30 iyun 2020 16:04
255

Vətənə, xalqa sadiqlik nümunəsi

İllər gəlib keçir, zaman ötür.  Həyata yeni övladlar gəlir, nəsillər bir-birini əvəz edir. Bu insanların çoxunun  ömrü bir-birinə bənzəsə də, onların arasında  uşaqlıqdan qabiliyyəti, coşğun həvəsi, xalqına, torpağına  məhəbbəti ilə seçilən, fədakarlıq nümunəsi göstərən, şərəfli ömür yaşayanlar  vardır. Həmin  insanlardan biri  1941-1945-ci illər  Böyük Vətən müharibəsi cəbhələrində mərdliklə  döyüşən, qəhrəmanlıq, şücaət göstərərək iki dəfə ağır yaralanan, ömrünün  axırınadək bədənində qəlpə  dasıyan, müharibədən sonrakı illərdə Vətənə, xalqa  sədaqətlə xidmət edən, polkovnik rütbəsində  ehtiyata buraxılan  Nüsrət Zülfüqar oğlu Bağırovdur.

Faşizm üzərində  Qələbənin 75 illiyi münasibətilə Moskvada keçirilən hərbi paradda Azərbaycan  Ordusu 75 nəfər hərbi qulluqçusu ilə təmsil olundu. Azərbaycanın faşizm üzərində  tarixi Qələbəyə mühüm töhfələr verməsi  bir daha fəxrlə söyləndi. Bu əlamətdar günlərdə Böyük Qələbədə payı olanlardan biri  Nüsrət  Bağırovun   100 illiyi qeyd  edilir. Bu məqsdlə  fədakar insanın  həyatına  aid sənədlərə baxır, cəbhə və iş yoldaşlarının  xatirələrini, onun haqqında  qəzetlərdə  dərc olunmuş yazıları oxuyur,  məlumat kitabçalarını, topluları vərəqləyir,  ömrünün  unudulmaz illərinin  epizodlarını  yenidən yada salmaq istəyirəm.

..Nüsrət Bağırov  1920-ci il iyul ayının 1-də  keçmiş Qaryagin (Füzuli rayonu)  şəhərində anadan olub. 9 yaşında ikən atası Züfüqarı itirib. Başsız qalmış ailə böyük qardaşı Əhəd  Bağırzadənin himayəsi ilə  yaşayıb.O, Bakıda yaşadığından qardaşı ailəsini də  bu şəhərə  köçürüb. Nüsrət Bağırov  Bakıdakı 2 saylı orta məktəbdə  oxuyub. Bu məktəbi bitirərək 1939-cu ildə  uğurla imtahan  verib, Azərbaycan Dövlət Universitetinin  tarix fakültəsinə  qəbul olunub. Yaxşı oxuyub,  universitetin ictimai işlərində  fəal iştirak edib. Komsomol komitəsinin katibi olmaqla  bərabər, gözəl idmançı kimi tanınıb... 

...İdmana lap uşaqlıqdan  maraq göstərib, futbolla  ciddi məşğul  olmağa başlayıb.16 yaşında Bakının “Dinamo” futbol komandasının qapıçısı, sonralar  Respublika “Dinamo” İdman Cəmiyyətinin  rəhbəri olub...

Nüsrət Bağırovun  71 illik ömür yolu heç də asan, maneəsiz ötüb keçməyib. Bu ömür yolunda kəskin kəsişmələr, əzab-əziyyətlər, ağır, qanlı-qadalı döyüşlər,  1418 günlük  odlu-alovlu müharibə salnaməsi  də yaşanıb.

...Universitetin  üçüncü kursunda oxuyarkən 1941-ci ilin may ayında  hərbi komisarlıqdan  çağırış vərəqəsi alan  Nüsrət Bağırov Qərb Xüsusi Hərbi Dairəsinə göndərilib. Təzəcə  əsgərlik həyatına başlamış  Nüsrət  45 gündən sonra isə müharibənin  başlanması,  o faciəli   xəbəri orada eşidib. Növbəti bir neçə ayı  tank məktəbində oxuyan gənc əsgər həmin günlərdə  bir-birinin  ardınca   rəhbərliyə  göndərdiyi raportlarda   xahiş edib ki, onu döyüşən orduya göndərsinlər... Axır ki, öz istəyinə nail olub...

Nüsrət Bağırovun   döyüş yolu Smolenskdən  çox da uzaq olmayan Dubno kəndi yaxınlığından başlanıb. Bura müharibənin  ən qaynar nöqtəsi idi. Komsomol təşkilatı katibi   Nüsrət  Bağırovun daxil olduğu taborun tankçıları   məhz ilk dəfə  bu cəbhədə döyüşə qatılıb. Savaşın ən böhranlı  məqamında gənc leytenant Nüsrət Bağırov bacarıqla manevr edərək tankları meşə massivinə doğru aparıb və düşmənin arxasına keçə bilib. Bu cəsarətli və qəfil həmlədən  hitlerçilər  vahiməyə düşərək özlərini itiriblər. Bir qədər sonra taborun iki tankı özünü N.Bağırovun köməyinə yetirəndə döyüşçülər samanlığın  ətrafında onlarla faşist meyidinin səpələndiyini görüblər. Qruplaşmağa macal tapmayan faşistlər  əvvəlki mövqelərinə çəkilməyə  başlayıblar...

Məhz orada  Nüsrət Zülfüqar oğlu   ilk döyüş sınağından çıxıb,  bir tankçı kimi öz döyüş bacarığını  nümayiş etdirib. Kiçik siyasi rəhbər N. Bağırov  1942-ci ilin avqustunda Dubno, Savinski və Silenki  yaşayış məntəqələri  rayonundakı döyüşlərdə dəfələrlə iştirak edərək “T-34” tankı heyətində  hitlerçilərin  bir neçə tank vuran topunu və bir taqımadək  piyadasını məhv edib. Təkcə Smolensk uğrunda gedən vuruşmalarda onun ekipajı düşmənlə qeyri-bərabər,  təkbətək döyüşlərdə façistlərin 7 tankını, 11 tank əleyhinə topunu, yüzlərlə əsgər və zabitini məhv edib.

...Jizdra şəhərinin  şimalında gedən döyüşlər zamanı bölük komandirinin siyasi iş üzrə müavini N.Bağırov bölük komandiri həlak olandan sonra  komandirliyi   öz üzərinə götürüb. Onun cəsarəti və təşəbbüskarlığı sayəsində döyüş tapşırığı yerinə  yetirilib. Göstərdiyi  rəşadətə  və mərdliyə görə Nüsrət Bağırov “Qırmızı Ulduz” ordeni ilə təltif olunub.

...1941-ci ilin mayında 27-ci tank diviziyasının polk məktəbində  kursant olarkən onun bacarığı, siyasi sayıqlığı   rəhbərliyin  nəzərindən qaçmır və burada iki ay  oxuduqdan sonra  Qorki şəhərindəki  M.V. Frunze adına hərbi- siyasi məktəbə dəyişdirilir. Hərbi -siyasi məktəbdə  yarım il oxuyur və Qərb cəbhəsində 186-cı tank taborunun  komsomol bürosu katibi, 248-ci tank briqadasının komsomol işi üzrə siyasi şöbə rəisinin köməkçisi təyin olunur. 1943-cü ilin mayında isə  Moskva şəhərindəki  sovet ordusunun Bronetank və Mexanikləşdirlmiş Ordular  Akademiyasına  oxumağa göndərilir. Akademiyanı bitirdikdən sonra 270-ci tank  alayının  qərargah rəisinin köməkçisi  kimi müxtəlif cəbhələrdə onlarla döyüşdə iştirak edir. Saysız-hesabsız ağır döyüşlərin iştirakçısı  olur, dəfələrlə ölümlə üz-üzə qalır,  ağır yaralanıb, kantuziya alır,  öz tələbi və xahişi ilə   yenə döyüş yoldaşlarının  sırasına qayıdır.

Tankçı zabit döyüşlərdə iki dəfə yaralanıb, yandırılmış  tankın içindən  güclə çıxıbdır... Lakin fədakar  döyüşçü  müharibənin son döyüşlərinədək  cəbhədə olmaq istəyinə  yetə bilməyib. 1943-cü ilin payızında ağır yaralanıb  və müalicə olunduqdan sonra Bakıya qayıtmalı olub.

Nüsrət Bağırov fəal komsomolçu kimi həm qaynar, odlu müharibə   səngərlərində, həm də sonrakı dinc dönəmdə etimadı şərəflə doğruldub. Göstərdiyi  igidliyə, cəsurluğa,  mərdliyə və çəkdiyi  əziyyətlərə  görə 17 orden və medalla, döş nişanı və Fəxri fərmanlarla təltif edilib.

1944-cü ildən 1945-ci ilin aprelinədək  Zaqafqaziya Qoşunları Hərbi Dairəsinin  müdavimi olub. 1945-ci ilin aprelindən sarsılmaz mənəviyyat, Vətənə sədaqət, ideoloji cəhətdən dönməzlik, mətanət nümunəsi kimi  döyüşən ordu və hərbi komissarlığın böyük rəğbətini  qazanan Nüsrət Bağırov  İranın Marağa şəhərindəki  qarnizonun hərbi komendatı  təyin  edilib. Hərbi və siyasi hazırlığı,  yüksək intizamlılığı, özünə və tabeliyindəkilərə qarşı tələbkarlığı, işinə ciddi və məsuliyyətlə yanaşması, tapşırılan  işi namusla və vicdanla yerinə yetirməsi həmişə  ona böyük nüfuz qazandırıb.

Hitler Almaniyası üzərində Sovet ordusunun  həlledici  qələbəsindən  sonra bir müddət partiya işində çalışıb, sonra isə  daxili işlər orqanlarına göndərilib. Burada o, polkovnik rütbəsinədək yüksəlib.  20 ilə yaxın müddətdə Azərbaycan  DİN Avtomobil  müfəttişliyinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, 1968- cu ildən ömrünün sonunadək (1991) “Dinamo”  İdman Cəmiyyəti Respublika Şurası  sədrinin birinci müavini olaraq yüksək enerji ilə, həmişə cavan ruhla çalışıb. Polkovnik Nüsrət Bağırovun “Dinamo”ya başçılıq  etdiyi dövrdə Cəmiyyətin maddi-texniki bazası möhkəmlənib, idmanın müxtəlif növləri üzrə  ən yüksək nəticələr qazanılıb. Respublikada  idmanın inkişafına göstərdiyi qayğıya görə ona “Azərbaycanın əməkdar bədən tərbiyəçisi və idman xadimi”  fəxri adı verilib.

Nüsrət Bağırov Azərbaycanımızın, xalqımızın  həyatının və idman sahəsinin şərəfini qoruyub. DİN  sistemi üçün  saysız-hesabsız kadrların, adlı-sanlı idmançıların yetişməsində əvəzsis xidmətlər göstərib. İşdən, fəaliyyət göstərməkdən  yorulmayıb. Vətənə ləyaqətlə xidmətdən sonsuz güc, ilham, böyük zövq alıb. Son dərəcə işgüzar olan Nüsrət Bağırov düzgün, ciddi, obyektiv, haqqı nahaqqa verməyən  bir şəxsiyyət, gəncləri böyük məhbbətlə sevən, onlara doğru yol gostərən rəhbər, güclü iradəsi olan insan kimi yaşayıb və yaddaşlarda qalıb.

Nüsrət Bağırov  ürəyində sonsuz qayğı və mərhəmət daşıyan, bu şəfqəti ovladlarına sevgi ilə  ötürən fədəkar ata olub. Uzun illərdən bəri bədənində  gəzdirdiyi qəlpə son vaxtlar ona  çox əziyyət verirdi, hələ bu azmış kimi, ayağının birini də kəsmişdilər. Həyat yoldaşı Suğra xanımı da çox tez itirmiş, dörd övladını özü boya-başa çatdırmışdı. Xoşbəxtlikdən  övladlarının  hamısı xaraktercə atalarına çəkmişdi... Onların  bütün arzu və istəklərinin  həyata keçməsi üçün çox əziyyətlərə qatlaşmışdı...

Nüsrət Bağırovun oğlanları və qızı Vətənə ləyaqətlə xidmət edirlər. Böyük oğlu Azər elmi əməkdaşdır, tarix elmləri namizədidir, Cahangir   Dövlət Təhlükəsizliyi Xidmətinin təqaüddə olan polkovnikidir, qızı Durnisə Bakıdakı  2 saylı musiqi məktəbinin müəllimidir,  kiçik oğlu Faiq Bağırov diplomatdır, Azərbaycan Respublikası Xarici İşlər  Nazirliyinin Konsulluq İdarəsinin rəisidir.

Onun həyat ,  kişilik, mərdlik və Vətən eşqi məktəbindən  dərs alan övladları bu gün Nüsrət Bağırovun, onun böyük nəslinin adına  layiq vətəndaşlar, elə arxa, dayaq ola biləcək  qüdrətli oğul və qız kimi yetişərək  atalarının Vətənə şərəflə xidmət yolunu  davam etdirirlər.

 Bu günlərdə Nüsrət Bağırovun  100 yaşı tamam olur. Böyük Vətən  müharibəsinin ilk günlərindən Böyük Qələbəyədək onun iştirakçısı olan bu böyük insanın  qohumları, yaxınları, dostları  onun ibrətamiz yolu haqqında  ürəkdolusu  danışırlar... Maraqlı, hadisələrlə zəngin,  müstəsna dərəcədə xoşbəxt bir ömrü, həyatı Vətənin şöhrətli oğlu çox ləyaqətlə yaşayıb. Mən isə Nüsrət müəllimin ömür kitabının səhifələrini vərəqləyib bitirirəm.

Afət Sadıqoğlu,

Əməkdar mədəniyyət işçisi