16 mart 2020 17:44
566

Vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaq

Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir. Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Xüsusilə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırıldı, çox böyük sosial paket icra edildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir.

Bu fikirləri Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.

Dövlət başçısı qəbul zamanı deyib: “Bu il bu istiqamətdə növbəti addımlar atılır və atılacaq. Pensiyaların artırılması təmin edildi. Bu, bir daha onu göstərir ki, ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır”.