21 yanvar 2020 20:48
2358

Vətənimizin rifahı naminə əlimdən gələni əsirgəməyəcəyəm

Parlamentə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov yanvarın 18-də Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüş keçirib.

Görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, sədr müavini Əyyub Quliyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edib. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Partiyanın bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrildiyini qeyd edən natiq bildirib ki,  Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni Azərbaycan Partiyası ötən 28 il ərzində bir çox uğurlara imza atıb. O, Yeni Azərbaycan Partiyasının Sədri  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  titanik fəaliyyətinin, partiyanın inkişafının və qazandığı uğurların əsasını təşkil etdiyini bildirib. A.Fərzəliyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

Ceyhun Məmmədov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyətləri dövründə respublikada siyasi sabitlik təmin olunmuş, dövlətimizin müstəqilliyi möhkəmləndirilmiş, ölkə iqtisadiyyatı daha da inkişaf etmişdir. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradılmış, dərin islahatlar həyata keçirilmiş, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməli qoyulmuş, insan hüquq və azadlıqları təmin olunmuşdur. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir.

Ceyhun Məmmədov seçicilərə müraciətlə vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Deputat seçiləcəyi təqdirdə ölkənin daha da inkişafı və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak edəcəyini qeyd edən Ceyhun Məmmədov idarəetmə sahəsində islahatların daha da səmərəli olması üçün yeni qanunların qəbul edilməsinə çalışacağını bildirib. Ceyhun Məmmədov ölkəmizdə bütün sahələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, səhiyyənin daha əlçatan olması, təhsilin səviyyəsinin daha da yüksəldilməsi, gənclərdə elmə, biliyə marağın artırılması istiqamətində çalışacağını bildirib. O, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da yüksəldilməsi, onların mənzillə təmin olunması üçün addımlar atacağını, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün imkanlarını səfərbər edəcəyini, Qarabağ həqiqətlərinin dünyada daha geniş təbliğinə çalışaçağını vurğulayıb.

Deputatlığa namizəd Ceyhun Məmmədov, həmçinin  Azərbaycan Milli Ordusunun hərbi qüdrətinin və döyüş qabiliyyətinin daha da artırılması işində, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsində fəal olacağını qeyd edib.

Vəli İlyasov, “İki sahil”