KÖŞƏ

Vəli İlyasov

Vəzirov qəbir yerini Ermənistandan istəsin

15 mart 2019 10:22
2741

Xəyanətkar... Bu söz bizə Səhl ibn-Sumbatı, Keçəl Həmzəni, Yalıncığı və qeyri bu tipli ikiayaqlı satqınları və xəyanətkarları xatırladır... Bu sırada bir nəfər də var - 1990-cı ilin yanvarında xalqımıza qarşı soyqırımının təşkilatçılarından biri olan Əbdürrəhman Vəzirov.

İyirmi doqquz ildən sonra bu günlərdə sosial şəbəkələrdə peyda olması, günahlarını, cinayətlərini etiraf etmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə “aydan arı, sudan duru olduğunu” sübut etməyə çalışması isə acı gülüşdən və təəssüfdən başqa heç nə doğurmur. Siyasətdən və məkrdən uzaq sadə Azərbaycan vətəndaşı belə bu adamın adını lənətlə xatırlayır. Dövlət başçısı postunu məşğul edən Əbdürrəhman Vəzirovun “kənddə hamam tikmək”, “qoz ağacı əkmək” kimi sarsaq planları hələ yaddaşlardan silinməyib. Bu, o zaman idi ki, erməni saqqallıları xarici ölkələrdən gətirilib Xankəndinə toplanır, Azərbaycan torpaqlarında cinayətlər törədir, torpaqlarımızı işğal etmək üçün müharibəyə hazırlaşırdılar.

Artıq soydaşlarımız  Qərbi Azərbaycandakı ata-baba yurdlarından zorla qovulmuşdular. Erməni quldurları onların illərlə qazandıqlarını əllərindən alıb naümid vəziyyətə salmışdılar. Dağlıq Qarabağ ərazisi şeytan yuvasına çevrilmişdi. Moskvanın ermənilərin mövqeyini müdafiə etməsi Azərbaycan xalqını hiddətləndirirdi. Xalq özünə ləyaqətlə rəhbərlik edəcək bir şəxsiyyətə möhtac idi. Ancaq Moskva Əbdürrəhman Vəzirovu seçmişdi, çünki Kremldə onun itaətkar qul kimi qulluqlarında duracağını bilirdilər. O da sədaqətli köpək kimi öz ağalarının əmrlərini yerinə yetirirdi.

Yaxşı yadımdadır, Tərtər rayonundakı “Qızıl bayraq” qəzetində müxbir işləyirdim, səhər saat 10 olardı, biz yaradıcı əməkdaşlar redaktor Təvəkkül Nəcəfovun kabinetində  qəzetin nömrəsini planlaşdırırdıq ki, telefon zəng çaldı. Təvəkkül müəllim dəstəyi qaldırıb o başdan gələn səsi eşidən kimi ayaqa qalxdı. Bir neçə dəqiqəlik söhbətdən sonra dəstəyi yerinə qoyub fikrə getdi. Hamımız intizarla onun nə deyəcəyini gözləyirdik. Nəhayət, o, başını narazı halda tərpədərək dedi ki, zəng edən  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovdur, xahiş edir ki, biz qaynar bölgədə yaşadığımız üçün gərək səbrli olaq, “panikaya” uymayaq, işimizi möhkəm tutaq, ona kömək edək.

Respublika rəhbərinin rayon qəzetinin redaktorundan kömək umması bizə qəribə gəldi. Ümumiyyətlə, Vəzirovun danışığında və hərəkətlərində rəhbərə yaraşmayan bir artistizm vardı. Ali Sovetin iclaslarında, görüşlərdə və digər tədbirlərdə MK-nın birinci katibinin düşük hərəkətləri və məntiqsiz fikirləri onu gözdən salmışdı. O, özünü gicbəsər kimi aparsa da,  heç də gicbəsər deyildi. Özünü o qədər qeyri-adi aparırdı ki, xalq arasında ona “bambılı” deyirdilər və bu söz onun özünə də çatmışdı. Bir iclasda demişdi ki, mənə “bambılı” deyirlər. Hətta rusca  “çto takoy bambılı”,- deyə soruşmuşdu.

Aydın görünürdü ki, Vəzirov Azərbaycana qarşı hücumlara mane olmaq istəmir və əksinə, hücumun genişlənməsinə və dərinləşməsinə şərait yaradır. Məsələn, Qərbi Azərbaycandan qovulan kütlələr ondan Dağlıq Qarabağda yerləşdirilmələrini tələb edəndə o, buna qarşı çıxdı. Halbuki 300 minə yaxın incidilmiş soydaşımız həmin ərazidə yerləşdirilsəydi, ermənilərin planları tamamilə pozula bilərdi. Ancaq Vəzirov sovet ordusunun köməyi ilə buna imkan vermədi. Əhalinin silahlandırılması, torpaqlarımızın müdafiəsinin təşkili üçün heç bir tədbir görmədi. Bircə dəfə də olsa ermənilərin yerində oturdulması barədə SSRİ rəhbərliyi qarşısında məsələ qaldırmadı, etirazını bildirmədi. Əksinə, torpaqlarımızın müdafiəsinə qalxanların üstünə düşüb onların ağzını yummağa çalışdı. Bununla da ermənilərə və onların havadarlarına sadiq olduğunu “izhar” etmiş oldu.

Əbdürrəhman Vəzirov öz xəyanətlərini nə qədər gizlətsə də başa düşülürdü və xalq arasında onu “Vəziryan” adlandırırdılar. Təsadüfi deyil ki, 20 Yanvar soyqırımı törədiləndən sonra xaricdəki havadarlarının yanına qaçdı və orada ona vəzifə verdilər. Uzun illər Azərbaycana gəlməyə cəsarət etməyən Vəzirov görünür, sonunun yaxınlaşdığını hiss edərək utanıb-qızarmadan günahsız olduğu barədə mesaj göndərir. Ancaq onun mesajları çoxdan ifşa olunmuş bəhanələrdən başqa bir şey deyil. Beləsinin ölüsü də torpağımızı murdarlayar. Yaxşı olar ki, o, qəbir yerini Ermənistandan istəsin, çünki ermənilərə canı-dildən qulluq göstərib. Qərbi Azərbaycandan deportasiya olunan 300 min nəfərə qədər soydaşımızın doğma yurdlarından çıxarılmasında və xalqımızın başına gətirilən digər müsibətlərdə birbaşa olmasa da, dolayısı ilə ermənilərlə bərabər onun da əli var. Azərbaycan xalqı ona nifrət etsə də, ermənilər ona öz doğma qardaşları kimi qucaq açarlar.

Qoy Əbdürrəhman Vəzirov eşitsin ki, bu torpaqda bircə nəfər də olsa onu görmək istəmir, minlərlə şəhidin, müharibə əlilinin  valideynləri onu daşqalaq etməyə hazırdır. Çünki o, özünə əbədi lənət qazanıb. Gələcək nəsillərimiz də onu yalnız sonsuz nifrət və lənətlə yad edəcəklər.