27 avqust 2020 17:48
5783

Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük, təvazökarlıq

Prezident İlham Əliyevin «Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir» sözləri məmurların  etik davranış qaydalarının əsasını təşkil etməlidir

Ölkəmizdə idarəetmə sistemində aparılan islahatlar,  bacarıqlı kadrlara daha məsuliyyətli  vəzifələrin etibar olunması dövlətin gənclər siyasətinin məntiqi davamıdır. «Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır» söyləyən Prezident İlham Əliyevin  bu siyasəti  xalqımız tərəfindən dəstəklənir.

Gənclərə ən məsuliyyətli vəzifələrin etibar edilməsi göstərir ki, siyasətimizin təməlində konkret işlər, real inkişaf, verilən sözə sadiqlik dayanır. Ölkəmizdə düşünülmüş şəkildə aparılan  siyasi- iqtisadi, sosial islahatların beynəlxalq standartlara uyğunlaşdırılmasında yüksək intellektə, müasir düşüncəyə malik  gənclərin təşəbbüslərinin və rolunun artması  dövlətimizin maraqlarına xidmət edir.  

Ötən ildən  etibarən   dövlət strukturlarında ən məsuliyyətli vəzifələrin, bir neçə rayona başçılığın  gənclərə etibar edilməsi  prosesi davam  edir. Biləsuvar və Saatlı rayonlarına təyin olunan icra hakimiyyəti  başçılarını videoformatda qəbul edib, tövsiyələrini bildirən  Prezident İlham Əliyevin başlıca tələbi insanlara diqqət və qayğının artırılması,  problemlərin həllində  yerli sakinlərin istəklərinin nəzərə alınması,  rayonun coğrafiyasına uyğun inkişaf proqramına düzgün əməl olunmasıdır. Yəni, ilk növbədə  rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud  nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır.

«Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik» fikirlərini  diqqətə çatdıran cənab İlham Əliyevin əsas tapşırığı Dövlət proqramlarında, investisiya layihələrində nəzərdə tutulan islahatların, layihələrin həllini sürətləndirməklə iş yerlərinin açılmasını təmin etmək, məşğulluq səviyyəsini yüksəltməkdir. Əsas odur ki, insanların rahatlığı naminə  bəlkə də diqqətdən yayınan ən kiçik məsələnin belə həllinə çalışmaqdır.

Ölkəmizdə  həyata keçirilən  Dövlət proqramlarının tətbiqi ilə  bölgələrin simasının  inanılmaz dərəcədə dəyişilməsi,  müasirləşməsi, yeni iş yerlərinin açılması həyata keçirilən  infrastruktur layihələrinin   icrası ilə mümkün olmuşdur. Bölgələrə səfərləri zamanı görülən işlərlə  yerindəcə maraqlanan Prezident İlham Əliyev daha çox yerli sakinlərlə təmasda olur, insanların arzularını  öyrənir, qarşıdakı illərdə bu təkliflərin reallaşması üçün  tapşırıq və tövsiyələrini verir. Adətən regionlarda yaşayan insanların problemləri  oxşar, bəzən isə eynidir:    Avtomobil yollarının çəkilməsi, fermer təsərrüfatlarında məhsuldarlığın artırılması üçün başlıca amili olan içməli və suvarma sularına ehtiyacın ödənilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq, korrupsiya hallarının aradan qaldırılması…

«Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq yenə də demək istəyirəm ki, quraqlıq böyük problemlər yaratmışdır. Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır» sözləri ilə  görüləcək işlərin  «konspektini» yeni icra başçılarının diqqətinə çatdıran dövlət başçımız onların fəaliyyət istiqamətlərini də  bildirir.

Bu günlərdə   ölkədə su təsərrufatı ilə  bağlı problemlərin həllinə yönəlmiş geniş iclasda  aparılan müzakirələr zamanı  irəli sürülən faydalı təkliflərin nəzərə alınması, deyilən iradların aradan qaldırılması üçün   rayonlara başçılıq edən  rəhbərlərin  üzərinə daha çox məsuliyyət düşür. Bu baxımdan hər bir icra başçısı  ilk növbədə  yerli əhalini maraqlandıran məsələləri özünün iş prinsipi kimi diqqətdə saxlamalı, mövcud nöqsanların aradan qaldırılması üçün qüvvələri səfərbər etmək bacarığına malik olmalıdır. Suvarma sistemində müasir texnologiyaların tətbiqi, fermerlərə yanaşmada ədalət prinsipinin qorunması, aqrotexniki qaydalardan düzgün istifadə, kənd təsərrüfatında daha yüksək məhsuldarlığa nail olmaq qarşıda duran başlıca vəzifədir.

«Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib» söyləyən Prezident İlham Əliyev sahibkarlığa göstərilən dəstəyi ölkəmizin ümumi inkişafı, dayanıqlığın qorunması ilə birbaşa bağlı olan məsələ kimi dəyərləndirir.

Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzülün daha böyük rəqəmlərlə ifadə olunmasına baxmayaraq Azərbaycanda qeyri-neft sektorunda az da olsa inkişafın hiss olunması dövlətin apardığı düzgün siyasətin nəticəsidir. Bu stabillik ondan irəli gəlir ki, Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır  və  dövlət, icra orqanları sahibkarlara dəstək göstərirlər.

Əvvəlki müşavirələrdə  sahibkarlara təsir və təzyiqin, əsassız yoxlamaların yolverilməz olduğunu diqqətə çatdıran, bəzi rayonlarda sahibkarların incidilməsini,  onların qarşısında süni əngəllərin   yaradılmasını, pay və rüşvət alınması kimi neqativ halları yolverilməz adlandıran dövlət başçımızın qəti tələbi budur ki,  iş adamlarına dövlət məmurları tərəfindən yalnız dəstək, kömək göstərilməli, sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait verilməməlidir.  Sahibkarlar isə öz sosial məsuliyyətini dərk edib, dövlətin vergisini  ödəməlidirlər. Müəyyənləşdirilən qaydalardan, qəbul olunan qanunlardan  kənar  əməllərə yol verən məmur da, sahibkar da məsuliyyət daşımalıdır. Heç bir maliyyə pozuntusuna, insanların mənəviyyatını korlayan, dövlətə  ziyan vuran kölgə iqtisadiyyatına yol verilməməlidir. Rayonların sosial- iqtisadi inkişafı üçün dövlət tərəfindən ayrılan vəsaitlər,  investisiya layihələrinin həllinə  yönələn  sərmayələr təyinatları istiqamətində sərf olunmalıdır.  Dövlət başçısının mühüm tövsiyələrindən biri də budur ki, investorlar maliyyə  vəsaitlərini xarici bazarlara deyil, ölkə daxilində   daha çox ehtiyac duyulan  sahələrə yönəltsinlər. Bu halda qazanan dövlət,  sahibkar,  iş yerləri ilə təmin olunan ölkə vətəndaşı olar. Sahibkarların ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən,  dövlətin onlara göstərdiyi dəstəkdən,  yaradılmış şəraitdən bəhrələnərək   xarici ölkələrə böyük həcmdə sərmayələr qoymaları xüsusilə pandemiya dövründə  məntiqsizlikdir. «Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki,  neftin qiymətinin kəskin  aşağı düşdüyü indiki  zamanda sahibkarın vəsaitini ölkə   iqtisadiyyatına yönəltməsi  onun vətəndaşlıq borcu, məsuliyyətidir.

Əsas tələblərdən biri də  budur ki,  qanunlara hər kəs əməl etməli, nöqsanlara yol verdikləri üçün həbs olunan icra başçılarının, məmurların aqibətindən  dərs almalıdır. Son aylarda ölkədə korrupsiya və rüşvətxorluğa qarşı davamlı mübarizənin aparılması, cinayətkarların məsuliyyətə cəlb olunması sübut edir ki,  Azərbaycanda qanunların qorunmasına dövlətin nəzarəti  sözdə yox, əməldə əksini tapır. Cəmiyyətdə narazılıq yaradan neqativ hallara qarşı  mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Xalqın da,  dövlətin də  məmurlardan tələb etdiyi ən ülvi keyfiyyət təvazökarlıq, özünü başqalarından üstün tutmamaq, xalqın sözünü səbrlə dinləmək,  başqalarına nümunə olmaqdır. «Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm» söyləyən Prezident İlham Əliyev bildirir ki, heç bir məmura   hansısa xüsusi imtiyaz verilməyib. Əlavə olaraq vurğulayır ki, rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır. Məişətdə də, işdə də nümunə olması, özünü təvazökar aparmasıdır.  Etimad göstərilən kadr hansısa məmura deyil, dövlətə, Vətənə xidmət etməlidir. Sədaqətli insanlar irəli çəkilməli, kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır:  Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük.

Xuraman İsmayılqızı, «İki sahil»