarşıdakı illərdə bu kateqoriyadan olan bütün vətəndaşlar evlərlə təmin olunacaqlar.

Məntiqi nəticə isə budur: Ölkə iqtisadiyyatının inkişafı sosial islahatların tətbiqini sürətləndirir, əhalinin həyat səviyyəsi yüksəlir. “Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir” söyləyən cənab İlham Əliyevin davam etdirdiyi islahatların analoqunun olmaması ölkəmizə beynəlxalq təşkilatların hesabatlarında verilən yüksək qiymət, respublikamızın adının yuxarı pillələrdə yer almasıdır.

Dövlət başçımızın sərəncamları əsasında 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə daha qüdrətli ölkəyə çevirmək, mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaqdır. Zamanın çağırışı da belədir ki, daha güclü, qüdrətli dövlət qurmaq üçün aparılan məqsədyönlü, tutumlu siyasət insan amilinə, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regional əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsinə xidmət etməlidir.

“Rossiya-24” telekanalına müsahibəsində Azərbaycanın inkişaf konsepsiyası və strategiyası ilə bağlı proqnozlardan söz açan cənab İlham Əliyevin “Mən əminəm ki, 2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək. Həyata keçirdiyimiz islahatların artıq xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək. Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq. Dövlət büdcəsi də artıq qəbul olunub. O, həmişəki kimi sosialyönümlüdür. Buna görə də bütün sosial proqramlar həyata keçiriləcək. Biz məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzil, Ermənistanla Azərbaycan arasında müharibə zamanı həlak olanların ailələri üçün 800-dən çox mənzil istifadəyə verməyi də nəzərdə tutmuşuq. Yəni bizim iqtisadiyyatımızın sosial yönümü çox əhəmiyyətli olacaq” sözləri  aparılan sosial islahatlarda əksini tapıb.

Bir sözlə, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən, bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirməyi bacaran, daim irəliyə addımlayan ölkə olduğunu son islahatları ilə də bəyan etdi.

Xuraman İsmayılqızı, “İki sahil”