KÖŞƏ

Qvami Məhəbbətoğlu

Vəzifəyə təmiz, bilikli və Vətənə bağlı kadrlar gətirilərsə...

07 may 2020 10:00
3192

Hazırda ölkəmiz iqtisadi inkişafının yüksək mərhələsinə qədəm qoyub. Bu da yeni düşüncəli, müasir dünyanın iqtisadi inkişaf meyillərini qiymətləndirə bilən daha savadlı kadrlara xüsusi ehtiyacı zərurətə çevirib. Buna görə də digər islahatlarla yanaşı, kadr islahatı da respbulikamızda həyata keçirilən yeniləşmənin tərkib hissəsini təşkil edir. Bu da öz nəticəsini verməkdədir. Təkcə bir faktı qeyd edək ki, şəffaflıq, dürüstlük və islahatlar nəticəsində keçən il büdcə daxilolmalarnın həcmi proqnozdan əlavə bir milyard manat artmışdır. Bu artım öz növbəsində ölkəmizdə bir sıra sosial layihələrin icrasına şərait yaratmışdır.

Prezident İlham Əliyev bu il mayın 1-də Azərbaycan Respublikasının yeni Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən islahatların davam etdirilməsinin vacibliyini bir daha vurğulamışdır. “Bu, zəmanənin tələbidir” deyən dövlət başçısı bildirmişdir ki, yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Prezident İlham Əliyev, həmçinin vurğulamışdır ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. Bu mənada ölkəmizdə kadr islahatları dönməz xarakter alıb. Demək olar ki, hər gün dövlət başçısı İlham Əliyevin yeni kadr dəyişikliyi etdiyi barədə məlumalar alırıq.

Dövlət başçısı prokurorluq orqanlarında uzun müddət fəaliyyət göstərən baş prokuror Kamran Əliyevə hüquq mühafizə orqanlarında da kadr islahatlarının davam etdirilməsinin və qanunun aliliyinin təmin edilməsinin vacibliyini bildirmişdir: “Bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar.” Prezident bir məqamı da xüsusi vurğulayaraq qeyd etmişdir ki, bu vacib amillə yanaşı, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən yüksəkdə dayanmalıdır. Bir sözlə, bu gün onlar dövlətin ən dəyərli sərvəti olan vətəndaşın maddi və mənəvi rifahının yüksəldilməsinə çalışmalıdırlar. Müşahidələr də göstərir ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, orada dərhal dəyişikliklər özünü göstərir. Elə büdcə daxilolmalarının həcmindəki artımlarda da bir sıra vəzifələrə irəli çəkilmiş yeni kadrların əməyi olmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, fəaliyyətə başladıqları gündən indiyədək yeni kadrlar haqqında neqativ fikirlər də səsləndirilməyib.

Buna rəğmən Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən təəssüflə qeyd etmişdir ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə, ümumi işimizə böyük ziyan vurur. Dövlət başçısının fikrincə, bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna da dayanır: “Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin.”. Dövlət başçısı bir daha hamının diqqətinə çatdırmışdır ki, heç kim qanundan üstün deyil və heç kimə onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları kömək edə bilməyəcəklər: “Qanun qarşısında hamı bərabərdir.”

Kadr islahatlarını davam etdirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Çünki onlar yaxşı dərk edirlər ki, islahatlar, o cümlədən kadr islahatları ölkəmizi gücləndirir və gələcək dayanıqlı inkişafımızı şərtləndirir. Heç uzağa getməyək. Azərbaycanın dünyanı sarsıdan koronavirus pandemiyasından az zərərlə çıxması, həmçinin ölkəmizdə kütləvi yoluxma hallarının qarşısının alınması bu günədək aparılan kadr, struktur, siyasi və iqtisadi islahatların nəticəsidir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?