29 sentyabr 2020 15:53
936

Vətəndaşlar Prezidentə yazırlar: Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatını qətiyyətlə dəstəkləyirik

Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. Bu, Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdiyi təbrik və təşəkkür məktublarından da aydın görünür.

“İki sahil” Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir:

İsmayıllı rayonunun müharibə, əmək və silahlı qüvvələr veteranları adından Əlaləm Babayev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhəboyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düşmənə layiqli cavab verilmişdir. Ordumuz gün ərzində uzun illər işğal altında olan yeddi kəndimizi və ən strateji yüksəklik olan Murovdağ silsiləsini mənfur düşməndən azad etmişdir. Bu qələbələr bizi çox sevindirir. Biz çox inanırıq ki, Sizin rəhbərliyinizlə şanlı ordumuz işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Çünki bizim işimiz haqq işidir”.

Bakı şəhərinin sakini Arif Əliyev: “Hörmətli cənab Prezident, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatını qətiyyətlə dəstəkləyirik. Ordumuzun uğurları hər bir azərbaycanlı kimi, bizə də sevinc və sonsuz qürur hissi yaşadır. Qarabağ bizim doğma dədə-baba torpağımızdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir. Azərbaycan vətəndaşları bir nəfər kimi Sizin, dövlətimizin, Ordumuzun yanındadır. Biz əminik ki, Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində layiqli zəfər çalacaq, Azərbaycan bayrağı əzəli torpağımız Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər. Bu haqq yolunda zəfər çalacağımıza inanırıq və bu yolda Sizə, ordumuza yeni uğurlar diləyirik”.

Bakı şəhərinin daha bir sakini Ağayar Məmmədov: “Hörmətli cənab Prezident, Sizin və çox hörmətli Mehriban xanımın Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğı bizim gələcəyə ümidimizi daha da artırır. Cənab Ali Baş Komandan, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ordumuza verdiyiniz tapşırıq nəticəsində Silahlı Qüvvələrimizin Ermənistan ordusunu darmadağın etməsi hər birimizdə tezliklə böyük qələbəyə qovuşacağımıza əminlik yaradıb. İnanırıq ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində az itki ilə qələbə qazanacağıq. Allah Sizi və ailənizi qorusun”.

Şirvan şəhərinin sakini Leyla İbadovanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, Ali Baş Komandan, mən bir vətəndaş, bir müəllim olaraq son zamanlarda baş verən hadisələrlə bağlı atdığınız addımları bəyəndiyimizi və Sizi dəstəklədiyimizi bildirirəm. Biz başa düşürük ki, Siz Azərbaycan xalqının 30 illik nisgilinə son qoymaq üçün, şəhidlərimizin məzarlarında rahat uyuması, torpaqlarımızın işğaldan azad olunması və gələcək nəsillərin xoşbəxtliyi üçün bu addımı atmış, ölkədə hərbi vəziyyət elan edərək əks-hücum əmrini vermisiniz. Şərəfli mübarizəmizdə sözsüz ki, şəhidlərimiz də olacaq. Ancaq biz bilirik ki, azadlıq bəxş edilmir, qan bahasına alınır. Odur ki, düşmənin amansızlığı, müharibənin dəhşəti Azərbaycan xalqını qorxuda bilməz. Keçən gün ordumuzun apardığı hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, kənd Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərinin azad olunması və Murov yüksəkliyinin ordumuzun nəzarəti altına keçməsi xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və nikbinlik yaradıb. İnanırıq ki, Sizin apardığınız düzgün siyasətiniz və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv ediləcək, torpaqlarımız bütünlüklə azad olunacaq, şəhid analarının yanan qəlbinə su səpiləcək. Cənab Ali Baş Komandan, əmin olun ki, bu çətin və şərəfli işdə Azərbaycan xalqı yekdilliklə Sizin yanınızdadır”.