16 mart 2020 11:20
672

Vətəndaşların təhlükəsizliyi dövlətimiz üçün hər zaman ən vacib məsələlərdəndir

Deputat: Əhalinin sağlamlığının etibarlı qorunması hər zaman dövlətimizin başçısının diqqət mərkəzindədir

Dünyada tüğyan edən koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün hər zaman ən vacib, prioritet məsələlərdən olub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, məhz bunun üçün də koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarların verilməsi çox düzgün və vaxtında atılmış addımlardandır.

Ölkəmizdə koronavirus epidemiyasının yayılması ehtimalı o qədər də yüksək olmasa da, məsələ dövlətin, ölkə rəhbərinin diqqət mərkəzindədir. Xəstəliyin yayılmaması ilə bağlı ölkə ərazisində analoji mövqe nümayiş etdirilir, koronavirusla mübarizədə lazımi tədbirlərin daha sürətli görülməsi üçün bəlli miqdarda vəsait ayrılıb

Naqif Həmzəyev onu da vurğulayıb ki, xoş gündə olduğu kimi ən çətin anlarda ölkə vətəndaşlarının, xalqın yanında olan Prezident İlham Əliyev belə bir vəziyyətdə də Azərbaycanın bölgələrinə - Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz rayonlarına səfər edib, əhali ilə sıx təmasda oldu. Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanda koronovirus epidemiyası ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirdi. Bu bir daha göstərdi ki, ölkə vətəndaşlarının dərdi-səri, problemləri, əhalinin sağlamlığının etibarlı qorunması Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir.

Dövlət tərəfindən tətbiq olunan qaydalar onların təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlar olduğunu bilməli, qaydalara məsuliyyətlə yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdırlar. Dünyanı təşvişə salan koronavirusla bağlı məlumatlardan təşvişə düşmək deyil, təlaş keçirmədən özümüzün, ailə üzvlərimizin və yaxınlarımızın sağlamlığı üçün bu bəlanın, bu təhlükənin yayılmasına, daha dəhşətli fəsadlar törətməsinə qarşı hər kəs birləşməli, Nazirlər Kabineti yaradılmış operativ qərargahın tövsiyələrinə, məsələhətlərinə, qərarlarına əməl etməli, tabe olmalıdır.

“Belə bir vaxtda Kütləvi İnformasiya Vasitələrinin, sosial şəbəkə istifadəçilərinin, blogerlərin üzərinə böyük məsuliyyət düşür. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşları maarifləndirməli, narahatlığa səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər”, - Naqif Həmzəyev qeyd edib.