13 may 2019 10:39
210

Vətənimizin savadlı və peşəkar gənclərə ehtiyacı var

“İki sahil”in “Parlaq gələcək təminatçıları” adlı layihəsinin növbəti qonağı Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin magistrantı Nurlan Salamovdur.

- Nurlan Salamov hansı uğurlara nail olub?

- 1996-cı ilin 8 fevralında Bakıda doğulmuşam. 21 yaşım tamam olarkən özüm üçün belə bir təqdimat seçmişdim: Jül Vernin doğulduğu, Hülakü xanın öldüyü, Avstriya-Macarıstanın yarandığı gündə doğulmuş insan. 2013-cü ildə Əliağa Vahid adına Masazır 1 saylı məktəbi əla qiymətlərlə bitirib, 571 balla Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinə dövlət sifarişi ilə qəbul oldum. 2017-ci ildə isə fakültəni ümumi orta müvəffəqiyyət göstəricimə əsasən, fakültə birincisi olaraq fəxri məzun kimi bitirdim. Həmin il də BDU-nun Beynəlxalq jurnalistika kafedrasına magistrant kimi daxil olundum. “Tələbədən Tələbəyə” onlayn media təlimləri layihəsinin üç buraxılışında idarə heyəti üzvü olub, redaktə və sosial media nəzəriyyəsi üzrə təlimçi olmuşam, bu, indi də davam edir. Həmin layihəyə cəlb etdiyi üçün layihə rəhbəri, dosent Könül Niftəliyevaya təşəkkür edirəm. 2016-cı ildə “İlin ən yaxşı tələbəsi”, 2017-ci ildə isə “İlin ən savadlı tələbəsi” fəxri adlarına layiq görülmüşəm. Fakültədə “Jurnalist” tələbə-tədris qəzetinin redaktoru olmuşam. BDU-nun, “Azercell” Barama İnnovasiya Mərkəzi və başqa qurumların müsabiqələrində yer tutmuşam. Universitetin nəzdində “10-cu tyutor hazırlığı kursu”nu fərqlənmə ilə başa vurmuşam. 2018-ci ildə isə Türkiyədə 15 iyul hərbi çevrilişi cəhdi və media münasibətlərindən bəhs edən “15 iyul və media” adlı kitabım çıxdı.

-Necə oldu ki, bu mövzuda kitab çıxarmaq qərarına gəldin?

- Kitabımın mövzusu əslində mənim bakalavr buraxılış işim olub və ilk elmi-tədqiqatımdır. Daha sonra onu genişləndirərək kitab halına gətirdik. 2018-ci ildə Beynəlxalq jurnalistika kafedrasının qərarı ilə nəşrə münasib görüldü. Əvvəlki ilin noyabrın 7-də isə kitabın Beynəlxalq Mətbuat Mərkəzində təqdimatını keçirdik. Təqdimat mənim gözlədiyimdən qat-qat sanballı oldu. Onun baş tutmasında əməyi olanlara və iştirak edənlərə də bir daha təşəkkür edirəm. Qeyd edim ki, qəzetinizin Baş redaktoru, dosent Vüqar Rəhimzadə də tədbirdə iştirak edib, xoş sözlərdən ibarət çıxış etmişdi. Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri, məni hər zaman çox xoş qarşılayıb və elə də yola salan dəyərli Hamit Karadeniz, Yunus Emre İnstitutunun Bakı direktoru, dosent Cihan Özdemir, Türkiyənin “TRT” kanalının Bakı ofisi, “ARB” televiziyası təqdimatda iştirak etdilər, dəstəklərini göstərdilər. Qeyd edim ki, mən kitabın heç bir nüsxəsini satmadım, amma heyif ki, sayı məhdud olduğuna görə də hər kəsə çatdıra bilmədim. Buna görə də Azərbaycan Milli Kitabxanasına kitabdan bir nüsxə vermişəm və elektron versiyası saytda hər kəsə açıq istifadədədir, kim istəsə, rahatca oxuya və istifadə edə bilər. Çünki bu işin kökündə faydalı iş görmək dururdu, nəsə qazanmaq yox.

- Niyə məhz jurnalistika ixtisasını seçdin?

- İxtisasımı özüm seçmişəm. Seçimdə ilk üç yerin üçünə də jurnalistika yazmışdım. Düzünü deyim ki, əvvəllər bu barədə heç düşünməmişdim. Fikrimcə, jurnalist təkcə bir ixtisas üzrə getmir, o, universal biliklərə malik olmaqla bütün elmlərdən anlamalı, hər birini araşdırmalı, hər birindən özü üçün qazanc əldə etməlidir. Jurnalistikanı mənə sevdirən və seçdirən də bu komplekslilik oldu. Bir aylıq pedaqoji fəaliyyət, ondan əlavə ara-sıra dərslərə girməyim, təlimlər, adicə dostlarımla söhbət belə bu gün mənim üçün elə pedaqoji fəaliyyətdir və bu o deməkdir ki, mən ən sevdiyim işdən də uzaq düşməmişəm.

-Gənc jurnalist kimi müasir Azərbaycan mediası haqqında fikirlərin necədir?

- Azərbaycan mediası zəngindir, amma bu zənginliyin özü də bəzən ziyan verir. Çünki boş-boşuna kağız israfı aparan mətbu orqanları, bəlkə də yüzlərlədir. Bir də ixtisaslaşma tam yoxdur, qəzetlər hamısı eyni mövzu barədə, eyni şeyi fərqli tərzdə yazırlar. Onların arasında öz dəst-xətti ilə, sırf maarifləndirici mövzulara daha çox yer ayırdığına görə “Kaspi” qəzetini çox bəyənirəm. Bu yaxınlarda qəzet tarixi şəxsiyyətlər barəsindəki xüsusi buraxılışlarının yazılarından ibarət böyük bir kitab da nəşr elədi. Həmçinin “Şərq”, “Ədalət”, “525-ci qəzet”, elə “İki sahil”in özü də bugünkü medianın mətbu orqanları arasında öz fərqli yerlərini tutublar. Müasir jurnal maarifçiliyində “Füyuzat” və “İşıq”ın adını qeyd etmək mütləqdir. “Ulduz” jurnalının fəaliyyətini də bəyənirəm.

-Nurlan, hazırda hansı işlərlə məşğulsan?

- “Füyuzat” və “İşıq” jurnallarının sosial media meneceriyəm. Amma bura qədər gəldiyim yoldakı təcrübələrim də çox olub və formalaşmağımda hamısına təşəkkür edirəm. Xüsusi qeyd etmək istəyirəm ki, bakalavrın birinci kursunda təcrübədə olduğum “Gənclərin səsi” radiosu əgər belə demək mümkündürsə, “Azər Nəzərov məktəbi” jurnalistika dünyagörüşümün formalaşmasında mühüm rol oynayıb. Bugünkü iş yerim isə mənim ən sevimli məkanımdır. Burada təkcə işim yox, həm də zövq aldığım elm, iş yoldaşlarım yox, böyük bir ailəm var deyə bilərəm.

-Sənin üçün Vətən sevgisi hansı məna daşıyır?

- Vətən sevgisi anlayışı çoxşaxəlidir. Vətəni sevmək millətini sevməkdir, millətini sevmək insanı sevməkdir, insanı sevmək isə bütün insanlığı sevməkdir. İnsanın vətəni onun aid olduğu bəşəriyyətidir və onu sevmək, onun gələcəyi üçün nəsə etmək anlamını ifadə edir. Vətənpərvərlik hər yerdədir. Vətəninizin nümayəndələri üçün xeyirli bir iş görür, onların maariflənməsində iştirak edirsinizsə, bu Vətənə ən böyük xidmətdir. Çünki gələcək üçün çalışmaq lazımdır. Elə bunu layihənizin adında da görmək olar. Vətənpərvər insan olmaq çətin deyil. Vətənimizin uğurlu, savadlı, peşəkar gənclərə ehtiyacı var. Həmin məsuliyyəti yerinə yetirmək vətənpərvərlikdir.

-Bir gənc kimi dövlətin gənclər üçün daha hansı imkanlar yaratmasını istərdin?

-Dövlətimizin gənclər siyasətinin uğurlu siyahısına Gənclər Fondunun yaradılmasını, gənclər arasında vaxtaşırı keçirilən qrant müsabiqələrini, gənc alimlərlə bağlı ardıcıl reallaşdırılan bir sıra məsələləri daxil etmək olar. Məsələn, bu yaxınlarda tələbə təqaüdləri artırıldı. Həmçinin digər tədbirlər- ictimai aksiyalar, könüllülük fəaliyyətləri də buna misaldır. Bu tədbirlərin sayəsində gənclər nazirliklər, bir sıra şirkətlərdə təcrübə keçirlər və onların gələcək karyeralarında həmin təcrübə böyük rol oynayır. Amma məncə, görüləcək işlər, daha çoxdur.

-Gənclərimizin mütaliədən daha çox onlayn sferaya meyil etməsinə münasibətin necədir?

- Kitab elə bir şeydir ki, o sizdən heç vaxt nəsə almır, həmişə sizə nəsə verir. Lakin kitab oxumağın özü də xüsusi bacarıq tələb edir. Kitabı yalnız mövzusuna görə yox, hərtərəfli oxumaq lazımdır. Onun dil-üslub xüsusiyyətləri, korrektə və redaktə səviyyəsi, məntiqiliyi, anlaşıqlılığı, dizaynı və s. kitab oxumağı sevən biri üçün kompleks şəkildə önəmli olmalıdır. Fikrimcə, sosial media çox ciddi bir məsələdir, o qədər ciddidir ki, onunla bağlı dissertasiyalar yazılır. Şəxsən mənim öz magistr dissertasiyam da məhz bu mövzuya həsr olunub. Yeni bir zaman yetişib, alimlər bunu “screening” adlandırırlar, yəni “bax, keç” dövrüdür. Auditoriyanın psixoloji siması dəyişir və sosial mediadakı “bax, keç”ə öyrəşdikcə adamın geniş yazıları uzun nələrsə oxumağa səbri çatmır. Lakin bu da zamanla formalaşacaq, gənclər həm “screening”ə, həm də qalın kitabları oxumağa diqqət ayıra biləcəklər.

-Gənclərimiz parlaq gələcəklərini təmin etmək üçün hansı məqamlara xüsusi diqqət yetirməlidirlər?

- Finlandiyada belə bir deyim var: bizə güclü ayaqlar yox, güclü başlar lazımdır. Yəni gənclərimiz öz gücünü ayaqlarına yox, başlarına verməlidirlər. İstedadlı, savadlı, dünyagörüşlü, öz üzərində çalışan gənclərimiz çoxdur. Bir ay müddətində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində elmi-pedaqoji təcrübədə oldum və 7 fənn üzrə auditoriyalara girdim. Gördüm ki, kənardan heç nə ilə maraqlanmayan kimi görünən tələbə gənclərdə belə böyük potensial yatır, sadəcə onu üzə çıxarmaq lazımdır. Bu gün bütün bu problemlərin öhdəsindən tək gəlmək çətindir, ona görə də bəzən gənclərimiz bunun mahiyyətinə varmadan asan yolu seçməyə çalışırlar, amma çətin yol ağır olsa da gözəldir. Elmi yük kimi yox, yaşam tərzi, zövq kimi gördüyünüz zaman onu sevə bilərsiniz. Fyodor Dostoyevski “Yer altından qeydlər”ində yazır ki, oxumaqdan başqa gedəcək yerim, məşğul olacaq işim yox idi, çünki ətrafımda sayğıya layiq, məni cəzb edən başqa nəsə tapmırdım. Mənim elmə sevgim də belə yaranıb. Elmlə öhdəlik üçün yox, hüzur tapmağa görə məşğul oluram. Ən vacib məqamlardan biri isə xarici dil bilməkdir. Fikrimcə, bu, elə bir bilgidir ki, axır-əvvəl ondan istifadə edirsən, sənə lazım olur. Xarici dil vəsiqə kimidir, harasa gedərkən göstərib keçirsən. Ona görə də fərqli dil bilmək, anlamaq yaxşıdır. Xüsusən jurnalist üçün bu, önəmlidir. Əvvəlki iş yerimdə məhz beynəlxalq xəbərlər müxbiri kimi çalışmışam və xarici xəbərləri dilimizə çevirmək, həmçinin müsahibələr almaq üçün xarici dilin önəminin fərqinə varmışam. Qeyd edim ki, bu ilin yanvarında türk dili üzrə imtahan vermişəm və “C2 dərəcəli” beynəlxalq sertifikat qazanmışam. Ən azından xarici dildə olan materialları orijinaldan oxuya bilmək üçün xarici dil mütləqdir.

Yaqut Ağaşahqızı, “İki sahil”